|
|
|
|

Cənubi Afrikanın Qautenq əyalətində ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ibtidai və orta məktəb şagirdlərini daşıyan məktəb avtobusu yük maşını ilə toqquşub. Qəza səhər saat 7:00 radələrində Yohannesburqun cənub-qərbindəki Vanderbijlparkda baş verib.
Şagirdləri özəl məktəbə aparan məktəb avtobusu digər avtomobilləri ötməyə cəhd edərkən qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Qəza zamanı 11 şagirdin hadisə yerində öldüyü müəyyən edilib. Digər 3 şagird isə xəstəxanada dünyasını dəyişib. Daha 3 tələbənin isə müalicəsi davam edir.
Polis qəza nəticəsində hər iki sürücünün xəsarət aldığını bildirib.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov



