Təxminən 25 ilə yaxındır ki, Vüqar Mirzəzodənin yaradıcılığını mütəmadi olaraq izləməyə çalışıram. Bu da ən əsası onun yaratdıqlarının ilahi bir hikmətə sevdalanması ilə bağlıdır. Daxildən gələn yanğı ilə yazır Vüqar.
Onun yaradıcılığında tükənməz sevgi var. Bu bahar ətirli, yaz ovqatlı sevgiyə sadiq qalmaqla şair oxucusuna da sədaqət, etibar, inam qazandırır. Elə buna görə də Vüqar Mirzəzodənin həyat yolu şərəflidir.
Vüqarı oxuyanlarıın qarşısında ucalığa, kamilliyə doğru yol açılır. Şairin misralarında olan bəşəri duyğular könül dünyamızı zənginləşdirir, zövq yaşadır bizə. Bu, pak, sevən ürəklərdə su içən sətirlərdir. Odur ki, Vüqarın yazdıqları, yaratdıqları oxucu qəlbinə məqamında hakim kəsilir, ürəklərdə özünə əbədi yurd-yuva salır. Bu ölməyən sədaqətdən ömürlərə də təzə məhəbbət gəlir.
Şair ürək oxşayan arzularla deyir:
Yığıb qucağıma arzularımı,
Xınatək əlinə yaxmağa gəldim.
Baxışın gözümdə gizlənsin deyə,
İllərlə üzünə baxmağa gəldim.
Sən mənim gecəmin ay işığısan,
Qəlbimi oynadan eşq aşıqısan.
Bənövşə tək yazın yaraşığısan,
Bulaqtək yanında axmağa gəldim.
Vüqar sözə könül verən gündən ona ilahi varlıq kimi yanaşıb. O dərk edir ki, bütün saflığın, xoş niyyətin könül lisanı məhz gözəl sözdür. Bu mənada, sözün eşqinə Füzulinin "Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz" misraları Vüqarın ömür qismətinə düşən şairlik kredosuna dönür və o yaşadığımız həyatda yaxşı-yamanı görə-görə yazır.
Vüqarın yaradıcılığında insana doğma olan saf sevgi şeirləri daha çoxdur. Nə yaxşı ki, o sevgi şeirlərini yazanda pafosdan, yapma təəssübkeşlikdən uzaq aləmə düşür. Şairin başından, ruhundan, ürəyindən gələn incə duyğular elə sehrlidir ki, onların şirinliyini dadmamaq qeyri-mümkündür. Qısaca desək, Vüqarın sevgidən söz boyunbağısına düzülən şeirləri insanın hiss və düşüncələrini zəngin edir, könül dünyasına bənövşə qoxulu bahar havası gətirir.
Bu kənd bir cənnət bağı,
Sən də bir sona, gözəl!
Sənsiz qala bilmədim,
Qayıtdım sənə, gözəl!
Ömür-günümdə təksən,
Tez inciyən ürəksən.
Sən həmişə gərəksən,
Ölüncə mənə, gözəl!
-deyən şa irin misralarında sadəlik, təravət, təbiilik onun daxili dünyasındakı təmiz eşq ilə vurulduğu, könül verdiyinə etibarlığı göstərməklə başqalarında həyatda belə sevməyi istəyir. Elə hər şeyə məhəbbətin düzgün yolu belədir. Sevgi bizimlə əbədi yaşasın deyə, Vüqar hər növ əsər yazanda ən əsası doğruluq, saflıq, halallıq bütün yaradıcılığına hakim olur, bir nur çeşməsi kimi yaşadığı, duyduğu hisslərə qatılır. Doğma yurda, ana torpağa, onun insanlarına , təbiətinə, gözəlliyinə ünvanlanan şeirlərində istedadla çəkilən zəhmətin halallığı eyni dərəcədədir. Məhz buna görə də Vüqarı oxuyanda dünyanın bütün nəcib, gözəl tərəflərini yaxşı görürsən, sevgi dolu ürəklə sevməyin gəlir. Bu insanlığa başlanan sevgi sonradan sənin özünə qayıdır. Həyat, gün şirinləşir, ömür xoş ülfət, mehr-məhəbbət naminə bir az da uzanır. Vüqara gözəlliyin içindən keçə-keçə ailəsinə, elinə-obasına, vətəninə, xalqına və onun mənəviyyatına sonsuz məhəbbətlə yaşayan şairdir demək olar. Kimin ki, qəlbin də yurduna-yuvasına bağlılığı var, könül nəğmələrin poetik çələngi olan bu poeziyadan doymur. Ondan aldığı ilhamla həyatın özündə bir həyat yaşayır.
