|
|
|
|
İlk dəfə onunla Təbrizdə görüşmüşdüm. Oxuduğu şeirlərindən kəşf eləmişdim Məhəmməd Rza Çalğını. Söhbət elədik. "Dərd indi dəbdir" adlı müsahibəm Səlim Babullaoğlunun "Kitabçı" jurnalında dərc olundu. Bu günlərdə 5 iyun Şairlər günü üçün Çalğın da dəvət edilmişdi Bakıya.
Çalğının çıxışını hamı maraqla qarşıladı. Böyük yazıçımız Anarın təşəbbüsüylə Yazıçılar Birliyinin üzvlüyünə qəbul edildi Çalğın. Şairlər günündə Müşfiq mükafatına layiq görüldü.
Çalğın istedadlı və öncül düşüncəyə malik bir şairdir. Oxuyun şeirlərini, inanıram ki, siz də mənimlə razılaşacaqsınız. Qədəmin mübarək, Çalğın.
Fərqanə Mehdiyeva
Bir polis dostu da olmadı anamın
Biz də sapand ataq quşlara
Biz də qıraq kimsənin camını
Biz də qaz verək arabamıza bu şəhərdə
Adamsızlığımızdan duvarlara sığına-sığına yeridik küçələrdə
Bir baqqal dostu da olmadı anamın
Biz də şişirdək uvutlarımızı
Biz də dolduraq çantamızı
Biz də göstərək özümüzü
Biz də...
Bir şair dostu da olmadı anamın
Yazsın bizim poemamızı
Yazsın bizim dərdlərimizi
Heç kimsəni bəyənmədi anam
Heç kimsəni...
Yalnız atamdan başqa
O da ki cansız
O da ki adamsız
Odur ki solğunuq biz
Odur ki cürətimiz yox
Odur ki...
Bəli, dostum
Silkələn xiyavanlarda
Qoy saçların yellənsin
Sərinlət küçələri
Qaz ver arabana
Dağıt bu şəhəri
Sənə nə var ki
Sənin anan polis
Sənin anan qanun
Sənin anan para
Para
Para
Oğlan para...
lll
Təbriz
qızarır uzaqlardan
Bir gözü yaşıl
Bir gözü dəniz
Ölümdən bir saat öncə gördüm sarişin qızı
Kölgədə, döşləri çılpaq, əlləri əlcəksiz, Təbrizə gedir
Dostum yuxularında yol gedir gecələr
Duvarlara sığına-sığına yol gedir dostum
Polislərin gözlərindən iraq
Təbrizə gedir
Təbriz
qızarır uzaqlardan
Bir gözü yaşıl
Bir gözü dəniz
lll
Dərd şirin
Xiyavan qızlarının ürəgini sərinlədən
akvariumdakı şüvərən
Dərd acı
Halal qadınların haram qazancı
Biranklarda Doğum evlərinə götürülən sancı
Dərd yəni bacı
Dərd tanış
Biarti utubuslarında xanımların oralarına uzanan əllər
Dərd yabancı
İransel cənablarının sənə bağışladığı avans
Qara bankın qabağında papiyonlanmış şans
Qardaşını ölümə götürən eleqans
Dərd baş ağrıların toxtadan həbdir
Gücün çatırsa qorxma
Dərd indi dəbdir
Qonqa başında ayaqıyalın qaçır dönmüş arabanın ardınca
Qurd meydanında üstünə qar yağmış dərdin
Dərd düşüncə
Sətir-sətir oxuduğun kitablar
Gördüklərinin yanında görmə
diklərin
Görmədiklərinin yanında gördüklərin
Sevmədiklərinin yanında sevdiklərindir
Dərd yəni qürurun vitrinlərə əl açması
Gözləri anamın şəvə mıncığına bənzəyən qızın əzrailə qoşulub qaçması
Dərd yəni mən
Qanadından yaralanmış gövərçinəm elə keçmə böyrümdən
Dərd yəni sən
Göy məscidin həyətindəki dərdlərin çox suyu şirindir giləm
Ooooooy Təbrizim
Dərdlərini görəndə ölürəm
lll
Mənə rahatlıq duası oxumadınmı?
Mənim ciblərimə para duası oxumadınmı?
Mənim qucağıma övlad duası oxumadınmı?
Mənə sonsuzluq, kimsəzlik duası oxudun, ana?
