
“Məlum olduğu kimi, ölkədə minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bu məsələ Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Qeyd edim ki, dünənə kimi, minimum əmək haqqı növbəti il üçün büdcə proqnozlaşdırılması çərçivəsində müəyyən edilirdi. Artımlar da məhz həmin ilin büdcə göstəricilərinə əsasən hesablanırdı. Eyni zamanda vətəndaşların istehlak qabiliyyəti müəyyən meyarlar əsasında qiymətləndirilir, buna uyğun olaraq minimum əməkhaqqının baza hissəsində artım və ya dəyişiklik edilirdi. Minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq dəyişiklik edilməsi isə onu göstərir ki, hökumət mövcud şəraitə uyğun olaraq daha çevik qərarlar qəbul edə biləcək”.
Bunu iqtisadçı ekspert Razi Abasbəyli 525.az-a deyib. Onun sözlərinə görə, ilin ortasında inflyasiya səviyyəsi dəyişərsə, büdcə gəlirləri artarsa və ya kəskin azalarsa, yaxud xərclərlə bağlı əlavə ehtiyac yaranarsa, minimum əmək haqqının artırılmasına zərurət yarana bilər. Bu halda qanun minimum əmək haqqının artırılmasına və ya dəyişməz saxlanılmasına imkan verəcək:
“Bu mexanizm hökumətin daha operativ və çevik qərarlar qəbul etməsinə şərait yaradır. Minimum əmək haqqının artırılması isə əsasən inflyasiya səviyyəsindən asılıdır”.
Sevinc Qarayeva



