Azərbaycan Hava Yollarına aid “Boing 757” tipli təyyarə Naxçıvan hava limanına endiyində gözlərimi ovuşdurmaqla məşğuldum. Gecə boyu sürən yuxusuzluq və uzun bir hekayəyə dönmüş xəyallardan olduqca yorğun düşmüşdüm. Ürəyi titrəyərək bir günün hesabını edən birisi üçün bir gecəyə iyirmi beş ilin hesabını sığdırmaq heç də asan bir iş deyildir. Hər gözümü yumduğumda özümü kəndimizin daracıq, tozlu və tanış küçələrində tapırdım. Yeyin – yeyin küçələrdən keçir, köhnə, kərpicdən birmərtəbəli evimizin alçaq divarından həyəcanla atlayır və ağzımdakı həsrət atəşinin dadını uda – uda , “ata, ata!” deyə çağırırdım. Atam sağ əlinin barmaqlarıyla kosa saqqalındakı seyrək tükləri sığallaya – sığallaya evimizin yaşıl rəngli qapısından çıxır, kiçicik qara gözlərini gözlərimə dikir və bayram namazı üçün məscidə doğru yola düzəlirdi. Sonra isə bağçamızdakı ərik ağacına bağladığımız xınalı qoçun bayram macərası başlayırdı...
Bütün bunlar iyirmi beş il öncə olurdu və mən bunları rüzgarlı bir Bakı gecəsində təkrar – təkrar yaşayırdım.
Təyyarədən enib ayaqlarımı yerə basar – basmaz gözlərimi qarşıdakı dağa dikdim. Haça dağına...
Haça Dağının və Gəmi Qayanın hekayəsini mənə iki il öncə dəyərli müəllimim Prof.Dr.İsa Həbibbəyli, insanı alıb o dağların başına götürən şirin diliylə sanki bir tablo çəkər kimi bəhs etmişdi. O sözləri almanca bir jurnalda çıxmışdı və bu mövzu Almaniyada bir xeyli danışılmışdı.
İnsanlar niyə dağla danışar, dağa şeirler yazar, anlamıram. Amma hər dağın bir hekayəsi olduğu və insanla qarşı – qarşıya qaldığı zaman zirvəsiylə, sisiylə, dumanıyla insana həmin o hikayəni anlatmağa başladığını bilirəm. Sadəcə dağlarmı? Xeyr! İnsanlar da öz hekayələrində ya sevgilərini, ya da dərd və kədərlərini dağlarla bölüşür, dağları hədəf alırlar.
Dağlar seni delik-delik delerim
Kalbur alır toprağını elerim.
Sen bir kara koyun, ben de bir kuzu,
Sen döndükçe ardın sıra melerim...
Hansımız quzu kimi yurdumuzun, yuvamazın, anamızın, atamızın ardından mələmədik ki?
Naxçıvan Universitetinin qonaq evinə varıncaya qədər başım hələ də dağlar və keçmişin rəngli xəyalları ilə məşğuldu. Bu elm yuvasının qonaq evi mənim üçün artıq yabançı bir yer olmaqdan çıxmışdı.Keçən il də həm anamla, həm də Azərbaycan sevdalısı Dr.Yusif Gədikli ilə yenə bu qonaq evində qalmış və gecə boyu uzun söhbətlər etmişdik.
Naxçıvan demək İğdıra bir nəfəslik yol qalmış deməkdir. Oraya varınca gözlərimə həmin an İğdırın işıqlarının parıltısı görünər. Hər şeyi daha rəngli və daha fərqli görməyə başlayıram. Keyfim yerinə gəlir, iştahım açılır və dilimdə kimsə duymasa da hey bir türkü olur.
Mənə ayrılan otağa girər girməz üzərimi çıxarmadan yatağıma uzandım.Yorğundum, amma yatmaq istəmirdim. Zehnimdə canlanan xatirələr sanki məni çılğın bir atın tərkinə ataraq diyar – diyar gəzdirirdi. Buradan bağırsam səsimi İğdırda kim duyardı görəsən? Sərhədləri aşa bilən bir səs ancaq və ancaq həsrətin bütün rənglərinə bürünmüş bir səs ola bilərdi !
Anamın indi pəncərəyə söykənib o qara və yorğun gözlərini yola dikdiyini adım kimi bilirdim. Daha Bakıdan yola çıxmadan telefonla danışdığım qardaşım anamın daha bir həftə öncəsindən çarpayısını pəncərənin önünə çəkdirdiyini söyləmişdi. Allahım, o qara gözlər neçə ildir yollara baxırdı! Neçə ildir göz yaşlarını içinə axıda – axıda yolların türküsünü söyləyirdi.