Önümdə yollar bütün düymələndi köynəyim kimi
Arzularım üzümə qabar idi nanəcib övlad kimi
İçərimdə vurnuxdum yaralı göyərçin kimi
əllərim oxunmasın deyə
nə çox gecələri asfaltlarla savaşdım ana
nə çox gecələri üzümə dirəndi başmaqlarım
üzümə dirəndi əllərim, ayaqlarım
doslarımın yanında su olmayım deyə
nə çox gecələri cibini yardım ana
nə çox gecələri əllərim boşuna yumuldu ciblərində
nə çox gecələri
nə deyim
hey…
nə deyim
illərdir mən yoxam, ana,
illərdir heç kimsəm yox
illərdir yalqız düşmüşəm çinar ağacıtək
onunçün addım-addım yıxılıram küçələrdə
onunçün qapı-qapı dilənirəm bu şəhərdə
onunçün təmənnam var qadınlardan
onunçün vurulmuşam qırx yaşında bir qadına
illərdir yanıram onun oduna
illərdir beş çocuq atasıyam
hamısı nanəcib
hamısı müsafir dolu
hamısının kələləri göbəklərində bitmiş
hamısının...
nə deyim, ana,
nə deyim
başım ağrıyır
başım ağrıyır illərdir
lll
Aqilli bir kimsəm olmadı mənim
Atam -
Boşuna eşinən bir ərkək
Anam -
Özünü bəyənmiş bir qadın
Qardaşlarım -
Birisi faşist
Birisi də kölgəsiylə savaşır hər gün
Gündüzlərim məhkum insan kimi darda
Gecələrim qabıq kimi soyulur buralarda
Üzümə qayıdır bütün dam-duvar
Üzümə qayıdır burda hər nə var
İçərim oxunmasın deyə
Özümü axtarıram kitablardan
Özümü axtarıram küçələrdən
Özümü dara asmışam bir qadınnan
Siçan kimi çeyniyir gündüzlərimi
Bıçaq kimi soyur dərimi
Ağıllı bir kimsəm olmadi mənim
Nə özüm boyda bir oğlum oldu adını Bülənt qoyum
Nə sənin kimi bir qızım oldu Günəş qoyum adını
Nə də…
Ağıllı bir kimsəm olmadı mənim
lll
Məni yuxularında da görmə
Dodaqların uçuqlayar birdən
Qorxarsan
Məni özümdən tez doğmuşlar
İnandığım saatlara vaxt çoxdur
Qulaqlarına oxuduğum şeirləri poza bilərsən
Poz barmağındakı üzügə qazdırdığın (M) hərfin
Kimligini hamamda islat pozulum səndən
Sən məni sevməsən də olar
Məni yuxularında da görmə
Sənin qapıların günçıxana açılırlar
Mənə gələn yolların üzləri gün batanadır
Ayaqlarındakı qabları üzdən salma
ətəgindəki daşları qapınıza boşalt
boşalt vabalini meydan çayına
boşal
boşan
mənim saatlarım özümün deyil
ciblərimə baxarsan
baxma
qorxarsan
Dodaqların uçuqlayar birdən
Məni yuxularında da görmə
Kart çək bu kalabalığlı şəhərin otobuslarına
Uzaq duraqlarda enərsən
Sən öz tüpürcəginən yaşamaq nədir bilmirsən
Qoşulma mənə
Ölərsən
lll
Sən evlənə bilməzsən, Çalğın,
Gözləri soyuq cənazədir dəniz rəngində
Saçları gün bozartmış asfalt
Yanaqlarında Günəş yayılmışdır
Dodaqlarında dalğa
Qadınlığı unudub oturmuşdu böyrümdə
Sağ əlində hövüşnə
Sol əlində sevgi
Üzümə dedi bu sözləri parkda
Xınagözlü qız
Sən evlənə bilməzsən, Çalğın,
Sənin atan
Qaş-qabağına baxarsan qarğa rəngində
Anan
Göz yaşlarımın iyisin verir
Qardaşların
Təşərligindən əylənməyən mankenlər
Masğaran bəyləridir yoldaşların
Sən evlənə bilməzsən, Çalğın,
Çünki sən
Ölçə bilmirsən dərdi toxtaqlığınan
Sevgini barmaqlarınan ölçə bilmirsən
Etirafdır sevgi
Səni sevirəm
Qızarır ufuq
Səni sevirəm
Buludlar kişnəşirlər
Səni sevirəm
Ağaclar gül açıllar
Səni sevirəm
Sən məni sevmirsən
Sən evlənə bilməzsən, Çalğın.
