Bugünlərdə Bakıda "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfrans keçirilib. Konfrasda bu mövzu ətrafında çox qızğın müzakirələr aparılıb, fərqli mövqelər, baxışlar ortaya qoyulub. Milli Məclisin deputatı, şərqşünas alim Gövhər Baxşəliyeva ilə söhbətimizdə də elə bu məsələlərə toxunmuşuq.
- İslam dinində qarşıya qoyulmuş başlıca məqsəd sağlam təməllərə - haqqa, ədalətə, yüksək mənəviyyata əsaslanan cəmiyyət qurmaqdır. Belə cəmiyyəti şərtləndirən amil kimi həm də ailə institutunun sağlamlığı çıxış etdiyindən islamda ailədaxili münasibətlərə xüsusi əhəmiyyət verilir. Ailənin qarşısında duran əsas vəzifənin - cəmiyyətə layiqli fərdlərin yetişdirilməsi vəzifəsinin icrası üçün ailənin başlıca elementləri sayılan kişi və qadının arasında sevgi və şəfqətə əsaslanan münasibətlərin olması çox vacibdir. İslam dini ailənin möhkəmliyi, uşaqların düzgün tərbiyəsi və həqiqi şəxsiyyət kimi yetişməsi üçün ailədə sevgi və qarşılıqlı hörmətə əsaslanan mehriban abı-hava yaratmağı valideynlərin qarşısında bir vəzifə olaraq qoyur.
İslamın müqəddəs mətnlərində - ayə və hədislərdə ailədaxili münaqişələrin həlli məqsədilə lazımi nümunələr təqdim olunur. Onların əsas səciyyəvi cəhəti ailəni dağılmaqdan qorumaq, uşaqların gözəl tərbiyəsi və yetişməsi üçün münasib şəraitin yaradılmasıdır. Məsələn, Quranın "ən-Nisa" surəsinin 34-cü ayəsində ər və arvad arasında yaranmış münaqişənin həlli yolundan danışılır. İslama görə ailə institutunun özünəməxsus tərəfləri var.
Ən başlıcası budur ki, müsəlman ailə modeli maraqlara deyil, dəyərlərə əsaslanır. Bu dəyərlərə fədakarlıq, şəfqət, tərbiyə, kamilləşmə və s. daxildir. Eyni zamanda, islam ailənin nüvəli formatını ön plana çəkir. Bu o deməkdir ki, ailənin formalaşmasında kişi və qadın hər nə qədər eyni paya sahib olsalar da, kişi "nüvə" rolunu oynayır. Çünki ailə bir sistemdir, odur ki iyerarxik quruluşlu olmalı, buna uyğun tənzimlənməlidir. Quranda bu, "qəvvamə" sözü ilə ifadə olunmuşdur. İslam ilahiyyatçıları bildirirlər ki, "qəvvamə" - "dolanışığı boynuna götürmək, işləri sahmana salmaq, bir işi görmədə öhdəçi olmaq" mənasını daşıyır. Elə isə ailənin işlərini görmək, anaya öz vəzifəsini icra və övladlarını tərbiyə etməkdə kömək göstərmək baxımından ərin mühüm və başlıca rol oynadığı məlum olur. Yəni, Allah kişini həm də öz ailəsinə başçılıq edəcək gücdə yaradıb.
Bu səbəbdən liderlik kişiyə aiddir. Ailə və onda atanın - kişinin və ananın - qadının rolu elə tənzimlənib ki, kişi ailəsinin, ana və uşağın böyüyü sayılır, onlara hamilik edir. Ana və övladların atanın himayəsində olmağı atanı fədakarlıqla onlara böyüklük etməyə diktə edir. Bunun əksini iddia etmək və ya alternativ irəli sürmək islamda ailəni dağıtmaq deməkdir. Quranda ailədaxili münasibətlərdə əsas prinsiplər olaraq "şəfqət" və "sevgi" göstərilir: Əgər bu münasibətlər sevgi və şəfqətlə tənzimlənməzsə, sağlam ailə yaranmaz.Bu səbəbdən islam ailədaxilində sevgiyə və şəfqətə əngəl olan hər şeyə qarşıdır.
İslam nöqteyi-nəzərində ailənin statusu islamın insana ehtiram bəsləməsi, şərəf-izzətini qorumağı, müqəddəratını təyin etmədəki haqqını tanımağı, evlilikdəki ixtiyarilik, tərəflərdən birinin qane olmadıqda, hüquqlar qorunmadıqda evliliyə son verə bilməyi, qarşı tərəfi nəyəsə zorla məcbur etməyin qeyri-mümkünlüyü və sair məsələlər əsasında müəyyənləşir.
Məhəmməd Peyğəmbər xanımlarla xoş davranmağı İslamın humanist prinsipi olaraq göstərmişdi: "Möminlərin iman sarıdan ən kamili əxlaqı ən gözəl olandır. Sizin ən yaxşınız zövcələri ilə yaxşı keçinəninizdir...". Hədislərin birində belə əhvalat əksini tapıb. Bir dəfə Peyğəmbər həyat yoldaşını vurmuş bir şəxsə qəzəblənərək demişdi: "Sizdən biri öz zövcəsini köləni döyürmüş kimi hey döyür, sonra da utanmadan ona sarılır... Məhəmməd ailəsinə ərlərindən şikayət edən çoxlu qadınlar gəlir. Həmin kişilər yaxşı insanlar deyildir". Peyğəmbərin əxlaqına həlimlik və mehribanlıq xas idi. Bu üzdən xanımı Həzrəti Aişənin dediyi sözlər zəmanəmizə çatıb: "Peyğəmbər heç kəsə: nə bir qadına, nə bir xidmətçiyə... əl qaldırmamışdı"...
- Yəni, sözlərinizdən belə başa düşmək olur ki, əgər bu gün biz ailə institutu və dini dəyərlərin vəhdətindən danışırıqsa, biz ailə institutuna, evlilik və valideynlik münasibətlərinə islamdakı humanist prinsiplər əsasında nəzər sala bilərik...
- Bəli, düzdür. Başqa cür ola da bilməz. Məsələn, "Qurani-Kərim"də "Rum" surəsinin 21-ci, "Bəqərə" surəsinin 229 və 231-ci, "Əhzab" surəsinin 49-cu ayələrinə evlilik münasibətlərinin kökündə sevgi, mehribanlıq, şəfqət və qayğıkeşlik dayanır, bu münasibətləri idarə edirlər. İslamda ailə üzvlərinin münasibətlərində ixtiyarilik var, məcburiyyət, hökmranlıq, zorakılıq yoxdur. Eyni zamanda, dini mətnlərin mənasını düzgün başa düşmək lazımdır. Qadın-kişi münasibətlərini, eləcə də, ailənin mahiyyətini təhrif etmək məqsədilə ayə və hədislərdən sui-istifadə yolverilməzdir. Müqəddəs Kitabımızda əksini tapmış ideya və qayə bu günümüzə düzgün adaptasiya edilməli, onlardan cəmiyyətimizin inkişafı üçün sağlam ailə mühitinin yaradılması üçün yeri gəldikcə istifadə edilməlidir.
Kamil HƏMZƏOĞLU