|
|
|
|
Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Çin Xalq Respublikasının nümayəndələri ilə görüş keçirilib.
Görüşü AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq Azərbaycan-Çin münasibətlərindən danışıb. İki ölkə arasında uzun tarixi əlaqələrin mövcud olduğunu bildirən akademik İsa Həbibbəyli xüsusilə müstəqillik illərində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə səfərindən sonra qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlandığını vurğulayan akademik İsa Həbibbəyli əsasən iqtisadi sahədə əməkdaşlıq quran ölkələrimizin mədəniyyət sferasında da əlaqələrinin genişləndiyini bildirib. İnstitut rəhbəri başçılıq etdiyi elmi-tədqiqat müəssisəsi barədə qonaqlara ətraflı məlumat verib. Müştərək elmi-ədəbi münasibətlərin əhatəsinin genişlənməsi məqsədilə yaradılan Mədəniyyət Mərkəzinin əməkdaşlığa böyük töhfə verəcəyəni nəzərə çatdıraraq xüsusilə ədəbiyyat sahəsində yaranacaq əməkdaşlığı yüksək dəyərləndirən akademik İsa Həbibbəyli Azərbaycan və Çin ədəbiyyatının təbliği məqsədilə geniş tərcümə şəbəkəsinin yaradılmasını, bu istiqamətdə qarşılıqlı elmi və ədəbi nəşrlərin çapının əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universitetiyanında Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli çıxış edərək Konfutsi İnstitutunun tarixindən və beynəlxalq əlaqələrindən danışıb. İnstitutun Çin tərəfdən direktoru Hu Fenhua öz çıxışında iki ölkə arasında elmi-ədəbi əməkdaşlığın inkişafı naminə yaradılan əlaqələrdən məmnunluq hissini ifadə edib, səmimi münasibətə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə BDU yanında Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi akademik İsa Həbibbəyli, Hu Fenhua və Oqtay Cəlilbəyli imzalayıblar.
Müqavilədə Azərbaycanda Çin və Çində Azərbaycan mədəniyyətinin və ilk növbədə, ədəbiyyatının təbliğ edilməsi, Nizami adına Ədəbiyyat İnstitutu ilə Çin ali təhsil və tədqiqat müəssisələri arasında birgə elmi konfransların, videokonfransların, seminarların, nümayəndə heyətlərinin görüşlərinin təşkili, Azərbaycan və Çin ədəbiyyatları üzrə müqayisəli tədqiqatların, ədəbi əlaqələrə dair araşdırmaların aparılması, elmi nəşrlərin mübadiləsinin təşkili və s. məsələlər öz əksini tapıb.
Sonra AMEA-nın Əsas binasında hər iki institut tərəfindən birgə yaradılmış Çin Mədəniyyət Mərkəzinin açılışı olub. Açılış mərasimində akademik İsa Həbibbəyli, dosent Hu Fenhua, professor Rafiq Abbasov, filologiya elmləri doktoru Gülər Abdullabəyova və başqaları çıxış ediblər. Mədəniyyət Mərkəzinə Çin ədəbiyyatından bəhs edən kitablar hədiyyə olunub.
Görüşdə Konfutsi İnstitutunun nümayəndələri ilə yanaşı ÇXR-in Azərbaycandakı səfirliyinin əməkdaşları, Ədəbiyyat İnstitutunun rəhbərliyi, televiziya və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.