
“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzuları ötən il avqustun 8-də Vaşinqton sammitində əldə edilmiş razılaşmaların icrası ilə bağlı olacaq”.
Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Vensin Azərbaycana qarşıdakı səfərini şərh edərkən deyib.
O xatırladıb ki, həmin görüşdə həm ikitərəfli, yəni Azərbaycanla-ABŞ arasında, eyni zamanda, üçtərəfli - Azərbaycan-Ermənistan-ABŞ arasında olduqca vacib razılaşmalar əldə edilib.
“Mən Vensin Azərbaycanda müzakirə edəcəyi mövzular sırasında Ermənistan-Azərbaycan sülh prosesini qeyd etmək istərdim. Birləşmiş Ştatlar bu prosesə, bu mövzuya xüsusilə ciddi önəm verir. Yəqin ki, qeyd edilən istiqamətdə Bakıda da müzakirələr aparılacaq. Həmçinin məlumdur ki, TRİPP layihəsi, yəni regionda kommunikasiyaların açılması ilə bağlı Vaşinqtonda olduqca mühüm razlaşma əldə edilib. Bu istiqamətdə də müzakirələrin olacağını düşünürəm. Eyni zamanda, Vaşinqton sammitində ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradıldı. Son zamanlar bu qrupun onlayn toplantları keçirilib, verilən məlumata görə, artıq Xartiyanın layihəsi tərəflər arasında razılaşdırılıb. Layihə əsasən hazırdır. Bu sənədlə bağlı da Vensin səfəri zamanı müzakirələr aparılacaq, hətta güman edirəm ki, səfər müddətində Xartiyanın imzalanması da mümkündür”, - ekspert deyib.
Onun sözlərinə görə, bütövlükdə ABŞ öz xarici siyasətində Cənubi Qafqaz regionuna mühüm əhəmiyyət verir, regionla bağlı xüsusi maraqları var və Birləşmiş Ştatların da ikinci rəsmi şəxsinin regiona səfəri hesab edirəm ki, bu maraqlarla bağlıdır.
Qeyd edək ki, Vens bu gün Ermənistanda danışıqlar aparacaq, sabah isə Azərbaycana səfər edəcək.
Pərvanə Sultanova



