
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı (ƏXDR) səfiri Tural Rzayev və səfirliyin əməkdaşları Əlcəzairin milli azadlıq mübarizəsinin simvoluna çevrilmiş Cəmilə Buxeyridi evində ziyarət edib və onunla səmimi görüş keçirib.
525.az xəbər verir ki, görüşdə onunla Əlcəzairin azadlıq mübarizəsi, iki ölkə arasındakı tarixi dostluq əlaqələri və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı vurğulanıb ki, Cəmilə Buxeyrid təkcə Əlcəzair xalqının deyil, bütün azadlıqsevər xalqların yaddaşında qəhrəman qadın obrazı kimi yaşayır. O, 1950-ci illərdə Fransa müstəmləkə rejiminə qarşı aparılan mübarizədə fəal iştirak etmiş, həbs edilmiş və ağır işgəncələrə məruz qalmışdır. Buna baxmayaraq, o, mübarizəsindən dönməmiş və Əlcəzairin müstəqillik simvollarından birinə çevrilmişdir. Onun adı Əlcəzair inqilabının canlı tarixidir.
Söhbət zamanı Səfirliyin dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan-Əlcəzair əlaqələri: dünən və bugün” kitabı da xüsusi qeyd olunub. Bildirilib ki, Əlcəzair inqilabı dövründə Azərbaycanın görkəmli şairləri – Mirvarid Dilbazi, Nigar Rəfibəyli və Bəxtiyar Vahabzadə Cəmilə Buxeyridə ithaf olunmuş şeirlər qələmə almış, ədəbiyyat vasitəsilə Əlcəzair xalqının azadlıq mübarizəsinə dəstək ifadə etmişlər. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı Əlcəzairin istiqlal savaşını yaxından izləyir və onu mənəvi cəhətdən dəstəkləyirdi.
Görüş zamanı Cəmilə Buxeyrid də öz xatirələrini bölüşərək azadlıq mübarizəsinin çətin və ağır mərhələlərindən danışıb, həmin illərdə xalqın birliyinin və inamının qələbənin əsas amili olduğunu vurğulayıb. O qeyd edib ki, mübarizə yalnız silahla deyil, həm də iradə, səbir və milli şüurla aparılırdı.
Görüş səmimi və dostluq şəraitində keçib, iki xalq arasında tarixən formalaşmış həmrəyliyin və qarşılıqlı hörmətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Cəmilə Buxeyrid Azərbaycan xalqına göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Bu görüş, Azərbaycan ilə Əlcəzair arasında tarixi bağların yalnız siyasi və diplomatik səviyyədə deyil, həm də mədəni və mənəvi müstəvidə möhkəm təməllərə söykəndiyini bir daha nümayiş etdirib.





