
Toydayıq. 16 nəfərlik masanın ətrafında 3-4 ailə cəm olub. Bəylə gəlin tıxacda qaldığı üçün məclisdə ağız deyəni qulaq eşidir.
Böyüklər öz dərd-sərindən danışır. Əslində, hamı özgəsindən danışır. Hafiz dayısı oğlu Səfərin arvadını döyməyini nəql edir. Üzbəüz əyləşdiyi həyat yoldaşına xoş görünmək üçün səsinin yoğun yerinə salıb belə deyir: “Qadın incə məxluqdur. Qadına əl qaldırmaq əclaflıqdır”.
Düz deyir. Amma buna özünün əməl edib-etmədiyindən tam əmin deyilik. Eşitdiyimizə görə, arada özü də dayısı oğlu Səfərin “yolu ilə gedir”. Xanımının Hafizin humanist “bəyanat”ına reaksiyası da bu cür düşünməyə əsas verir. O danışanda arvadı ikrahla üzünü yana çevirdi…
Aydın indiki gənclərdən şikayət edir. Bizi inandırmağa çalışır ki, uşaq olanda kənddə Əliyə də, Pirvəliyə də siqareti o alıb. Dediyinə görə, qonşusunun uşağını indiyə kimi bir dəfə də çörək almağa göndərə bilməyib. Onun sayəsində qonşusunun “tərbiyəsiz” uşaqları haqda ətraflı məlumat sahibi oluruq.
Rəşad qaynından gileylənir. Deyir ki, çox qanacaqsız adamdır. Hamının təəccüblə onu süzdüyünü görəndə izahat verir: “Keçən ay oğlumun toyuna gəliblər. Yerin biri 80 manat idi. A kişilər, sizcə 4 nəfərə nə qədər pul yazdırıb?”
Hamı eyni vaxtda soruşur: “Nə qədər?”
Yana-yana cavab verir: “Üç yüz manat”.
Heç kimdən səs çıxmadığını görəndə sözünün davamını gətirir: “Adamın qanacağı olar. Heç olmasa, yerin pulunu yazdır”.
Qısa pauzadan sonra Hafiz yanında əyləşən oğluna acıqlanır: “Gözünü o telefondan çək!”
Sonra isə indiki gənclərin telefon aludəçiliyindən danışır. Başda öz uşaqları olmaqla hamını “yıxıb-sürüyür”.
Söhbəti yumşaltmaq üçün üzümü onun oğluna tuturam: “Elvin, deyəsən, maraqlı məqalə tapmısan…”
Aramızda belə dialoq baş verir:
- Əmi, Nəriman “Qarabağ”dan getdi. Xəbərin var?
- Xəbərim var. ABŞ-ın "Kolumbus Kru" klubuna keçib. Hətta məqalə yazıb Nərimana uğurlar diləmişəm.
- Həmin "Kolumbus Kru" haqqında maraqlı yazı tapmışam. Onu oxuyuram.
Sonra Aydının oğluna tərəf dönürəm: “Samir, sən nə işlə məşğulsan?” Gözlərini telefonun ekranından ayırıb izahat verir: “İngiltərənin şimal-qərbində yerləşən Ynys Gifftan adası satışa çıxarılıb. Bizim pulla 800 min manata satılır. O xəbəri oxuyuram”.
Zarafatımdan qalmıram: “O adanı almağa dədənin pulu çatar?”
Cavabı hamının gülüşünə səbəb olur: “Anam istəsə, borc-xərc eləyib alar”.
Sonra Aylini sorğu-sual edirəm. Məlum olur ki, ev heyvanları haqda məqalə oxuyur.
Gənclərə dəstək verirəm: “Bizim kimi qeybət etməkdənsə, telefonda xəbər oxumaq daha yaxşıdır”.
…Metrodayam. 18-19 yaşlı bir qız yaxınlaşır. Ədəb-ərkanla salam verəndən sonra belə deyir:
- Əmi, deyəsən, səhv gəlmişəm.
- Qızım, hara getmək istəyirsən?
- Dayım məni “Baksovet”də gözləyir. “28 may”da bir kişidən necə gedəcəyimi soruşdum. Dedi ki, bu qatara min. Düşəndə baxdım ki, bura “İçərişəhər”dir…
Ətraflı izahat verirəm. Amma həm də qarışıq hislər keçirirəm. Sovetin izləri yavaş-yavaş itir. Bu, yaxşıdır. Pis odur ki, köhnə nəsillə yeni nəsil arasındakı rabitə də yavaş-yavaş itir.
Mən Əzizbəyova Koroğlu, “Baksovet”ə İçərişəhər, Razinə Bakıxanov, “vosmoy”a səkkizinci kilometr deyən gəncliyin tərəfindəyəm...
Seymur Verdizadə, metbuat.az



