Ayılmışdı. Ayıldığı üçün də özünü danlayırdı. Hər bazar gününü səbirsizliklə gözləyirdi ki, günortaya kimi yatsın. Di gəl, hər bazar zəngli saat kimi qalxırdı.
Bayırda külək qarışıq yağışlı bir hava vardı: lap yatmalı havadı. Yüngül yorğana bərk-bərk büründü, gözlərini yumdu, yenə yata bilmədi, saymağa başladı, yenə yuxuya getmədi.
Qardaşı evdə yox idi. Dünəndən dostları ilə İsmayıllıya getmişdi. İkisi də BDU-da oxuyurdu. Qız son kursda idi. Qardaşı hələ ikinci kursda idi.
Könülsüz yerindən qalxdı. Elə pijamadaca evi dolaşırdı. Səkkinci mikrorayonda üçüncü mərtəbədə ikiotaqlı evdə qalırdılar. Evi sahmana saldı. Televizoru açdı, səsini aldı. Telefonunu götürüb bir musiqi qoydu. Musiqi onun həyatının bir parçası idi. Xoşu gəlirdi musiqiyə qulaq asa-asa iş görsün, paltar ütüləsin, ev yığışdırsın, hətta yazı yazanda da musiqi, melodiya səslənməli idi.
Yeddi yaşı olanda onu musiqi məktəbinə qoydular. Piano dərslərinə gedirdi. Evdə piano vardı deyə bərk həvəslənmişdi.
Sonra yaşadıqları rayonu ermənilər top atəşinə tutdular və onlar bir müddət evdən uzaq düşdülər. Sonra da həvəsi olmadı. Evdə darısqallıq yaratdığından pianonu da satdılar.
Mətbəxə keçdi, çaydanı qazın üstünə qoydu. Pəncərənin qarşısına keçdi ki, görsün hava necədi və necə geyinib çıxsın. Bu gün kitabxanaya getməli, kurs işini işləməli idi. Həmişə Səadət sarayı ilə üzbəüzdə yerləşən kitabxanaya gedərdi. Bura sakit yer idi. Kitabxana, oxu zalı qırmızı xalılarla örtülü idi. Qızın xoşuna gəlirdi, qırmızı xalının üstü ilə yeriməkdən: özünü Hollivud ulduzları kimi hiss edirdi. İstədiyi kitabları, köhnə qəzet və jurnalları istəyir, sonra oturub rahatca işləyirdi.
Bayırda əsl payız havası vardı. Pəncərəni buğ tutmuşdu. Barmağı ilə buğ tutmuş şüşəyə iki göz çəkdi. İri, badamı gözlər. Adəti idi, buğ görmüş şüşə görəndə göz çəkərdi.
Qırmızı xallı fincandaca özünə çay dəmlədi. Yenə pəncərəyə yanaşdı. Çəkdiyi gözlərə baxa-baxa çayı qurtumlayırdı. Gözlərlə xeyli "baxışdılar". Birdən gözlər "ağlamağa başladı, üzüaşağı nazik xətt olub axdı göz yaşları və "ağlamaqdan" selə-suya döndü şüşədəki gözlər. Təzəsini çəkmək istədi, alınmadı, çayın buğu, qızın nəfəsi, şüşədəki dumanı yox etmişdi. İndi küçəni aydın seçə bilirdi. Yüngül külək sanki yağışı qovalayır, havada tutmağa çalışır və tuta bilməyib ora-bura çırpınırdı.
Küçənin o üzündə dayanacaq vardı. Adamlar tələsir, özlərini dayanacağın talvarına çatdırmağa çalışırdılar. Avtobus gəlir, dayanacaqdakı adamların bir neçəsi "yoxa çıxır", yenidən yığışırdılar.
Qız elə bil bir payız tablosuna baxırdı - çərçivəli payız rəsminə...
Ümumiyyətlə, payızı sevirdi. Bakı həyatı, tələbə həyatı başlanır, universitet qaynayır. Həm də burada öz hakimiyyəti vardı; hər işi özü görür, qardaşına, onun geyim-geçiminə, evə vaxtında gəlməyinə, xərcliyinə nəzarət edirdi. Evdən də ona arxayın idilər, qohumları zarafatla ona "kişi qırığı"deyirdilər.
Evlərində divara vurulmuş iki payız tablosu vardı. Birində meşəyə payız gəlmişdi. Birində də meşədən keçən cığırda bir neçə adam görünürdü. İndi gördüyü mənzərə isə canlı bir tablo idi. Payız tablosu.
