BİLİRƏM, GƏLMƏZSƏN...
Bilirəm gəlməzsən, yığım gözümü,
Ümidim bir yolluq üzülüb bitsin.
Qəlbimə xəlvəti sıxım gözümü,
Ayrılıq adlayıb üstümdən, getsin.
Bilirəm gəlməzsən, bu yol çox uzaq,
Öz içimə düşüm, yaşayım yenə.
Ağrımı sonacan kim aparacaq?
Öz yükümü özüm daşıyım yenə.
Qəlbinin toz basmış künc-bucağında,
Yaddaşı qanadan köhnə üz qalıb.
Bir qız da nə vaxtdır yol qırağında,
Keçmişinə dönüb o, yalqız qalıb.
Sevincin yolları dolaşıq düşüb,
Azmışam içimin sənsizliyində.
Kim mənim bəxtimi belə dəyişib:
Ömrümün bu payız kövrəkliyində?
Ovutmaq çətindi kövrək illəri,
Sanma bu ömürdən yarıdım sənsiz.
Gözündən -gözümə sevgi axardı,
Sevgisiz qocaldım, qarıdım sənsiz.
Bilirəm, gəlməzsən, yığım gözümü,
Ümidim bir yolluq üzülüb bitsin.
Qəlbimə xəlvəti sıxım gözümü,
Ayrılıq adlayıb üstümdən, getsin.
GEDƏN ADAM
Mən, sən, hamımız
Üzü soyuq bumbuz,
Ölümdən yaranmışıq,
Ömrümüz ölümə yaraşıq.
Biz dünyadan keçmişik,
Dünya da bizdən keçib,
Biz dərdi daşlamışıq,
Dərd ömrümüzü biçib.
Getdikcə gedir karvanımız.
Vaxta yedək sarvanımız.
Dərd sənin, yük sənin,
Dünyanın karvan ağırlığı
Tək sənin.
Gedən adam çıxıb, get!
Bu yolun əzəlidə,
Sonu da sən,
Sən də bir yol baxıb, get!
Bu yolun əyrisinə, düzünə, get!
Düş ağına, qarasına
Gecəsinə, gündüzünə get!
Bu yol dünyadan-dünyaya
Çəkir bizi,
Tovlayır, ovudur səbrimizi.
Dünyaya gəlmək də, getmək də gerçək.
Get deyir, gedəsən gərək,
Bu taleni yazan yazıb
Baxtın bu,
Gedən insan, getməlisən
Vaxtın bu.
Ömür axar sudur,
Sən də axıb get!
Səndən sonra gələnlər var
Getməlisən, çıxıb get!
ÖZÜMLƏ GÖRÜŞƏ BİLSƏM...
Hərdənbir özümü heç tanımıram,
Zaman-vaxt əlindən hey gileyliyem.
Bu cür qəribəyəm, neynim, danmıram,
Alov xəyallıyam, od meyilliyəm.
Gah yerəm, gah göyəm, fikrim dolaşıb,
Sevincim azıbdır qəm dumanında.
Bəzən yaz selitək dağlardan aşıb,
İtirəm duyğumun ümmanlarında.
Pərişan dərvişəm, salan yox yada,
Məkansız, məskənsiz el soraqlıyam.
Bilmirəm, bu varlı-yoxlu dünyada,
Mən harda haqsızam, harda haqlıyam.
Hərdən də sızlayan qırıq bir neyəm,
Könlümdən qərib bir bayatı keçir.
Gah da ki, qayğısız uşaq kimiyəm,
Gözlərim həyatdan səadət içir.
Tapardım dünyanın yenə çəmini,
Dünyaya təzədən mən düşə bilsəm.
Tapardım içimdə itən mənimi,
Bircə yol özümlə görüşə bilsəm.
ELƏ BELƏCƏ QALAM...
Geri dönə o illər,
Görəm, gözüm doyunca.
Anam tuta əlimdən
Gəzəm çaylaq boyunca.
Əllərimi qanadam
Böyürtkən kollarında,
Dabanlarım yorula,
O daşlı yollarında.
Xallı kəpənək uçub
Adlaya koldan-kola,
Mən də düşəm dalınca
Qəlbimə sevinc dola.
O yerləri gözümə
əbədi naxışlayam
Elə beləcə qalam.
