"İlk Avropa Oyunlarının açılış mərasimi necə möhtəşəm idisə, onun bağlanış mərasimi də bir o qədər möhtəşəm və əzəmətli oldu.Açılış mərasimi yaddaşlarda dərin izlər buraxdığı kimi, bağlanış mərasimi də hələ uzun illər yaddaşlardan silinməyəcək, heyranlıqla xatırlanacaq".
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Yusif Babanlı dilə gətirib.
Onun dediyinə görə, belə bir möhtəşəm, son dərəcə əsrarəngiz açılış və bağlanış mərasimindən ancaq və ancaq fəxr etmək, qürurlanmaq olar."Eyni zamanda, bütün dünya gördü və bir daha əmin oldu ki, Azərbaycan dövləti və xalqı nələrə qadirdir, Azərbaycan adlı məmləkət inkişafın hansı yüksək mərhələsindədir"-deyən, Y. Babanlının sözlərinə görə, həmçinin, bütün dünya gördü və bildi ki, aylardan, illərdən bəri istər Avropa Oyunlarına, istərsə bütövlükdə Azərbaycana qarşı aparılan qarayaxmalar, Avropa Parlamentinin, Almaniya Bundestaqının, "London platforması"nın təşkil etdikləri və sinxron şəkildə həyata keçirdikləri anti-Azərbaycan kampaniyaları böhtandan, qərəzdən, ikili standartlardan başqa bir şey deyilmiş:
"Bütün dünya həm də gördü və özü üçün yəqin etdi ki, cəmi bir neçə il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini öz qətnaməsində əks etdirən, ancaq anti-Azərbaycan kampaniyası "xoru"nda yer alaraq Oyunların gedişatında Azərbaycanı fakt qarşısında qoymağa, dalana dirəməyə yönəlik qətnamə qəbul edən Avropa Şurası Parlament Assambleyası nə qədər gülünc və zavallı bir vəziyyətdəymiş. Həmin günlərdə Ermənistanda cinayətkar xuntanın öz xalqına divan etdiyini görməzlikdən gələn, özünü digər beynəlxalq qurumlar kimi korluğa, karlığa, lallığa vuran Avropa Şurası Parlament Assambleyası, xüsusilə, Qross kimiləri Ermənistanı cəzalandırmaq, Sərkisyan hakimiyyətinin xalqına qarşı etdiyi anti-insani davranışlara görə məşhər ayağına çəkmək əvəzinə Azərbaycanla bağlı sənəd qəbul edərək, işğal altındakı Dağlıq Qarabağa bitişik 7 rayonun adı olan ifadəni oradan çıxarmış və bir daha anti-Azərbaycan ermənipərəst dairələrin əlində alət olduğunu sübut etmiş, öz iç üzünü çılpağlığı ilə ortaya qoymuş oldu. Amma bütün dünya gördü və bir daha görməlidir ki, nə Qrosslar, nə Merkellər, nə Şultslar, nə Lunaçeklər, nə AŞPA-dakı, nə Avropa Parlamentdəki, nə Bundestaqdakı digərləri bu cür davranışları, açıq-aşkar qərəzli və ədalətsiz addımları ilə heç nəyə nail ola bilməyəcəklər. Onların Azərbaycanı təzyiqlər yolu ilə öz yolundan döndərməsi, Ermənistanı isə düşdüyü bu xaos və çöküş girdabından xilas etmək istəkləri mümkün olmayacaq. Bu yöndəki bütün cəhdləri fiaskoya uğrayacaq. Nə qədər çox təzyiq göstərsələr Azərbaycan bir o qədər güclü və möhkəm olacaq, həmçinin, nə qədər xilas cəhdlərində bulunsalar da Ermənistanı inkişafa, tərəqqiyə, sabitliyə qovuşdura bilməyəcəklər. Ermənistanın çöküşü daha sürətli və daha geridönməz xarakter alacaq". Y. Babanlının fikrincə, yəni, bütün dünya, o cümlədən, anti-Azərbaycan dairələr artıq güclü-qüdrətli Azərbaycan faktoru ilə üz-üzə qaldıqlarını və onu qəbul etməkdən başqa yolları qalmadıqlarını birdəfəlik özləri üçün qəbul etməli, bundan sonra da Azərbaycanla hesablaşmalıdırlar. "Çünki başqa yolları yoxdur. Azərbaycan bütün sahələrdə öz sözünü dediyi kimi, hərb sahəsində, torpaqlarının azad olunması məsələsində də öz sözünü deyir və deyəcək. Qələbə bizimlədir və hər zaman da bizimlə olacaq. Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara, zəfərlərə imza atacaq. Azərbaycan bundan sonra da hələ bir çox idman, musiqi yarışmalarına, beynəlxalq toplantılara uğurlu və yüksək səviyyəli ev sahibliyi edəcək".
Millət vəkili Adil Əliyev də deyib ki, Bakı 2015 I Avropa Oyunlarının açılışı kimi bağlanışı da möhtəşəm oldu. A. Əliyevin dediyinə görə, Azərbaycan hər gün uğurlara imza atmaqdadır: "Yüksək təşkilatçılıq öz sözünü dedi. Ölkəmizə qələbələr yaraşır. Dünya bir daha Azərbaycanın beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin şahidi oldu. Ölkəmiz bu kimi tədbirlərin mərkəzinə çevrilib. Bir daha xalqımızı təbrik edirik".
"Birinci Avropa Oyunlarının Bakımızda möhtəşəm bağlanış törənində iştirak etdik". Bunu isə digər deputat Qənirə Paşayeva öz facebook statusunda qeyd edib. "68 minlik stadionda gözəl himnimizin səslənməsi və əsrarəngiz bir proqram"-deyə, qeyd edən Q. Paşayevanın yazdığına görə, bağlanış mərasimi bütövlükdə möhtəşəmdi və hamımız qürur duyduq. "Hər zaman daha da inkişaf et əziz Azərbaycanımız! Əziyyəti keçən hər kəsi təbrik edirəm! Təbriklər cənab Prezident! Təbriklər Mehriban xanım! Təbriklər bütün xalqımız! İnşallah, bu cür möhtəşəm tədbirləri işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də keçirəcəyik! Əməyi keçənlərin hamısına təşəkkürlər. Duyğulu anlar yaşadıq! Hər zaman uğurlar anamız Azərbaycan!"
K.HƏMZƏOĞLU