lll
Qapını açıq qoy, ana,
Açıq qoy qapını lütfən
Nə başmaqlarını oğurlayacaq oğru
Nə astanaya suvaşacaq bir dilənçi
Qapını açıq qoy ana
Açıq qoy qapını lütfən
Saatlarıma baxarsan sanki
Günlərimə baxarsan
Baxma
Ulduz falımda qapqara palçıqdır
Qapını açıq qoy ana
Açıq qoy qapını lütfən
əzraili incitmə
lll
Məni buraxıb getmə
Nə şeir yazaram
ac qalarsan
Nə Mayakovski oxuyaram
Nə də Kafka
Məni buraxıb getmə
Həndəvərində dığırladaram saatlarımı
Masamızı təmizlərəm axşam üstəli
Uşağının südündə alaram söz verdim
Məni buraxıb getmə
Məni on doqquz yaşıma tay tutma
Qəlbimin aort dərbəçəsi plastikdir
Unutma
lll
Kölgəmi əllərimnən baltaladım
Baramaqurdu kimi gələcəyimi düymələdim
Uşaqlığımnan günü kimi keçindim
Arzularım vitrinlərin qucağında göyə ulaşdı
Qürurum qara asfaltlara suvaşdı
Sındım əyilmiyəsən
Səni gurur köpükləri kefləndirdi
Səni sənə qalmıyanlar oynatdı
Yunan tanrıları kimi həvəsini becərtdin
Sən mənə düşmən türətdin,
Ata.
Həyatın döngələrində
Tapança kimi əllərim boşuna açıldı
Hayf sənə yaşadığım günlər
Hayf sənə güvəndigim günlər
Qorxundan qucağına sığındığım günlərə hayf
Hayf...
İnsan təzadlar dünyasıdır
Məni gördükcə çimçəşirsən
Düşünürəm
Məni yoxsulluq adında oynaşım gözdən saldı
Ovuclarından muğayat ol
Paraların düşüb itməsin
Məni də qoy qapı-qapı süründürsün sevda
Kişi tüpürdügün yalamaz ki
lll
Küməmizin çobuğuna bağladığım köpək səndən vüqarlıdır
Hey...
Gözləri gəcilə bənzəyən qız
Dodaqlarının nümrəsi şəhərin boyaxanalarına sığışmayır
Geyinişin mitqalçıları cana gətirmiş
Gülüşün yalnız həvəsdir
Qurquşumla dağınıq baxışlarını
Daha bəsdir
Mən buradan başlandım, Müjgan,
Utubusdakı on səkkiz yaşındakı qızın gözlərindən doğuldu on doqquz yaşım
Dodaqlarının hövüşnəsindən çövzə tökdü yanaqlarım
Baxışlarının suyu şirinligindən anamın pasyo çiçəkləri kimi boyatdı buğlarım
Saçlarından pöhrələndi qara günlərim
Mən buradan başlandım Müjgan
Sən facebook pəncərəsindən boylanan türk qızı
Sabah çağlarında günəşin üzünə gülümsəyən günə baxan
Gözlərimə sataşırsan
Hövşənədən düşür içərimdə qorxu
Gözlərinə sataşıram
Yox oluram səndə
Mən aylədən üzülmüş bir oğlancıq
Aylənin altından keçirəm qaralır nə varsan
Aylənin üstündən keçirəm açılır pərdə
Üşüyürəm
Yandır duvarlarımızda pöhrələnmiş tikanları
Dədəmin kitablarını yandır üşüyürəm
Sən xiyavanları adsız , küçələri çıxılmaz
Mən, başmaqları nəfəsdən düşmüş postçı
Ayaqlarıma yazıram yolların yanlışlığını
Fəsillər uzaqlaşırlar
Yağış yağır bir axşamüstü
Xəyalımdan keçirsən islanırmasam
İslanır ağaclarda domuşmuş sərçələr
Fəsillər uzaqlaşırlar
Qar yağır göylərə
Ağarır saçım
Ağarır qol saatımın əqrəbləri
Nə yazdığım şeirlər xına gözlərinə quş verə bilir?!
Nə göndərdigim elçilər
Mən buradan başlandım, Müjgan,
Min doqquz yüz doxsan altıncı ilin qış ayında
Küçəmizdən bir utubus keçdi
Şüşələrində bəyaz çiçək
İçərisində on doqquz yaşında bir qız
Dışarısında
Oooooy
Yandm
Yandım
Yandım
Bağışla Müjgan
Çaydan aşdı üstümə...