Bir yoldur ki kimse ermez murada
Bilmez bir can onu bekler burada..
Xəyalların qucağında yuxu ilə oyanıqlıq arasında gedib gəlirkən telefonum çaldı. Zəng vuran İsa müəllimin köməkçisi Hikmət Mehdiydi. Bu gənc tədqiqatçı H. Cavid və Məmməd Araz vurğunu bir aydınımızdır.Telefonda İsa bəyin gözlədiyini söyləyir. Tez qalxıb rektorata keçirəm. Universitetin içi sanki bir gül bağçası...Hər yer düzənli və yaşıl. Ətrafa heyranlıqla baxa – baxa gəzirəm. Gənc tələbələr modern binaların önündə qrup şəklində toplanmış söhbət edib gülürlər. Onlara baxdıqca enerjim artır, həsrət bir az daha azalır. Rektorat otağında İsa bəy yenə eyni gülər üz və səmimiyyətlə qarşılayır məni. Sanki daha dünən görüşmüşük kimi ortaq mövzulardan başlayırıq söhbətə...İsa bəy deyincə gözlərimin önünə həmin an başdan – başa Naxçıvan gəlir. Bir insan doğulduğu yerlərlə bu qədərmi bütünləşər? Hər kəlməsində Naxçıvan var. Bu torpaqların insanını, bitkisini, suyunu, mədəniyyətini, tarixini elə dərindən tanıyır ki, dinlədikcə təəccüblənməmək əldə deyil. Ədəbiyyatçı olmasına rəğmən sanki bir arxeoloq kimi çəkmələrini geyinib dağlara çıxır, minlərcə il öncəki yaşayış yerlərində tədqiqat aparıb yazılar yazır. Hələ Naxçıvanda yetişən elm adamlarını ən incə ayrıntılarına qədər bilir. Amma ən önəmli tərəfı maarifpərvərliyi... Minlərlə tələbə sanki onun öz övladları... Kiçik nəvəsi İsadan necə sevinclə bəhs edirsə, tələbələrindən də eyni şəkildə bəhs edir. Onu hər görüşümdə heyrət və heyranlıqla anlatdıqlarını dinləyir və içimdən “bu mövzunu mütləq yazacam” deyirəm. Amma anlatdıqlarında o qədər bilgi yüklü ki, ondan ayrıldığımda hansını yazım deyə çaşıram. Ayrıca Naxçıvan Universiteti müntəzəm olaraq yabançı elm adamları ilə dolub daşır. Mən getdiyimdə qonaq evində Türkiyədən gəlmiş iki professor vardı. İsa bəy bütün bu qarşılamalar və ağırlamalara necə vaxt ayırır, çaşıb qalıram. İnanc insana enerji və ümid aşılayır.Özünü ölkəsinə, onun gələcəyinə və gənclərin təhsilinə adamış bir insandan bundan başqa nə gözləmək olar ki!...
Mənə həyəcanla Tiflisdə məşhur azərbaycanlı mütəfəkkir Mirzə Cəlil Məmmədquluzadənin yaşadığı evi necə axtarıb tapdığından bəhs edir. Bütün gün axtarışdan sonra evi tapmasını bir uşaq sevinci və həyəcanıyla elə təsvir edir ki, gözlərim dolur.
İsa bəy universitet çalışmalarından başqa da müntəzəm oxuyan, araşdıran bir insan. Məmməd Səid Ordubadinin “İki gəncin Avropa səyahəti” əsərini ilk dəfə oxuyucu ilə tanış edən də odur. Bu əsəri Almaniyada yayınlamaq üçün İsa bəydən alıram.
İsa bəy məni rektor yardımçısı Prof.Məmməd Rzayevlə tanış edir. Məmməd bəy filosofdur. ”Fəlsəfə tarixi “ isimli bir kitabı var. Ayrıca “Keçid dövrü və şəxsiyyət” isimli əsəri tədqiqatçılar üçün tam bir qaynaq əsəri. Məmməd bəylə bərabər Prof.Dr. Sevindik Vəliyev, Prof. Dr.Həmzə Cəfərovla tanış oluram. Sevindik bəy filoloqdur. Sonradan mənə verdiyi “Türk dillərində sadə cümlə” əsərini yol boyu zövqlə oxuyuram. Həmzə Cəfərov da bir Naxçıvan aşiqi müəllim. “Naxçıvan təhsil və inkişaf yolu və imkanları” əsərində Naxçıvandakı məktəbləri ən incə detalına qədər anlatmışdır.
