Lisenziyası ləğv olunmuş ABU-nun keçmiş rektoru Elşad Abdullayev bu gün yeni video yayıb. “Azadlıq”a göndərdiyi videoda o, əsasən ötən videosunda Arzu Kazımovla bağlı bəzi məsələlərə aydınlıq gətirib, həmçinin Rövşanə Əliyevanın onunla video-görüşündəki mübahisə yaratmış bir sıra görüntülərə və söhbətlərə dair açıqlama verib. Keçmiş rektor, həmçinin onun Səbirə adlı bacısının olmasını inkar edib və s.
Qeyd edək ki, E.Abdullayevin bu dəfəki mülahizə və açıqlamaları əsasən Rövşanə Əliyevanın “Təzadlar”ın ötən həftəki sayında dərc olunmuş müsahibəsindəki fikirlərini təkzib etmə üstündə köklənib.
“Təzadlar” qəzeti Rövşanə Əliyeva ilə əlaqə saxlayıb. Xanım bu video açıqlamadan xəbərdar olduğunu bildirib və E.Abdullayevin onu qaralamasına çox pis baxdığını söyləyib:
- Mən bir daha təkrar edirəm ki, ABU-ya işə girmək üçün neçə aylar boyu gedib gəlmişəm və E.Abdullayevi də orada tanıyıb görmüşəm… Onun qəbuluna düşmək mümkünsüz bir məsələ olub. Amma o, məni bacısı Səbirə və qardaşı E.Abdullayev vasitəsilə qəbul edib. Məlum videoda da onun qardaşı E.Abdullayev və mənə onun özünün və bütün universitetin Səbirə kimi tanıdığı bacısı iştirak edib… Təzə videosundan da görünür və bir daha təsdiqlənir ki, mən E.Abdullayevlə heç bir halda pul alış-verişi məsələsinə qarışmamışam, qarışa da bilməzdim. Amma çox təəssüflər edirəm ki, o, qardaşının tapılması üçün özünün dediyi kimi, böyük-böyük kişilərə pullar verib, sonra aldanıb, onlar qalıb bir kənarda, düşüb mən körpə uşağı olan qadının üstünə. Bunu ona bağışlamaq olarmı? Mənim ən böyük günahım budur ki, ona bir qadın kimi yazığım gəlib və qardaşının tapılması üçün təsəlli verməyə çalışmışam. Bu görüşlərdə və təsəllilərimdə də məqsədim, təkrar edirəm, bu olub. Özü də təsdiqləyir ki, bunlar hansısa pul təmənnasına görə deyil, sadəcə, sənədlərimi almışdılar və məni ABU-da işə götürməli idilər… Bunu da etməyiblər, hələ də sənədlərim orda qalıb. O ki qaldı onun Səbirə adlı bacısının olmamasına, mən ABU-ya gedib-gəldiyim müddətlərdə Səbirəni onun bacısı kimi tanımışam, yəni özü və qardaşı, bütün universitet belə tanıyıb, o cümlədən də mən. Biz - Səbirə və Eldənizlə birlikdə Mahirin tapılması üçün dəfələrlə ocaqlara, pirlərə getmişik, qurbanlar kəsmişik… Səbirə Allaha dualar edəndə qardaş-bacı istəkləri ilə edib. Yad adam o cür dualar edib Allaha yalvarardımı? Və bizim Səbirə ilə münasibətlərimizdən də bilirəm ki, onların iki bacısı olub və biri də Səbirə idi. Məlum videodakı görüşdə də mən, Elşad, Səbirə və Eldəniz, 4 nəfər olmuşuq… Mənim bundan artıq deməyə sözüm yoxdur. Elşad mənim ailə işlərimə bu videoları ilə qarışır, şəxsi həyatımla oynayır, məni ölüm həddinə çatdırıb. Sevinc Babayevanı çərlədib öldürtdü, indi də məni bu həddə gətirmək istəyir…