|
|
|
|
Bakıda səfərdə olan Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyinin sədri (İLESAM) Mehmet Nuri Parmaksız və sədr müavini İlter Yeşilay, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan və Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid fevralın 5-də Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində və “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-də olublar.
Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi uğurlu layihələr haqqında geniş məlumatla qonaqları tanış edib. O, “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin fəaliyyətindən, nəşriyyatda çap olunan kitablar barədə danışıb, ölkədə kitab çapının vəziyyəti, kitabın təbliğatı məsələləri ilə bağlı qonaqlara ətraflı məlumat verib.
Birliyin mətbu orqanı olan “Naşir” jurnalı barədə isə jurnalın baş redaktoru Gülnar Məsimli ətraflı məlumat verib. Baş redaktor qeyd edib ki, Azərbaycan-Türkiyə mədəni əlaqalərinin daha geniş səpkidə inkişafı üçün rəhbərlik etdiyi jurnalda Türkiyənin ədəbi mühiti, yaradıcı aləmi haqqında mütəmadi məlumatlar və yazılar dərc edilir.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və sədr müavini İlter Yeşilay Azərbaycan-Türkiyə mədəni, ədəbi əlaqələrinin möhkəmləndirilməsindəki fəaliyyətləri barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində hər iki ölkənin ədəbi, elmi mühitinin daha geniş şəkildə tanınması adına kitab çapının əhəmiyyətindən, qarşılıqlı mübadilənin vacibliyindən danışılıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin gücləndirilməsinin, elm və sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qərara alınıb ki, hər iki təşkilat Azərbaycan-Türkiyə qarşılıqlı işbirliyi çərçivəsində birgə layihələr həyata keçirəcəklər.
Qonaqlar nəşriyyatı gəzərək iş prosesi ilə yaxından tanış olublar.