Bir başqa gənc tədqiqatçı Elbrus İsayev daha yeni yayınlanmış “Böyük İpək Yolu və Naxçıvan” əsərini imzalayıb verir. Daha 33 yaşındakı bu gənc elm adamının əsəri tam bir roman kimi...Tərtəmiz və axıcı bir dillə tarixdən günümüzə İpək Yolunu və onun bizim xalqımız üçün həyati önəmini anlatır. Rəsm və şəkillərlə süslənmiş əsər türk, rus qaynaqlarından yararlanılaraq hazırlanmışdır.
Zaman keçdikcə başqa müəllimlərlə də tanış oluram. İsa bəy tam bir elm ordusu toplamış ətrafına. Dr.Anar Kazımov elmi məqalələr və elmi işlər mövzusunda mütəxəssis, xarici tələbələr bölməsinin dekanı Xanəli Kərimli həm elm adamı, həm də şair... “Bayraq” şeiri universitetin divarlarını bəzəyir.
Gözəl gün tez keçər. Bir elm yuvasının havasını tənəffüs etmək, şairlər, yazarlar, müəllimlərlə söhbət etmək insana dərdi, kədəri, həsrəti də unutdurur. Bir gün sonra İğdıra doğru yola çıxıram. Hər metrdə belə doğulduğum torpaqlara bir az daha yaxınlaşmaq məni həyəcanlandırır. Məni İğdıra götürən maşının sahibi də iğdırlı...O, tez – tez bu yolları gedib gəldiyi üçün ildə bir insanın doğulduğu yerlərə getməyin mənasını əlbəttə mənim qədər hiss edəmmir. İki ölkə arasındakı sərhəd əslində süni bir sərhəd. İki tərəfdə də eyni xalq...Vaxt aparan bir çox formallıq və səbr diləkləriylə o biri tərəfə keçirik. İğdıra yaxınlaşdıqca Ağrı Dağı ana kimi qucaqlayır məni. Gözlərim Ağrının zirvəsində, hər keçən kilometri saymağa başlayıram. İki saatlıq həsrət dolu yolçuluqdan sonra kəndə giririk. Anam pəncərənin arxasında gözlərini yola dikmiş, daha 13 yaşındaykən qürbətə göndərdiyi oğlunu gözləyir. Maşından endiyimi görüncə sinəsinə vura – vura qucağıma atır özünü. Hansı gül, hansı çiçək, hansı usta bağbanın bağçası ana qoxusunu verə bilər ki? Göz yaşı və həsrət dilimizdə yanır.
Hər gedişimdə İğdırı bir az daha dəyişmiş tapıram. Amma mənfi dəyişiklik daha çox gözə batır. Plansız böyümə, qarışıqlıq, infrastrukturun yetərsizliyi insanları bezdirmiş. Amma bütün bu mənfiliklərə rəğmən insanlar daha məlumatlı və fəal olmuşlar.
Mənim İğdıra gəldiyimi duyan kimi qaçıb gələn vəfalı, duyğulu dostum, qardaşım şair Yəhya Azəroğlu məni bu fəal insanlarla tanış edir. Dr.Oğuz Şimşək, Dr.Mehmet Kum öncədən adlarını duyduğum, amma yeni tanış olduğum İğdırın öndə gələn aydınlarından...
Onların dostlarıyla qurduqları İğdır Pozitiv Düşüncə Platformu İğdıra gələn bizim kimi qürbətçiləri qonaq edib fikirlərinə müraciət edirlər. Belə bir toplantıya məni yazar və tədqiqatçı Hasan Buyruk ilə uzun illər Ankarada,TRT-nin əməkdaşı İsa Yaşar Tezeli dəvət edirlər. Yeməkli toplantı hər kəsə həm bir tanışlıq və həsrət gidərmək, həm də bir fikir gimnastikası etmə imkanı verir. Dr.Emin Akyıldız, Dr.Ercan Aras, adını ilk kəs orada duyduğum və gerçəkdən İğdır adına sevindiyim digər aydınlar İğdıra yönəlik ümidlərimi artırırlar.
Gecə çox gözəl duyğularla ayrılıram İğdırdan. Kəndə yazar dostum Fəxrəddin Budakla dönürük.Yol boyu söhbətimiz İğdır üzərinə davam edir. Fəxrəddinə ümidlərimdən , xəyallarımdan bəhs edirəm. Ümid və xəyallarımın bir ucunda Azərbaycan, bir ucunda Türkiyə var. İğdır bu ümid işığının ortasında.... Mehmet Kum, Yəhya Azəroğlu, Oğuz Şimşek, Fəxrəddin Budak kimilər bu iki ölkənin ortasında bütün qaranlıq ssenarilərə rəğmən əllərində fikir məşalələriylə ətrafa aydınlıq saçırlar.
Aydınlıq və gözəl günlər heç də uzaqda deyil.