|
|
|
|
Noyabrın 27-də İranın tanınmış din xadimlərindən biri, "Dünya Əhli-Beyt Qurultayı" təşkilatının sədri ayətullah Məhəmməd Həsən Əhtari Ermənistan katolikosu 2-ci Qareginin dəvəti ilə İrəvanda olub.
Səfər əsnasında ayətulla Əhtari Ermənistanın hakimiyyət nümayəndələri və din xadimləri ilə görüşüb, İrəvandakı məscidə, Üçmüədzindəki kilsəyə baş çəkib.
İrəvan Dövlət Universitetinin tələbələrinin qarşısında çıxış edəndə ayətulla Həsən Əhtari "farslarla ermənilərin yaxın, qohum millətlər" olduğunu deyib, İranla Ermənistan əlaqələrinin mövcud durumundan razılığını dilə gətirib. Bundan başqa, o, Tehranla İrəvan arasındakı təmasların daha da genişləndirilməsinə və fəallaşdırılmasına zərurət duyduğunu da vurğulayıb.
Universitetin rektoru Aram Simonyan iranlı qonağın belə açıqlamalarından vəcdə gələrək çıxışında söyləyib: "Ermənistanla İran bir millət, iki dövlətdir".
Ayətulla Əhtari erməni xalqının İrəvandakı Göy Məscidin qayğısına qalmasından razılığını vurğulayıb.
Sovet İttifaqı dağıldıqdan sonra İranın Ermənistana verdiyi dəstəkləri nəzərə alsaq, ermənilərlə farsların bir-birilərini qohum adlandırmasında təəccüblü heç nə yoxdur. Lakin təəssüf doğuran haldır ki, fars din xadimi ayətulla Əhtari Göy Məscidi "fars memarlıq abidəsi" adlandırıb. Birmənalı olaraq, sözügedən məscid Azərbaycana məxsusdur və farslarla heç bir əlaqəsi yoxdur.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa İranın regionda ikili oyun oynayıb-oynamadığını cənub qonşumuzun ayətullalarının əli öpən azərbaycanlılardan soruşmaq lazımdır: "Buyurun, bu da sizin ayətullahlarınız. Bu da sizin erməni soyundan gələn az qala ətəyindən öpdüyünüz adamlar. Biz neçə illərdir deyirik ki, İran ayətullahlarının əsas məqsədi müsəlmanlıq, din və İslam üzərində cəmləşməyib. Onların əksəriyyəti erməni kimi bir şeydir. İranın ermənilərə bu cür qucaq açması bunu bir daha göstərir. Ona görə də, özünü türk millətinin nümayəndəsi hesab edənlərin ayılmasına ehtiyac var ki, gedib din pərdəsi altında fəaliyyət göstərən başqa ölkənin ruhanilərinin əlini öpməsinlər, öz Vətənlərinə sahib çıxsınlar, öz düşmənini və dostunu yaxşı tanısınlar".
F.Mustafa hesab edir ki, İrəvanda deyilənlər doğrudur: "Farslarla ermənilər bir-birinə mənən yaxındırlar. Çünki belə olmasaydı, İran işğalçı dövlətə bu qədər rahatlıqla dəstək verə bilməzdi. Ona görə də, biz - ermənilərlə yaxın olmayan azərbaycanlılar - ölkəmizin insanları barədə düşünməliyik".
Millət vəkilinin sözlərinə görə, bizim üçün sevindirici haldır ki, erməni İranla bir millətdən olduğunu etiraf edir: "Biz bundan nəticə çıxarmalıyıq".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, İran Ermənistanı Azərbaycanla müharibə başlayandan ciddi sürətdə müdafiə edir: "Ermənistana silah göndərən təkcə Rusiya deyil, eyni zamanda İrandır. Ayətullah Əhtari də yəqin ki, milliyyətcə farsdır. Ayətullalahların içərisində milliyyətcə azərbaycanlı olan da var. O fars olduğundan ermənilərlə qohum, yaxın millət olduqlarını söyləyib. Sırf dilçilik nöqteyi-nəzərindən də erməni dili İran dilləri qrupuna daxildir. Lakin Azərbaycan dilini də bəzən Hind-Avropa dilləri qrupuna aid edirlər. Bu o demək deyil ki, Hind-Avropa dilləri qrupuna daxil olan millətlər bir-biri ilə qohum, qardaşdır. Yəni, məsələ burasındadır ki, dini xadim olan Əhtari birdən-birə dilin qrammatikası, orfoqrafiyası və tarixinə baş vuraraq erməniləri farslarla eyni millət olduğunu qənaətinə gəlir".
