Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya bu muzeyin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabdan "Ginnesin Rekordlar Kitabı"nın tələblərinə cavab verən 2913-nün "Ginnesin Rekordlar Kitabı"na salınması ilə bağlı "Guinness World Records" sertifikatı təqdim olunub.
Qeyd edək ki, muzey Zərifə Salahovanın şəxsi kolleksiyası və ümummilli lider Heydər Əliyevin göstərişi əsasında yaradılıb, 2002-ci il aprelin 23-də Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə isə rəsmi açılışı olub. Çünki UNESCO-nun qərarı ilə aprelin 23-ü dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur.
Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın topladığı kolleksiya dünyada ilk özəl Miniatür Kitab Muzeyi adlanır. Muzeydəki 38 rəfdə 5700 nüsxə kitab nümayiş etdirilir. Dünyanın 67 ölkəsində çap olunmuş bu kitabların ən kiçik formatlısının ölçüləri 0,75x0,75 mm-dir. Üç ədəd kitab isə 2x2 mm formatındadır. Bu mikro kitablar Tokioda "Toppan" nəşriyyatında çapdan çıxıb. Muzeyə ötən müddət ərzində 250 mindən artıq ziyarətçi gəlib. Muzeydə ziyarətçilər üçün qeydiyyat jurnalı tərtib edilib və orada bütün göstəricilər səliqə-sahmanla yazılıb.
"Ginnesin Rekordlar Kitabı"nın sorğusuna əsasən Zərifə Salahovanın sertifikat əlində fotosu da qarşı tərəfə təqdim olunub və onlar bunu bəyəndiklərini bildiriblər. İlin sonunda bu foto "Ginnesin Rekordlar Kitabı"nın nəşr etdirdiyi kitaba salınacaq.
S.ABDULLAYEVA