Vüqar həm də ona görə xoşbəxt şairdir ki, bədii yaradıcılığı elə şəxsiyyətinin özüdür. Yəni, onun söz dünyası şəxsiyyətinin sığa bildiyi ölçüdədir. Şairin parlaqlığı da, işığı da özünə bənzəyir. O, kamillik zirvəsini yaratmaqla, yaşatmaqla ucalır. Düzlük, paklıq, ədalət, ülvilik motivləri müəllifin əsərlərinin ruhundan qırmızı xətt kimi keçir:
Vüqaram, pakdır ürəyim,
Halaldır duzum, çörəyim.
Var axirət bir diləyim,
Müjdələyə cənnət məni.
Və ya:
Öyrət halala əlləri,
Qoy sıxmasın minnət səni.
Düz olarsa əməllərin,
Tez tapacaq şöhrət səni.
Vüqar Mirzəzodənin yaradıcılıq janrları rəngarəng və müxtəlifdir. Həm azəri türkcəsində, həm də talış dilində qoşmalar, qəzəllər, sonet və bayatılar yazır. Onun hər misrasında həyat eşqi, yaşatmaq, yaratmaq naminə əbədi sönməz bir işıq var. Vətən, xalq məhəbbəti ilə çırpınan ürəyin dərinliklərindən axan sözlər sıralananda insanı büsbütün valeh edir. Sözün sehrinə bələnib öz ab-havasından ayrılıb özgə aləmə düşürsən. Elə sözün ehtizazında bir dünya daxili sevinc yaşayırsan. Sonra bu şeirlərdəki həyatı yaşamaq vasitəsi, özünütəsdiq səni yenidən özünə qaytarır. Artıq həyatı başqa cür görürsən, onun mənəvi zənginliyini dərkə edirsən, ruhən sakitləşir, sanki şəlalə səsindəki rahatlığı alırsan.
Səhər oyanırsan bülbül səsinə,
Harda var sənintək dilbər bir guşə.
Görənlər heyrandır gözəlliyinə,
Bir yanın dağlardır, bir yanın meşə.
Gözəl yamaclardır rəngarəng donun,
Belə gözəllikdən mən necə keçim.
Verərəm ömrümü, qoy sənin olsun,
Eşqin ürəyimdə dünyadan köçüm.
Ulu Tanrı paylayanda gözəllik,
Bəxtinə hər cürə gözəllik düşüb.
Tarixin var neçə-neçə minillik,
Uğrunda igidlər, ərlər vuruşub.
Vüqar üçün Azərbaycanın hər bir guşəsi doğmadır, əzizdir. Onun hər şeirində Vətən eşqi, ana mehri duyulur. Fərəhin, sevginin şeiriyyəti elə buna deyərlər. Fikirlər necə də poetik və lakonikdir. Onun şeirlərini oxuduqca düşüncəyə işıq gəlir, Vətən məhəbbəti ilə ürək böyüyür. Vüqar demək istəyir ki, o insan xoşbəxtdir ki, varı-dövləti öz daşında, divarında görür. Cənnət də Vətəndir, şöhrət də. Həm də o müasir gəncliyi qurub-yaratmağa, doğma torpağa ürəkdən vurulmağa çağırır. Vüqarın yaradıcılığının dəyərli tərbiyə gücünə malik olması da bununla bağlıdır. O, həqiqəti yazdığına görə qəlb evimizin qapısını asanlıqla açır, könül ruhumuzu dilə gətirir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü