Xəbər verdiyimiz kimi, fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib.
Prezident İlham Əliyev toplantıda iştirak edib. İclasda, həmçinin "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak ediblər.
Ölkə rəhbəri çıxışında qeyd edib ki, Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi göstərib: "Belə tədbirlər davamlı olacaq. Əminəm ki, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcək".
Prezident bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşı tarixi və potensialı var: "Azərbaycanın xarici ticarət dövriyyəsinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür".
İlham Əliyev vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" iri infrastruktur layihəsidir: "Bu, güclü əməkdaşlıq layihəsidir. Layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək. Bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji xəritəsini dəyişəcək ".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, ötən illər ərzində münaqişə öz həllini tapmayıb, çünki Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini icra etmək istəmir.
Ümumilikdə, Bakıda keçirilən toplantı mühüm mesajlarla yadda qalıb. "Cənub Qaz Dəhlizi" layihəsi istiqamətində sürətlə həyata keçirilən işlər Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. İclasda iştirak etmək üçün Bakıya gələn bir sıra ölkə və təşkilat rəsmiləri Azərbaycanın regionda və dünyada artan gücünü etiraf edir, xüsusilə enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi dəyərləndirirlər. Əlbəttə ki, neft-qaz sahəsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrin ölkəmizin beynəlxalq nüfuzunun artmasına da müsbət təsirləri var. Azərbaycanın artan gücü onun bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin danışıqları yolu ilə həll olunması istiqamətində mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini münaqişənin dondurulmuş fazada qalması ilə razılaşmadıqlarını, qondarma rejimin Dağlıq Qarabağda "müstəqil"liyini tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, problemin danışıqlar yolu ilə həllinin vacibliyini bildirib, bu istiqamətdə təmsil etdiyi qurumun hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Azərbaycanda keçirilən tədbirin əhəmiyyətindən danışan "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Məşvərət Şurasının birinci toplantısı da bir il bundan əvvəl Bakıda keçirilmişdi. Onun sözlərinə görə, keçən bu bir il ərzində mühüm nəticələr əldə olunub: "TANAP layihəsinin təməli qoyulub. Azərbaycanla Türkiyəni birləşdirəcək boru xəttinin tikintisi qısa müddətdə başa çatacaq. Bu boru xəttinin qısa zamanda tikintisində əvvəl daha çox rəsmi Bakı maraqlı idi. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra Ankara da Bakı kimi TANAP layihəsini qısa zamanda yekunlaşdırmaq istəyir. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya son səfərində TANAP-ın tikintisini vaxtından əvvəl yekunlaşdırmağa çalışacaqlarını deyib".
Politoloq qeyd edib ki, bir il ərzində "Cənub Qaz Dəhlizi" layihəsini əhatə edən dövlətlər arasında əlaqələndirmə işləri və məsləhətləşmələr genişlənib: "Məsələ burasındadır ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və hər 3 dövlət boru xətti çalışmalarını sürətlə davam etdirirlər. TANAP-ın davamı olan Trans-Adriatik (TAP) layihəsi ətrafındakı müzakirələr isə bir qədər ləng edir. Bu da TAP layihəsində iştirak edən dövlətlərinin sayının çox olması və bürokratik əngəllərin varlığı ilə bağlıdır. Məsələn, "TAP ekoloji duruma zərər vura bilərmi" sualı ətrafında bəzi Avropa dövlətlərində müzakirələr uzanır. Bu müzakirələr uzanmasın deyə TAP layihəsində iştirak edən dövlətlərin hökumətlərinin səylərini birləşdirilməsi vacibdir. Bakı toplantısının bir əhəmiyyəti də məhz bu birləşdirici funksiya daşımasıdır".
Mərkəz sədri vurğulayıb ki, keçən müddət ərzində "Cənub Qaz Dəhlizi" layihəsinə Avropa İttifaqının dəstəyi artıb: "Beynəlxalq maliyyə təşkilatları boru xəttinin tikintisinə kredit ayırmağı planlaşdırırlar. Müqayisə üçün deyək ki, beynəlxalq maliyyə təşkilatları NABUCCO layihəsinə kredit ayırmaqdan imtina etmişdilər. Çünki NABUCCO daha böyük həcmdə qaz ixracatını nəzərdə tutduğundan boru xəttinin tikintisinə daha çox maliyyə vəsaiti lazım idi. TAP layihəsi isə NABUCCO qədər böyük hədəfi yoxdur və hələ ki, konkret olaraq yalnız Azərbaycan qazının Avropaya ixracatını nəzərdə tutur".
Politoloq hesab edir ki, Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin hazırkı durumunu qiymətləndirməyə imkan verir: "Əgər keçənilki toplantıda Avropa İttifaqını ancaq Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edirdisə, bu dəfə Bakıya Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də gəlmişdi. Bu Brüsselin Azərbaycanla enerji əməkdaşlığına verdiyi önəmdən irəli gəlir. Digər tərəfdən Azərbaycanın xarici ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan rəsmi Bakı da Brüssellə təmaslarını genişləndirməyə çalışır".
E.Şahinoğlu bildirib ki, Mogerini Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə edib: "Mogerini Bakıda deyib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olardı. Bu Brüsselin Bakıya mesajıdır ki, əgər Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək istəyirsə, Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməlidir. Əslində indiki iqtisadi vəziyyət şəraitində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü xeyli aktuallaşıb. Neft pullarının çox olduğu dövrdə bu üzvlük rəsmi Bakı üçün arxa planda idi. İndi isə rəsmi Bakı yerli malların xarici bazarları ixracatını təşkil etmək istəyir. Bunun üçün isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü əsas şərtlərdən biridir. Elə Mogerinin "Ümumdunya Ticarət Təşkilatına üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır. Bu, Azərbaycanda keçirilən iqtisadi islahatlara da öz töhfəsini vermiş olardı" açıqlaması bu deyilənlərə sübutdur".
Politoloq əlavə edib ki, TAP layihəsinin reallaşması Avropa İttifaqı qədər ABŞ-ın da maraqlarına cavab verir: "Vaşinqton Avropanın Rusiyanın enerji asılılığından azaldılmasını istəyir. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Ancaq bu gələcəyin işidir. Hələliksə amerikalı diplomatlar Azərbaycan qazının Avropaya çatdırılması üçün Avropa paytaxtlarında lobbi fəaliyyətlərini genişləndiriblər. Elə məhz bu faktorun özü Azərbaycanla ABŞ arasındakı münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir. İlham Əliyevin martın sonlarında Vaşinqtona keçiriləcək nüvə təhlükəsizliyi konfransına dəvət edilməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir".
Ceyhun ABASOV