Noyabrın 19-20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” adlı seminar keçirilib.
Əvvəlcə ARDNF-nin binasında KİV nümayəndələrinin iştirakı ilə otaqlara baxış keçirilib, bina haqqında məlumat verilib. Bildirilib ki, binanın divarlarında xalçaçılıq sənətinin müxtəlif nümunələri öz əksini tapıb.
Daha sonra "Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar" mövzusunda seminar keçilib.
Seminarda Risklərin idarə edilməsi departamenti və İnvestisiya departamentinin əməkdaşları Dövlət Neft Fondu haqqında məlumat verərək suveren fondlar haqqında danışıblar. Təsnifat, hüquqi baza, idarəetmə anlayışlarına aydınlıq gətirilib.
Fondun büdcə proqnozlaşdırma və layihələndirmə departamentinin əməkdaşı isə jurnalistlər qarşısında çıxış edərək Dövlət Neft Fondunun ölkə iqtisadiyyatında yeri və rolu barədə məlumat verib.
Seminarda Neft Fondunun gəlir və xərclərinin proqnozlaşdırılması müzakirə olunub.
Bildirilib ki, Seminarın keçirilməsində məqsəd şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF-nin büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrini daha geniş informasiya ilə təmin etmək, onları investisiya portfelinin diversifikasiyası və investisiya strategiyasının tətbiqi sahəsində ətraflı məlumatlandırmaq, Fond barədə düzgün və peşəkar məlumatların yayılmasına nail olmaq, Fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair iştirakçıların təkliflərini öyrənmək və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.
Seminarda çıxış edən Fondun Risklərin idarə edilməsi Departamentinin rəhbəri Bəhruz Bəhramov bildirib ki, Azərbaycan Dövlət Neft Fondu ARDNF) 2016-cı ildə aktivlərini hazırkı səviyyədə saxlayacaq:
“Gələn il Fonddan dövlət büdcəsinə transfertlərin həcmi 6 mlrd. manat həcmində nəzərdə tutulub. Amma növbəti illərdə bu azaldıla bilər ki, bu da aktivlərin qorunmasına yönəldilib. Tansfertlər azaldılmaqla yığıma yönəldiləcək". ARDNF-in İnvestisiyalar Departamentinin əməkdaşı Elnur Babayev bildirib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ fond bazarında iştirakını məhdudlaşdıraraq Avropanın səhm bazarına kapital qoyuluşunun artırılması imkanlarını nəzərdən keçirir.
E.Babayev qeyd edib ki, yaxın vaxtlarda ABŞ-da uçot dərəcəsinin artması səbəbindən fond bazarında investorların saxladıqları səhmlərin satışına başlanacağından, ARDNF oradakı sərmayələrini məhdudlaşdırmağı düşünür. Əvəzində isə Avropa Mərkəzı Bankının yaxın zamanlarda avrozonada monetar ekspansiyanı genişləndirmək və mövcud ekspansiyanın müddətini uzatmaq qərarının bu bölgədə likvidliyi artıracağı səbəbindən fond bazarının yüksələcəyinə görə bu bazarlara investisiyanı artıra bilər.
Hazırda bununla bağlı Fond tərəfindən müvafiq araşdırmalar aparılır. Tədbirdə “Suveren fondlar – ARDNF-nin timsalında”, “Büdcə və layihələr”, “İnvestisiyalar və investisiya prosesi”, “İnvestisiya portfelinin qurulması və investisiya strategiyasının həyata keçirilməsi”, “İnvestisiyaların həyata keçirilməsindən sonrakı proses” və “Şəffaflıq və Santiaqo Prinsipləri” mövzularında təqdimatlar olub.
Jurnalistlər həmçinin Fondun İnvestisiya Departamentinin fəaliyyəti ilə də tanış olublar. Seminarın sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, sertifikat alanlar sırasında "525-ci qəzet"in əməkdaşı da var.