NECƏSƏN
Allahım, neyləyim ki, bu qanmazlar qansın.
Barı bir dəfə ağıllı söz deyəydilər;
Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın.
GÜNAH
Ağıllı: Gözələ baxmaq savabdı - dedi,
günaha batdı.
Bəziləri o saat çadraya əl atdı.
QAYDASI VAR
Çalmağın da, oynamağın da qaydası var.
Qaydasız yerdə
kar-kor olmağın da faydası var.
YAZIĞIM GƏLİR
Nələr görməyir gözüm,
Həm görüm, həm də dözüm...
Gözə hayıfım gəlir.
Bu nadan adamlara
Acı sözlər yazardım.
Sözə hayıfım gəlir.
SEVGİ
Sevgi ən şirin nemət,
Həm də ən ağır işdi.
Leyli-Məcnuna qalsa,
Kökümüz kəsilmişdi.
DÜNYA
Dünya qəliz dünyadı,
Sən yaşa, döz, dünyadı.
Dünya haqlı olacaq,
Əyri ya düz dünyadı.
HƏKİM VƏ XƏSTƏ
Dedilər: ağır xəstədir.
Xəstə lap can üstədir.
Həkim işə girişdi.
Dedi: çox ağır işdir.
Vaxt əridi, gün keçdi,
Həkim lap əldən düşdü.
Xəstə də durub baxır,
Nə ağlamır, nə gülmür.
Həkim yazıq neyləsin?
Xəstə dirənib durub,
Xəstə ölmür ki... ölmür!
XƏNCƏR KƏSƏRDİ
Xəncər kəsmir qınını,
Kəsərdi, onu qoymur
Mərdliyin sərt qanunu.
21 mart 1962
BAHAR GƏLİR
Bahar gəlir,
Yarpaqlar dolmalıq olur,
Qızlar yeməli.
Evdə nə oturmusan, ay dəli!
19 mart 1968
QATİL KİMDİR
Gülün gözəlliyi öz qatilidi,
Bülbülü ömürlük qəfəsə salan
Gözəl nəğməsidir, şirin dilidir.
16 mart 1976
ACGÖZ ARVAD
Acgöz arvadın
Allahı pul olur,
əri qul olur.
Özü də axırda dul olur.
22 mart 1981
QANUNDAN KƏNAR
Qanundan kənar
İki addım atırıq dünyada.
Biri dünyaya gələndə,
O biri də, hə də...
27 fevral 1963
SƏN YAXŞI OL
Xoş söz de, gülər üz göstər bahara,
Qaya kövrələcək, daş ağlayacaq.
Qızılgül tikanla sülh bağlayacaq.
Bassan ayağını qara torpağa
Əlində barmaqlar yarpaqlayacaq.
9 mart 2015
ALİMƏ YAZMADIĞIM ŞEİR
(Xalq artisti Alim Qasımovu dinlərkən)
Heç bilmirəm kainatın harasında,
Bardaş qurub səyyarələr arasında
İnsan səsinin alimi oxuyur,
Mənə yox, dünyaya, aləmə oxuyur.
Əllərini uzadıb bizi yaradana
Səsi də, özü də yana-yana oxuyur.
İnsan sevgisini, insan dərdini oxuyur.
Ruhu, əxlaqı, dili, dini oxuyur:
Rəbbim, qana batıb zamanın əli.
Zaman insan sümükləri üstündə
gedir irəli.
Bizdən yaxşı bilirsən özün də,
İnsan sevgisi tükənib yer üzündə.
Nifrət silah doğur,
Silahlar günah doğur.
Allahım bizi kainatda Yersiz qoyma,
Bizi sevgisiz, arzusuz, şeirsiz qoyma.
Elə ki insan ürəyi eşq ilə oxuyur.
O səhər bütün kainat bənövşə qoxuyur.
Allahım sevgini qaytar insanlara
Qovuşsun dost-dosta, yar-yara.
Alim oxuyurdu...
Səsinə qoşulub
Mən də kainata getdim.
Alim oxuyurdu;
Mən də öz eşitdiklərimi qeyd etdim.
22.III. 2015