
“Yaxın gələcəkdə süni intellekt bir çox sahəni öz təsiri altına alacaq. Bununla yanaşı bir çox ixtisas və peşələrdə ciddi ixtisarların da olması qaçılmazdır. Hal-hazırda dünyanın inkişaf etmiş ölkələri süni intellektin inkişafı istiqamətində 400 milyar dollar vəsait qoymağı planlaşdırır. Bütün bunları nəzərə alaraq ehtimal olunur ki, aşağıdakı ixtisas və peşələrdə süni intellektin təsiri özünü göstərəcək. Maliyyə-mühasibatlıq sahəsi, insan resursları, hüquq (hüquqi xidmət sahəsi), tibb, pedoqoji ixtisaslar, psixologiya, tərcümə, satıcılıq, konsultinq xidmət göstərən bir çox sahələr”.
Təhsil eksperti Ramin Nurəliyev bunu 525.az-a bildirib. Onun sözlərinə görə, əmək bazarında ixtisas və peşəsinin ən yaxşıları fəaliyyət göstərəcək. İxtisara düşənlər dolanmaq üçün alternativ yollar axtarmaq məcburiyyətində qalacaq:
«İnsanlar işsizlikdən kənd təsərrüfatı sahələrinə meyl etmək məcburiyyətində qalacaq desəm, səhərdən kəndlərə axın olacaq desəm kim inanar? Ona görə də, ilk növbədə düzgün ixtisas seçimi edin, eləcə də, ixtisas və peşənizin ən yaxşısı olmağa çalışın”.
Sevinc Qarayeva