Göy qurşağından yerə
Təptəzə rənglər yağa,
Təzə nəfəs, təzə rəng
Çox gərəkdi torpağa.
Qayalardan atıla
gəlin şəlalələrim,
Sonaları çığrışa,
Maviləşə göllərim.
Ağ yağışın altında
İslandıqca islanam,
Palıdın koğusuna
Sığınıb daldalanam,
Elə beləcə qalam.
Çəkilə göy üzünə
Əllərimin duası,
Pənahım ola mənim
Göyün mavi dünyası.
Ümidtək Göy Tanrımın
Yapışam ətəyindən
Göy ömrü bağışlaya
Tanrım mənə yenidən.
Ömrə bir şam yandıram-
Elə beləcə qalam,
Beləcə qalam!
HƏLƏ VAXT VAR
Anamız günəşi sinəmizə sıxaq,
Atəşimə bol-bol qızınaq.
Bu acgöz dünyaya,
əyri, düz dünyaya,
doyunca baxaq
Gözümüzün nurunu yoranadək,
Yolu-yola calayıb
Özümüz yol olanadək.
Ürəyimizdə ümid,
Dodaqlarımızda gülüş,
Ruzigarımız sonadək, tələsək.
Hələ vaxt var...
Doyunca sevgi nəğməsi oxuyaq,
Çiçəklərin tellərindən,
Qərib vətən yellərindən,
Ana laylası qoxuyaq.
Xan çinarın altından bir də keçək,
Əyri budaqda cızdığımız
Naxışlarımız sevinsin,
Kəhrizlərin dodaqlarından birdə içək,
Sularında aynalanıb, daranan
Xatirələr həzin-həzin dinsin,
Hələ vaxt var...
Dünyamızı sevməkdən,
sevgimizi insanlarla bölməkdən
yorulmayaq,
Ruhumuza Tanrı sevgisi
enənədək,
ömür təzə bir ömrə dönənədək,
Hələ vaxt var, tələsək!
SALAM!
Arxam-dayağım,
Alınmaz sə
ngərim, basılmaz qalam,
Qartallı dağlarım,
Salam, salam!
Rüsxət ola, bircə gecə qonaq qalam,
Yuxumda da mən sizləri
Soraqlaram.
Salam! Yaz gününün ağ yağışı,
Qarı nənəmin cecimi-
Yeddi rəngli göy qurşağı!
Nəğmənizə alaçıqdan çıxam,
O ki var islanam.
Dağ başına tüstü qoya oğuz babam.
Köynəyimi sıxam, qurudam.
Salam! Məndən küsən kəndim.
Umacağım, güvənc yerim.
Bir vaxt analı-nənəli
Nağıl dünyalı evimiz,
Çəpərlərini yel yıxan həyətimiz,
Nənəmin əllərinə həsrət təndirimiz.
Salam! Salam!
İlk məhəbbətım əzəl sevgım
Saçlarıma taxdığım,
gözəlim, göyçəyim,
ətirli, iydə çiçəyim.
Yaz gecəli qayğısız uyğularım,
Yaşıl duyğularım.
Anamın dilimə verdiyi ilk sözüm,
İlk nəğməm.
Sizə əlvida demərəm,
Nə qədər ki, sağam, varam,
Salam! Salam!
İKİ DÜNYA ARASINDA
İki dünya arasında
Ömür avara qalıb,
Birində girov idi,
Birinə yedək olub.
Tanrım, bu ömrü nə yaşaya,
Nə başlaya bilirəm,
İlbəil göyərən,
Göyərdikcə köhnələn dərdini
Göz yaşımla silirəm.
Ürəyimdə yarımçıq azadlığım,
Vətən boyda paramparça
Bir dünya,
Bilmirəm gerçək, ya röya?
Bəxti qaranlıq,
Hər tərəfi yanıq,
Bir quşam, qanadları qırıq.
Aldanıb gəldiyim,
Cənnət bildiyim,
Yerüstü dünyadan qopar məni,
Təzədən göy dünyama!
apar məni.
Yol azalıb karvanım,
Bundan belə yol görmürəm
Nə danım.
İstəyirəm susuz bir səhraya,
Ya elə kimsəsiz uzaq, bir adaya düşəm.
Yaşıl bir yarpaq,
Ya sulu bulaq olam,
Yanan ürəklərə dolam
Təzə ömür başlayam,
İki dünya arasında
qalmayam.