Pəncərədən aralana bilmirdi. Diqqətini bir qız cəlb elədi. Yolun bu üzündən o birisinə keçməyə çalışır, şütüyən maşınların səngiməsini gözləyirdi. Çətir gətirməmişdi. Bu zaman ağ rəngli, "Lexux" markalı maşın sürətlə keçdi və palçıqlı su qızın üst0-başını batırdı. Qız fincanı dodağından araladı, elə bil su onun üstünə sıçramışdı. Qız maçının ardınca əlini yellədir, nəsə deyirdi, bəlkə də söyürdü, bəlkə də qarğış tökürdü. Yanından ötənlər dönüb baxırdılar. Qız çantasından salfet çıxardı, üst-başını, çantasını silməyə başladı.
Qız pəncərədən baxır və ürəyindən keçirdi ki, kaş maşın geri qayıda, qızdan üzr istəyə. Elə bil qız rejissor idi və bu səhnəni lentə alırdı... Arzusu çin oldu. Maşın geri qayıtdı. Düz qızın yanında saxladı. Maşından çox da hündür olmayan bir oğlan düşdü. Polverin üstündən nazik şarf ilgəklənirdi. Hiss olunurdu ki, qızdan üzr istəyir. Qız ona hirslə baxdı, yenə üst-başını təmizlədi. "Rejissor" pəncərədən arzu edirdi ki, cibindən dəsmal çıxara və qıza verə. Sonra fikrindən vaz keçdi. Düşündü ki, belə oğlanlar ciblərinə dəsmal qoymur, qardaşından bilirdi. Oğlan boynundakı şarfı açıb qıza uzatdı. Pəncərədən "rejissor" az qaldı əl çala. Qız bir də oğlana baxdı, nəsə deyirdi. "Rejissor" düşündü ki, qız oğlana nə desin? Bəlkə desin ki, üzr istəmək hələ mədəni olmaq deyil, hələ bahalı maşın sürmək sənin bahalı oğlan olmağın heç deyil! Yox bəlkə desin ki, Avropadan maşın gətirdib sürməkdənsə, avropalı kimi maşın sürmək öyrənsə, daha yaxşı olardı. Yox, bu da lap qəzet cümlələri oldu. Axır ki, qız nəsə deyirdi. O, salfet parçalarını bürmələyib yaxınlıqdakı dördkünc zibil qutusuna atdı, oğlanın başı üstündən yola baxdı. Oğlan əlilə maşına işarə etdi, deyəsən, maşına dəvət edirdi. Qızın gözlədiyi avtobus gəldi və qız bir andaca orta qapıdan avtobusa mindi, oğlan dayanmışdı, avtobusun getməsini gözləyirdi. Oğlan şarfını yellədə-yellədə maşına əyləşdi və avtobusun dalınca sürdü.
Qız pəncərədə donub qalmışdı, sanki filmin belə bitməsini istəmirdi və hələ də küçəyə baxa-baxa və gülümsünə-gülümsünə "filmin" gerisini düşünürdü. Demək belə, oğlan avtobusu təqib edir, qızın hara getdiyini öyrənməyə çalışır və öyrənir, onunla tanış olmaq istəyir. Az keçmiş qız oğlanın israrlı iltifatından məmnun olur və aralarında bir sevda başlayır. Payız sevdası. Bəlkə elə bu qısametrajlı filmin adı "Payız sevdası" olsun.
Qız əllərini qoynunda çarpazlayıb məmnun-məmnun gülümsündü. Saata baxdı. Tələsik hazırlaşmağa başladı, kitabxana saat birdə açılırdı. Telefonda yenə musiqi tapdı. Flora oxuyurdu. Payız nəğməsi oxuyurdu.
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək.
Bahar həsrətiylə payız axşamı,
Yenə həzin-həzin titrədi ürək.
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı.
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı.
Flora oxuyurdu. Qız da onunla birgə oxuyurdu. Fikri hələ də küçədə qalmışdı. Tələsirdi, sanki küçədə eyni hadisə ilə qarşılaşacaqdı. Bəlkə onun da həyatında bir sevda başlayacaqdı. Elə bil onu küçədə bir sevda gözləyirdi. Payız sevdası...
Nigar BƏDƏLZADƏ,
Bərdə şəhəri R.N.Musayev adına orta məktəbin ədəbiyyat müəllimi