Bu günlərdə İranlı Mühacirlər Cəmiyyətində ədəbi birlik yaradılıb. Bununla bağlı keçirilən tədbirə şairlər, yazıçılar, alimlər və ziyalılar qatılıblar.
Tədbiri cəmiyyətin sədri Rəhim Hüseynzadə açaraq, qeyd edib ki, İranlı Mühacirlər Cəmiyyətində əvvəllər fəaliyyət göstərmiş ədəbi yaradıcılıq birliyi cənubdan olan qələm sahiblərini öz ətrafında birləşdirməklə bütöv bir söz sənəti nəslinin ərsəyə gəlməsində, yetişdirilməsində müstəsna xidmətlər göstərib: "Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Balaş Azəroğlu, Əli Tudə, Hökumə Billuri, Söhrab Tahir, Mədinə Gülgün və başqaları sözügedən birliyin tədbirlərində fəal iştirak edib, onun fəaliyyətinin canlandırılmasına və daha da genişləndirilməsinə daim böyük dəstək veriblər. Təbii ki, hazırkı şəraitdə yaradıcı insanları, xüsusilə, istedadlı gənc yazarları bir araya gətirmək üçün sözügedən ədəbi birliyin yenidən fəaliyyətə başlamasına zəruri ehtiyac yaranıb. Ona görə də belə bir addım atmaq qərarına gəlinib".
Yığıncaqda şair Tariyel Ümid, AYB üzvü, yazıçı Səyyad Dasi, yazarlar Yadulla Kənani, Valeh Quluzadə, tanınmış parodiyaçı, publisist Həsən Cəbrayılov, fəlsəfə doktoru Pərviz Əsədi, Xocalı köçkünü, şair Sahib İmani və başqaları çıxış edərək ədəbi birliyin fəaliyyətinin bərpa olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yəhya PAŞAZADƏ