
“ABŞ kimi fövqəldövlətin vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri xüsusi önəm daşıyır, olduqca aktual və əhəmiyyətlidir. Vitse-prezident Ceyms Devid Vensin öz qrafikində Azərbaycana yer ayırması ümumilikdə Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı prioritetlərindən xəbər verir”.
Bu barədə 525.az-a politoloq Zaur Məmmədov Vensin Azərbaycana qarşıdakı səfərini şərh edərkən deyib.
O bildirib ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə gedir, İran, Qəzza ətrafında məsələ qəlizdir, bütün bunlara baxmayaraq Qafqaza səfər o deməkdir ki, doğurdan da böyük hadisələr baş verir.
“Məsələ burasındadır ki, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiya kənarlaşdırılır, yeni proseslərə start verilir. Bu, dünyanın ayrı-ayrı bölgələrində olduğu kimi, Azərbaycanda da tamamilə məntiqə uyğundur . Sözsüz ki, əsas məğz ondan ibarətdir ki, region ölkələrinin dövlət maraqları və xalqların maraqları həyata keçsin, sabitlik, iqtisadi və sosial rifah olsun. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı artıq tərəqqinin olması, Ermənistanda seçkilərdən sonra gözlənilən konstitusiya dəyişiklikləri və s. bölgədə yeni bir mərhələnin açılması ilə nəticələnəcəkdir”, - politoloq söyləyib.
Onun sözlərinə görə, gözlənilən odur ki, Vensin səfəri zamanı həm Zəngəzur dəhlizi, həm regional layihələr, həm də siyasi və təhlükəsizliklə bağlı məqamlar müzakirə ediləcəkdir:
“Azərbaycan Mərkəzi Asiyaya girişdir və Azərbaycan olmadan təbii ki, ABŞ-ın Qara dəniz, Xəzər hövzəsində öz məqsədlərinə çatması o qədər də inandırıcı deyil, buna görə də ölkəmizə xüsusilə Tramp administrasiyası tərəfindən önəm verilir”.
Pərvanə Sultanova



