
Qarabağ Universiteti Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiyası Universitetinin Elmi Şurasının 25 dekabr 2025-ci il tarixli iclasının qərarı ilə nəşr edilib.
525.az xəbər verir ki, kitab 1926-cı ildə Bakıda keçirilən və türkologiya tarixində mühüm mərhələ sayılan Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunub. Qurultay XX əsrin əvvəllərində Türk dünyasında milli-mədəni inteqrasiyanın və elmi əməkdaşlığın əsasını qoymuş, ortaq dil və yazı birliyinin formalaşdırılması istiqamətində vacib addımlar atmışdı.
Monoqrafiyada Qurultayın əsas mövzularından olan ortaq əlifba, imla və ədəbi dil məsələləri tarixi mənbələr və müasir elmi yanaşmalar əsasında təhlil olunur. Əlifba islahatları, ərəb və kiril qrafikasından latın əlifbasına keçid təşəbbüsləri, yazı birliyinin yaradılması istiqamətində aparılan müzakirələr hərtərəfli təqdim edilir.
Kitabda həmçinin ortaq əlifba ideyasının müxtəlif dövrlərdə siyasi, ideoloji və mədəni çalarlarla inkişafı, eləcə də bu gün Türk dünyasında cərəyan edən inteqrasiya proseslərindəki rolu diqqət mərkəzində saxlanılır. Qurultay iştirakçılarının çıxışları və qəbul olunan qərarların sonrakı illərdə türk dillərinə təsiri konkret faktlarla göstərilir. Beləliklə, monoqrafiya yalnız tarixi konteksti əhatə etmir, həm də ortaq əlifba məsələsinin mürəkkəbliyini və bu gün də aktual olduğunu vurğulayır.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vilayət Quliyev, nəşrə məsul MİMTA yayımlarının direktoru Əsəd Aslanoğlu, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Babayeva, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, professor Ahmet Buran, tənqidçi, publisist Azər Turan və filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfovdur.
Kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) yayımları tərəfindən nəşr olunub.



