|
|
|
|
"Türkiyə Qərbin İrana və Rusiyaya qarşı tətbiq etdiyi embarqoya qoşulmayıb. Lakin son gərginliklə əlaqədar Rusiya dərhal Türkiyəyə qarşı sanksiya alətlərini işə salıb. Bu, ürəkaçan vəziyyət deyil. Əksinə, belə olan halda vəziyyət bir qədər də gərginləşir".
Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, politoloq Elçin Əhmədov ATƏT-in Nazirlər Şurasının Belqrad toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında keçirilən təkbətək görüşə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Ankara iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyi qənaətindədir: "Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi təkcə iki ölkəyə deyil, o cümlədən, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara və Xəzər dənizi regionlarına təsir edir. Ona görə də, gərginliyin səngiməsinə, iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişafına ehtiyac var. Türkiyə ilə Rusiya arasında əlaqələrin yaxşı olması bu bölgələrin sülh və sabitliyinə töhfə verir. Ona görə də, iki ölkə arasında münasibətlər normal qaydaya düşməlidir. Tərəflər qarşılıqlı ittihamlardan əl çəkərək bir masa arxasında əyləşib müzakirələr aparmalı, vəziyyətdən çıxış yolu tapmalıdırlar. Əks halda, vəziyyəti müsbətə doğru dəyişmək mümkün olmayacaq".
Azərbaycanın Ankara ilə Moskva arasındakı gərginliyin aradan qaldırılması istiqamətində rolundan danışan E.Əhmədov bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıdan Rusiyaya dialoq təklifi ünvanlaması mühüm əhəmiyyət kəsb edir: "Artıq Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində önəmli rolu var. Həm Türkiyə, həm də Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Bizim hər iki dövlətlə münasibətlərimiz öz qaydasındadır. Ona görə də, Türkiyə ilə Rusiya arasında münasibətlərin qaydasına düşməsi Azərbaycana yalnız xeyir gətirə bilər. Hazırkı situasiya dövlətimiz üçün ürəkaçan deyil. Çünki bizim hələ həll olunmamış Dağlıq Qarabağ problemimiz var. Azərbaycanın münaqişənin ədalətli yolla həllinə nail olması üçün həm Türkiyənin, həm də Rusiyanın dəstəyinə ehtiyacı var. Bu mənada, iki ölkə arasında gərginliyin səngiməsi Azərbaycan üçün önəmlidir. Münasibətlərin qaydasına düşməsi regionda sülh və sabitliyə töhfə verə bilər".
Politoloq əlavə edib ki, Belqradda keçirilən ATƏT-in Nazirlər Şurasının toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bir sıra görüşlər keçirilib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanat veriblər. ABŞ Dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin yaydıqları birgə bəyanatda bildirilir ki, həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri kimi onlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçiliyə sadiqdilər. Bəyanatda qeyd olunub ki, həmsədr ölkələr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyanın Minsk qrupunun vasitəçiliyi ilə ilin sonun planlaşdırılan görüşünü dəstəkləyirlər. Sözügedən bəyanat regionda gərginliyin azaldılmasına hesablansa da, sənəddə əlavə olaraq qeyd olunub ki, təmas xətti və Ermənistan-Azərbaycan sərhəddində zorakılıq hallarının artması arzuolunan deyil. Yəni, sonuncu bəyanat da digərlərindən fərqlənmir. Burada təcavüzkarla təcavüzə məruz qalanın adı çəkilmir. Keçən ay ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı vasitəçilərin gözü qarşısında Ermənistan təmas xəttində atəşkəsi pozub. Lakin bəyanat hazırlanarkən bu barədə bir kəlmə də olsun, qeyd olunmayıb. Digər məsələ isə, həmsədr dövlətlər prezidentlərin görüşünün keçirilməsini alqışlasalar da, Ermənistan rəhbərinin Dağlıq Qarabağı Ermənistanın sözdə tərkib hissəsi adlandırmasına heç bir reaksiya bildirməyiblər. Halbuki, bu, danışıqların mövzusunu pozan fikirlərdir. Bütün bunlar bizdə təəssüf doğurur.
İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər qrupa həmsədrlik edən dövlətlər Ermənistanı beynəlxalq birliyin qanunlarına tabe etdirməlidirlər. Qəbul olunan hər hansı bir sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzündən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğalçı ölkə qoşunlarının zəbt etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasından danışmadan münaqişənin ədalətli həlli yoxdur. Hər iki tərəfin bərabər tutulması münaqişənin həllinə heç bir kömək etməyəcək. Bu mənada, həmsədr dövlətlərin sonuncu bəyanatı quru söz yığınından başqa bir şey deyil".
Ceyhun ABASOV