|
|
|
|
Kirayə tutmuşuq yer kürəsini
Rayonun "dardan yuxarı" bir neçə kəndinin işğalı taxıl zəmilərinin biçilməsi üçün həftəlik atəşkəs sözləşməsi səbəbi oldu. Mənfur düşmənin vədlərinə aldanan yerli rəhbərlik nümayəndələrinin bu seperat danışıqlara girməsi böyük bir xətadan xəbər verirdi və belə də oldu. Guya taxıl kombaynları sahədə işlərini bitirdikdən sonra tərəflər müdafiəni yenidən qura bilərlər. Fasilədən yararlanan düşmən asanlıqla Kafan-Mehri yolundan istifadə edərək əlaqələrini bərpa etdi mövqelərini möhkəmlətdi, hətta növbəti hiyləsini həyata keçirdi, Zəngilanın bir neçə kəndi qəflətən erkən səhər işğal olundu, xeyli insanlarımız vəhşicəsinə qətlə yetirildi...
Biçilməmiş zəmidə isə bizim kombayn sahibsiz qalmışdı... Elə həmin 1992-ci ildən üzü bəri respublikamızın torpaqlarında neçə min hektarda taxıl əkildiyini və hektardan neçə sentner taxıl məhsulu tədarük olunduğunu da unutmuşam. Torpaqlarımız düşmən tapdağındadı, məcburi köçkünlərik və elə dən kimi məmləkətin müxtəlif bölgələrinə səpilmişik. Sanki səpinə yararsız toxum kimiyik, heç yerə daimi pasport qeydiyyatımız da yoxdu...
Mənim qeydiyyatım Bakıya deyil,
Mənim qeydiyyatım Şəkiyə deyil.
Mənim qeydiyyatım şəhərə deyil,
Mənim göbəyimi kənddə kəsiblər.
Taleyinə köçkünlük yazılan bir çox soydaşımız kimi, aqrar bir ölkənin kənd adamı - aqronomu da torpaq mülkiyyətinə sahib deyil. Elə bilirdim bu şəhərdə aqronom öz evi olmayan kirəkeş kimidi, bu evlərə gün işığı düşmürdü və bu evlərin bəxti soyuq idi...
Bura günəşi də qısqanıb deyən
Kirayə evlərin Allahı yoxdu,
Kirayə evlərdə tez düşür axşam
Kirayə evlərin bəxti soyuqdu...
Və deyəsən biz yad planetdən uçan boşqabla gəlməmişdik, biz də məkansız deyildik- yer kürəsi sığınacaq yerimiz, ulu günəş isə tanrımız idi ... Ömrü necə yaşasaq da ...
Kirayə tutmuşuq Yer kürəsini,
Başına dönürük ulu Günəşin.
Ömrü bahasına yaşayırıq biz,
Hərəmiz bir cürə kirayənişin.
Qeydiyyatsız yaşadığım bu şəhərdə qara örtük -asfalt tökülürdü, şəkillər böyüdülürdü, heykəllər "əkilirdi", süni, cansız əşyalara ağac şəklində lampalar bürüyür, işıqlandırırdılar. Bu şəhərə yaz gəlmirdi- isti yandırıcı yay və soyuq qar-qiyamət gəlirdi. Ümidsizlik "qılınc kimi adamı kəsirdi".
Sonra hər şey yoluna qoyuldu- yaz da gəldi, yay, payız və qış da. Hələ üstəlik beşinci fəsil də...
Beşinci fəsil bitkiləri də
Bayram ovqatına daha bir sevinc qatmaq ilk bahar bitkiləri haqqında yeni söz demək bəlkə də yerinə düşərdi.
Parkları və bağ-bağçaları yaşıl çəmən fonunda daha da gözəlləşdirən dağ lalələri (tülpanlar), sümbülçiçəklər, nərgizlər, novruzgülləri, illah bənövşələr, qızçiçəkləri mart ayının bəzəyinə çevrildi. Mart ayı məhəbbət, sevgi ayıdı, musiqi festivalları, teatr ayıdı, milli qədim-qayım bayram ayıdı, bir sözlə bayramlar ayıdı, həm də bu beşinci fəsil bitkilərinin ilk bahar mövsümüdür. Lalə, nərgiz soyuq zamanların isti çiçəkləri sayılsa da mart ayında bəzən apreldə bircə dəfə qısa zaman kəsiyində ətirli, möhtəşəm qoxulu çiçəklər açır. Xoş qoxu verən bitkilərdi. Az su istəyən, müddətsiz istiyə də dözməyən, amma soyuğa davamlı bu bitkilərin vətəni orta Türküstandır. Soğanaqlı bitkilər yerüstü hissəsini tükədən, yəni bütün yayı torpaq altında soğan şəklində olsa da, qısaömürlü bu çiçəkləri evlərdə yetişdirmək hər kəsdən səbr istəyir, lakin bu bitkilərin böyümə və inkişafı göz önündə olarkən zövqverici çiçəklərinin boyun büküşləri, məsumluğu insan həyatına güc və gündəlik yaşamına ahəngdarlıq bəxş edir. Çiçəklər insanlar arasında həm də vüsal nişanəsidir. Bir ata sözündə deyildiyi kimi, " Çiçəklər açmayan evdə ayrılıq qoxusu var"...
Bu bitkilərin ev şəraitində yetişdirilməsi şərtləri haqqında qısaca, aqronomik məlumat verək.
1). Toxumları (soğanaqları) quru strelizə edilmiş quru torfda paketlənmiş şəkildə olmalıdır.
2). Saxsı dibçəklərə üstünlük verilməlidir.
3). Bitki əkəcəyiniz yer günəş və işıq düşən yer olması nəzərə alınmalıdır.
4.) Toxumların (soğanaqların) əkin vaxtı yanvar ayıdır. Noyabr və dekabr aylarında da əkilə bilər.
5). Soğanaqların sterilizə edilmiş torf qarışıq qumda əkilməsi məsləhətdir, eyni torpaqda bir neçə dəfə əkilə bilər. Bir çiçəyin solması daha bir çiçəyin əkilməsinin başlanğıcı ola bilər.
Novruz bayramı ərəfəsində - ilaxır torpaq çərşənbəsi günündə evlərinizdə bu çiçəklərin olması sizə yeni bir bayram əhvalı verəcəyini əminliklə demək olar. Novruz səmənisinə bir əlvanlıq da qatın. Novruz bayramınız mübarək olsun.
Xosrov Natil