Politoloq qeyd edib ki, İranda 7-8 millət var: "Onların içərisində ən böyüyü azərbaycanlılardır. İranda ən azı 35 milyon azərbaycanlı var. Haradasa, 25 milyon fars var. Yəni, hansı haqla Ermənistanla İranı "bir millət, iki dövlət" elan edirlər? Bu, savadsız mollaların uydurmaları həqiqətən də hər cür tənqidə layiqdir.
İran Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından qısqanclıq keçirərək Ermənistana yardım etməyə, dəstəyini artırmağa başlayıb. Ancaq Əhtari bilməlidir ki, onun ölkəsində əhalinin yalnız 35 faizi farslardır. Heç o farslarla erməniləri "bir millət, iki dövlət" anlamına gətirmək olmaz. Çünki erməni danışanda fars, fars danışanda erməni başa düşmür. Lakin türk, türkmən və digər türk dövlətlərinin nümayəndələri danışanda biz başa düşürük, biz danışanda da onlar başa düşürlər. Ona görə də, türk dövlətləri bir-birini "bir millət, bir neçə dövlət" adlandıra bilərlər".
Keçmiş dövlət müşaviri hesab edir ki, özlərini sözdə şiələrin müdafiəçisi adlandıran bu, ayətullahların riyakarlığı, ikiüzlülüyünə yalnız nifrət bəsləmək olar: "Öz müsəlman qardaşlarını qoyub, Qriqoryan erməniləri ilə dostluq edirlərsə, deməyə bir söz var. Bundan sonra onların şiələr, müsəlmanlar haqda danışmağa heç bir mənəvi haqları yoxdur".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, ermənilərlə farslar həmişə bir-birinə yaxın olublar. Onun sözlərinə görə, İran dövlətinin adındakı "İslam" sözü onlar üçün siyasi vasitədən başqa bir şey deyil: "Farslar öz maraqları naminə din adından istifadə edirlər".
M.Əhmədoğlu qeyd edib ki, müstəqillik əldə edəndən sonra İranın Ermənistana etdiyi dəstək, maliyyə yardımı, ABŞ-ın etdiyi qədərdir: "Ermənistanın keçmiş prezidentləri - Ter-Petrasyan və Robert Koçaryan, indi isə Serj Sarkisyan İranın Ermənistan üçün həyati əhəmiyyətə malik olduğunu bildirib. Həqiqətən də bu belədir. İran iki dəfə Ermənistanı məhv olmaqdan xilas edib".
Politoloq hesab edir ki, Azərbaycan İranla qonşu dövlətdir, bundan artıq ola bilməz: "Dövlətimizin Gürcüstanla, Rusiya ilə münasibətləri necədirsə, İranla da elədir. Zaman-zaman müxtəlif məsələlərdə Gürcüstanla, Rusiya ilə anlaşılmazlıqların yaşandığı kimi, İranla da yaşanır. Bütün bunlara baxmayaraq, biz qonşu dəvlətlərlə sülh şəraitində yaşamalı, münasibətləri gərginlik həddinə çatdırmamalıyıq".
Qeyd edək ki, Ermənistanda hazırda 12 məktəbdə fars dili tədris olunur və belə məktəblərin sayı artırılacaq. Eyni zamanda, gələn ilin fevralında İrəvanda fars dili olimpiadası keçiriləcək. 2017-ci ildə isə İran və Ermənistan sərhədində "Araz" azad ticari zonası işə başlayacaq.
Ceyhun ABASOV