Təbiət baharda təzələnir. Sözün də baharı olur. Sözün baharı böyük sənətkarlardır.
Dünyaya baharda gəlmiş, dünyadan baharda getmiş, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun bəlkə elə ilk şeirini də baharda yazmışdı. Elə buna görə də onun şeirləri əbədi qüdrətə malikdir, həmişəbahardır. Martın 21-i YUNESKO tərəfindən Ümumdünya Poeziya Günü kimi qeyd olunur. Bu gün xalqımızın milli bayramı olan Novruza təsadüf etsə də, bir də ona görə önəmlidir ki, martın 21-i həm də Xalq şairi Səməd Vurğunun doğum günüdür. Bu təqvimin dünya şeir bayramı elan olunması poeziya kəhkəşanının sönməz ulduzu olan böyük ustadın tale yazısıdır.
Ulu öndərimiz Heydər Əliyevin S.Vurğun irsinə böyük rəğbəti vardı. Təsadüfi deyil ki, H.Əliyev onun barəsində deyib: "Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olmuşdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur".
Səməd Vurğunun poeziya günlərinin keçirilməsi ənənəsi məhz ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sənədlə meydana gəlib. Dahi şairimizin 110 illiyi münasibətilə də bu ənənə davam etdirildi. Böyük sənətkarın doğulduğu Qazax torpağında Yazıçılar Birliyinin Qazax zona şöbəsinin təşəbbüsü ilə müxtəlif tədbirlər keçirildi.
lll
Martın 21-də Vurğun ocağında - Yuxarı Salahlıdakı poeziya evində tədbir təşkil edildi. Bakıdan və respublikanın müxtəlif regionlarından gəlmiş qonaqların iştirakıyla keçirilən möhtəşəm poeziya bayramı yubiley ərəfəsində şairin ad gününə ən gözəl hədiyyə oldu.
Tədbirin aparıcısı AYB-nin Qazax zona filialının sədri Barat Vüsal S.Vurğunun şair kimi, şəxsiyyət kimi böyüklüyündən söhbət açdı.
Görkəmli alim-tədqiqatçılar Rüstəm Kamal, Valeh Nəsibli, Yusif Alı Avşar, Musa Vəliyev, Hacı Zaməddin Ziyadoğlu, Zərəngiz Dəmirçi Qayalı və b.böyük şairin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər.
Şairlərdən Rüstəm Qazaxlı, İbrahim İlyaslı, Mustafa Rasimoğlu, Əbülfət İslam, Saqif Qaratorpaq, Səhlədar Hidayətoğlu, Məzahir Yaqub, Mübariz Qaragözlü, Tamella Poladlı, Elməddin Nicat, gənc şairlər Gülnar Səma, Məhəmməd Mehdixanlı, Sevil İşıq, Şəfa Vəli, İntiqam Yaşar, Təhminə Çaxmaqlı, Rüfət Axundlu, Mehman Rasimoğlu, Pərvanə Muradlı, Elnaz Süleymanlı,Günel Bayramsoy, Məhəmməd Turan və digərləri S.Vurğunun poeziya işığında ürək sözlərini şeirlə ifadə etdilər.
Məktəblilərin ifasında şairin şeirlərindən nümunələr səsləndi, "Səma" rəqs qrupunun çıxışı iştirakçılar tərəfindən alqışla qarşılandı.
Tanınmış el aşıqları aşıq Camoy, aşıq Hüsən, aşıq Samir, aşıq Hüseyn və başqalarının ifasında səslənən saz havaları məclisi daha da rövnəqləndirdi.
lll
"Sərhəd" tədris müəssisəsində də S. Vurğunun 110 illiyi ilə bağlı tədbir keçirildi. Şairlərdən Barat Vüsal və Səhlədar Hidayətoğlunun da iştirak etdiyi tədbirdə daha çox söz məktəblilərə verildi. Onlar şairin şeirlərindən əzbər söyləyib, əsərlərindən parçalar səsləndirdilər. Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Qazaxlı S.Vurğunun həyat və yaradıcılığı ilə bağlı məruzə ilə çıxış etdi. Sonda tədris müəssisəsinin müdiri Mövsüm Həmidullayev belə tədbirlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıb, mərasim iştirakçılarına öz təşəkkürünü bildirdi.
lll
Bu günlərdə isə Ağstafa Yazıçılar Evində S.Vurğunun 110 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Tədbirin aparıcısı "Hüseyn Arif" adına ədəbi məclisinin sədri şair Saqif Qaratorpaq giriş nitqi söyləyərək sözü AYB-nin Qazax zona filialının sədri, şair B.Vüsala verdi. O, tədbir iştirakçılarına S.Vurğunun məlum olmayan və ya az bəlli olan xüsusi məziyyətlərindən danışdı.
Uzun illər təhsil sahəsində çalışmış, qabaqcıl marif xadimi, 90 yaşlı ağsaqqal müəllim Mahmud Məmmədov öz çıxışında böyük şairi görməsindən fəxrlə danışaraq, xatirələrini söylədi. Ağstafa şəhər 1 saylı məktəbin şagirdləri Jalə və Eltacın ifasında şairin şeirləri dinlənildi.
Şairlərdən Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Aydın İbrahimoğlu, Vaqif Əli, Qurban Həmidoğlu çıxışlarında S. Vurğun şəxsiyyətinə və şeirinə məhəbbətdən söhbət açdılar.Gənc şair, prezident mükafatçısı Rüfət Axundlu böyük şairin poeziya işığında öz şeirini dedi. S.Vurğun poeziyasının pərəstişkarı, şeir-sənət vurğunu Misir Qələmçəli şairə həsr olunmuş poemadan böyük bir hissəni əzbər söylədi.
Aşıq Hüseyn Əzizoğlu, aşıq Rauf, aşıq İlqar Qələmçəli, balaca aşıq Vüsalın və rayonun incəsənət ustalarının çıxışları tədbir iştirakçılarına xoş ovqat bağışladı.
lll
Səməd Vurğunun adını daşıyan Qazax şəhər 2 saylı orta məktəbində də yubiley tədbiri keçirildi. Zəngin pedaqoji və təlim ənənələri olan bu təhsil ocağı 1965-ci ildən fəaliyyət göstərir.
Məktəbin direktoru Eyvaz Rəfiyev iştirakçıları salamlayaraq tədbiri aparmaq üçün sözü təşkilatçı müavin Elnurə İbrahimovaya verdi.
Məktəbin dil, ədəbiyyat müəllimi Firəngiz Abdullayeva S.Vurğunun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.
Şair B.Vüsal S.Vurğun poeziyasının həmişəyaşarlığının poetik sirlərindən söhbət açdı.
Şair M.Rasimoğlu böyük şairin şəxsi keyfiyyətlərindən, qəhrəman, cəsarətli şair kimi fəaliyyətindən nümunələr gətirərək, bu sahədə tədqiqata ehtiyac olduğunu bildirdi.
Şairlərdən Tamella Poladlı, Bilal Qoca dahi şairə həsr etdikləri şeirlərini oxudular.
Məktəblilər Balaməmmədov Məhəmməd, İsmayılova Nəzrin, Aslanova Aysel, Əfəndi İsmayıl və başqalarının ifasında şairin şeirləri əzbər söyləndi, rus dilinə tərcümələri səsləndirildi.
Sonda dahi şairə həsr olunmuş rəsm sərgisində müsabiqənin qalibləri mükafatlandırıldı.
Mustafa RASİMOĞLU