Teatr sənəti - Antik çağdan üzü bəri bəşərin mədəni-mənəvi həyatının həm güzgüsü, həm də gör -götür dünyası olub. Tamaşaçı zövqü daim dəyişən, inkişaf edən, sosial statuslarından asılı olmayaraq cəmiyyətin kiçik bir hissəsini təmsil edən fərdlərdən ibarətdir. Teatrşünasların dili ilə desək, adətən, üç cür tamaşaçı olur: tamaşaçı-fərd, tamaşaçı-kütlə, tamaşaçı-estet. Teatr səhnəsi ilə tamaşaçı arasında canlı ünsiyyət zamanı insan və dünya anlayışının bütün mövzularda məna qatları sərgilənir.
Bu mənada, respublikanın Əməkdar artisti Namis Şirməmmədovun rejissorluq məharətiylə səhnəyə qoyduğu "Vicdanın hökmü" dramı iyirmi beş il əvvəl cəmiyyətimizdə baş verən olaylara təkcə seyrçi gözüylə baxış deyildi. Tamaşada həm də günahlardan arınmaq, izləyicilərdə daxili saflaşma yaratmaq, milli yaddaşımızı cilalamaq və cəmiyyətə əsərin məzmunundan ibrət götürmək ismarıcı vardı. Sumqayıt Dövlət Musiqili Dram Teatrı "Vicdanın hökmü" ilə bir daha sübut etdi ki, sənət və sənətkarlıq varlıqdır, var olmaq deməkdir! R. Taqorun təbirincə, incəsənət-gerçək yaradıcının çağırışına yaradıcı qəlbinin hay verməsidir.
Əsərin baş qəhrəmanı Rəhim (aktyor Habil Xanlarov) yüksək amallarla yaşayan ziyalı olsa da, şərait onu bir çox həmyerlisi kimi Rusiya bazarlarında alver etməyə məhkum edib. Lakin o, sevdiyi kitabdan bir an da olsun əl çəkmir. Vətən, ana, övlad sevgisiylə yaşayan Rəhimə alver etdiyi Moskva bazarlarının birində reketlik edən Qara Fedya ləqəbli Firudin adli biri havadarlıq etmək, onu öz "qanadının altına almaq" istəyir. Aktyor Mətləb Səfərli Fedyanın nə əməl sahibi olduğunu çox gözəl, tutarlı və inandırıcı səviyyədə tamaşaçı gözü qarşısında canlandırır. Lakin Qara Fedyaya "nökərçilik" edən erməni Aşot (aktyor Dağlar Rüstəmov) daxilində "Böyük Ermənistan" arzusu ilə yaşayan maskalanmış yaltaqdı. Öz çirkin məqsədinə çatmaq üçün hətta bacısını Fedyaya peşkəş etməyə belə razıdır. Fedyanın arvadı Güllü isə (aktrisa Kifayət Burziyeva) Rəhimin sevgilisi olub.
Vətəndən söz düşəndə "axı mənə nə verib Vətən?" deyən Fedya ad günündə Aşotun bacısına sarılaraq rəqs edir. Aşot da Güllünü rəqsə dəvət etmək istəyir. Güllünün "murdar əlini mənə vurma" deyə etirazına məhəl qoymayan Aşotla əlbəyaxa olarkən Fedya sinəsini qabağa verir. Və təsadüfən Rəhimin bıçağı Aşotu müdafiə edən Fedyanın köksünə saplanır. Gülünün ərinin cansız nəşinə baxa-baxa "Bu da boş və mənasız keçən həyatın sonu" ifadəsi, Rəhimin peşmanlığı tamaşaçını həm də məntiqlə düşünməyə vadar edir. Bəlkə elə bu cür ölüm qəlbində Vətən sevgisi olmayan Fedya kimi adama İlahi cəza idi?!
Səhnə dəyişir...Rəhim təslim olmaq qərarına gələndə Bakıda 20 Yanvar faciəsi baş verir. Təslim olmaq, ya Vətən uğrunda savaşa qatılmaq seçimi qarşısında qalan Rəhim ikinci yolu seçir.
Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, bəstəkar və musiqi tərtibatçısı Anar Süleymanov tamaşaçılara həyəcanlı anlar yaşadan səhnə dekorasiyaları və musiqi lövhələri ön cəbhədə cərəyan edən hadisələrə işıq salır. Rəhim yaralıdır. Onun həyatını xilas edən həkim Aslan (aktyor Vaqif Səmədzadə) Fedyanın atasıdır. Ürək ağrısıyla "kaş mənim oğlum da Vətən uğrunda savaşda həlak olaydı" deyən ata oğlunun qatilinin kim olduğunu bilmir. Onunla birlikdə çalışan qızı - Rəhimi sevən tibb bacısı Aygün (aktrisa Vəfa Qurbanova) də qardaşının qatilinə aşiq olduğundan xəbərsizdi. O, Rəhimə vətənin cəsur bir əsgəri aşiqdir. Ata və qızı üçün gizli qalan sirri yalnız onlarla birlikdə hərbi xəstəxanada çalışan Fedyanın dul qalmış arvadı, Rəhimin keçmiş sevgilisi Güllü bilir. Güllü onu da yaxşı bilir ki, Rəhim öz vicdanının səsini eşidən insandır. Ayağından ağır yara almış Rəhim hər şeydən agah olanda yenidən döyüşə atılır... Və meşədə general olmaq arzusuyla yaşayan Aşota rast gəlir. Aşot rus zabitlərinə verdiyi rüşvətin sayəsində erməni quldurlarına başçılıq edir. Onun əsir aldığı qızı ( gənc aktrisa Şəhla Məmmədova) xilas edərkən Rəhim atışma zamanı ölümcül yaralanır.
Aktyorlar Siyavuş Mahmudov (Kamran), Rövşən Əsgərov (Sabir), Elmir Mehdiyev (Karo), Cavanşir Eyyubzadə (Akop) İlahə Səfərova və İradə Zeynalova özünəməxsus oyun tərzi nümayiş etdirdilər. Ən kiçik epizodik rol belə tamaşaçının yaddaşına həkk olundu.
Səhnə əsərin finalını təsirləndirən Rəhimin anasının fəryadıdır...
Aktrisa Ulduzə Nəsir Azərbaycan anası obrazını o qədər canlı oynadı ki, tamaşaçı zalında hıçqırtı səsləri eşidildi…Düşmənə qaşı nifrət oyadan ana oğlunun silahına, yapıncısına və Azərbaycan bayrağına sarılıb mənfur düşməndən qisas almaq üçün savaşa qatılır.
...Tamaşaçıların Sumqayıt Teatrının aktyorlarının məharətini ayaq üstdə uzun müddət alqışlaması, rejissorun, müəllifin səhnəyə dəvət olunması, Ana rolunu ifa edən aktrisa Ulduzə xanıma gül bağışlanması dramın bir daha müasirliyindən və hələ uzun müddət aktuallığını itirməyən səhnə əsəri olacağından soraq verən məqamlardan oldu.
Sürəkli alqış sədalarından sonra Teatrın baş rejissoru, bir çox maraqlı teleserialların ssenari müəllifi Firudin Məhərrəmli mikrafona yaxınlaşıb bu tamaşanın uzun müddət repertuardan düşməyəcəyini bildirir. Müəllif Hüseynbala Mirələmov da öz növbəsində tamaşaçılara və aktyorlara minnətdarlığını bildirir.
Millət vəkili Hadi Rəcəblinin tamaşa barədə öz təəəsüratını kövrək notlarla tamaşaçılarla bölüşəndən sonra aktyor kollektivinin qarşısında baş əyməsi sənət məbədinə etiramın mücəssəməsi kimi yaddaşlara həkk olunur. Sumqayıtlı seçiciləri Milli Məclisdə təmsil edən professor Musa Quliyevin "Vicdanın hökmü"nün tamaşaçını haldan-hala salmasını dilə gətirərək aktyorlara və teatrın direktoru İslam Həsənova minnətdarlığı əslində bütün tamaşaçıların şərik olduğu fikir idi.
Tamaşadan sonra hamının diqqətini özünə cəlb edən bir "səhnə" öz əlil arabasında oturan bir xanım tamaşaçı oldu. Foto-jurnalist Rafiq Salmanov bu qeyri-adi səhnəni əbədiləşdirmək üçün özünə mövqe seçir və bu əlahəzrət tamaşaçıyla həmsöhbət olan müəllifin şəklini çəkir.
Düzü, tamaşanı lentin yaddaşına köçürən jurnalist həmkarlarımın da,qələm dostlarım İlqar Rüstəmovun, şair Əli Nəcəfxanlının, iş yoldaşlarım Mail Kərimovun, Əminağa və Zahidin də, elə özüm qədər mənəvi katarsisə məruz qaldığımı düşünürəm. Duyğulara saflıq gətirən, mübarizlik əhval-ruhiyyəsini artıran "Vicdanın hökmü" özünə Sumqayıt Teatrının ən uğurlu tamaşaları cərgəsində yer qazandı.
Sonda bir tamaşaçı kimi telekanallarda xalqın ruhunu korşaldan bayağı verilişləri göz önünə gətirib, düşünürəm. Axı niyə bugünəcən bir çox teatrların səhnəsində tamaşaya qoyulan, Azərbaycan tamaşaçısına "Vicdanın hökmü" kimi Vətən sevgisi aşılayan dramlar televiziya tamaşaçılarına tam şəkildə təqdim olunmasın?!Axı özgələri, xüsusilə qərb dünyasını yamsılamaqla milli ruhumuzu korşaldırıq!!!
Nurəddin ƏDİLOĞLU