
Müasir Azərbaycan poeziyasının inkişafında daha bir onilliyə qədəm qoyduq. Gözəl, oxunaqlı şeir öz təravətini, könül xoşluğunu heç vaxt itirmir.
Bunu oxuduqlarımız və eşitdiklərimiz bizə diktə edir. Yəni əsrlər keçir, nəsillər dəyişir, həqiqi sənət əsəri, sənətkarlıqla yazılmış poetik parçalar poetik tapıntı, ədəbi hadisə kimi bütün zamanlarda dodaqlarda sevinclə, təşnəliklə nuş olunmuş kimi səslənir. Yaddaşlara həkk olunanlar ürəklərə necə təsir edirsə, dillərdə əzbər olaraq yaşayır, sahibini yaşadır. Bugünkü poeziya yaşadığı ilin və ya gələcək illərin yeni mərhələlərinə necə, nə ilə, hansı yüklə, intellektual səviyyə ilə daxil olur, qazanılanlar nə, itirilənlər nə. Bunlarısa təyin etmək profesionalların işidir. Biz poeziyanın bütöv bir dövrünü əhatə etmək iddiasında deyilik. Sadəcə bəhs edəcəyimiz, nəşrdən yeni çıxmış bir kitab – Rəşad Məcidin “Bir də glməyəcək” adlı irihəcmli şeirləri haqqında mülahizələrimizi söyləməklə kifayətlənəcəyik (Rəşad Məcidin “Bir də glməyəcək…” “Təhsil”, Bakı, 2015).
Rəşad Məcid Azərbaycan ədəbi prosesində öz aktuallığı, seçimliliyi, zəngin publisistikası, ədaləti və ciddiliyi ilə seçilən “525-ci qəzet”in naşiri olduqdan sonra tanındı. Bəlkə də lap gənclik illərindən şeirlər yazırdı.
Sadəcə ümuminin diqqətini cəlb etməsi sözügedn qəzetin nəşrindən sonra oldu. Rəşad Məcid öz publisist, ədəbi və siyasi fəaliyyətilə məhz xalqına, dövlətinin müstəqilliyinə lazım olan bir dövrdə Azərbaycan jurnalistikasının yeni istiqamətdə inkişafına kömək etmiş oldu. O, “525-ci qəzet”də çalışdığı vaxt fəqət şeirlər də yazaraq sürətlə yox, yavaş-yavaş məşhurlaşdı. Amma sən demə, şair 70-ci illərin sonlarından yazırmış. Sözü gedən kitaba ön söz və sərlövhə seçən akademik İsa Həbibbəyli “Bütün önləri ilə yaradıcı olan sənətkar imiş” fikrində çox haqlıdır. Kitabda toplanan şeirlər pafosdan uzaq, yaşadığı iç dünyasının, qəlb çırpıntılarının, bir də dünya baxışının məhsuludur. Sevgi şeirlərinin yer aldığı bu poeziya toplusunda müəllif maraqlı bir bölmələrlə (öz sözüylə “janrlarla” – B.B.) oxucularının görüşünə gəlib. Müəllif diqqəti çəkən bir seçim edib, şeirləri illər üzrə qruplaşdıraraq onları “hekayə”, “roman”, “dastan” olaraq oxucularına təqdim edibdir. Vətəndaş qayəsi ilə əsərinə epiqraf kimi seçdiyi “Bayrağım” adlı şeiri şairin məramnaməsi kimi səslənir. Sözləri çox təsir gücünə malik olan Rəşad Məcidin nəsri və nəzmi haqqında ədəbiyyatımızın ən müqtədir sənətkarları qədirbilənliklə yaradıcı şəxs haqqında, onun yaradıcılığının səciyyəvi xüsusiyyətləri barədə fikirlərini söyləyiblər.
Xalq şairi Bəxtiyar Vahabzadə «“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi gözəl şair kimi tanıyıram. Şeirlərini oxuyub yüksək qiymətləndirmişəm» deyibsə, xalq yazıçısı Anar “10 sentyabr” hekayəsini oxuyarkən “…Bax, bu yerdə sən məhz Azərbaycan xarakteri yaratmısan. Bu, yüz faiz bizə xas olan tipik hərəkətdir. Bir sözlə, hekayən müxtəlif fikirlərə və yozumlara əsas verirsə, deməli, doğrudan da, yaxşı əsər yazmısan” – demişdir. Müasir Azərbaycan ədəbiyyatının aparıcı və çox istedadlı simaları şairin yaradıcılığı haqqında ürək dolusu, bir də inamla yuxarıdakı fikirləri deməsi təbii ki, onun ədəbi təsərrüfatının gələcək uğurları haqqında inamla yanaşı xeyir-dua kimi qiymətləndirilməlidir.
“Tanrının bəxşişi” dastan bölməsi (2011-2014-cü illərin şeirləri) “Xilaskarım” şeiri ilə açılır. Ilk öncə həyatdan, ədəbiyyatdan məlum olan xilaskarın kim olduğu əksər hallarda insana məlumdur. Suda batarkən onu xilas edən şəxs, ağır əməliyyat keçirən vaxt onu xilas edən cərrah, döyüşdə yaralanarkən imdadına çatan əsgər yoldaşın və i. və s. Şairin bu ilk şeirindəki xilaskarı sən demə, siqaret imiş. Şeir qəribə bir vaxtda ərsəyə gəlib. Hər kəsin görmədiyi, duymadığı, hətta barəsində qanun layihəsinə salınaraq yasaq olunmuş siqaretin insan həyatında, fikrində, həyat-məişətdə sinə gərə bilməyəcəyi vaxtlarda köməyinə gələn valerianı, karvalolu, validolu əvəz edəcək, onlardan daha güclü insan keşiyində dayanacaq “Xilaskar” maraqla oxunur. Şair insan sağlamlığının xilaskarına qarşı qanun layihələri yazanlara təyyarə meydanlarında, otellərdə, qatarlarda qoyulmuş qadağalara üsyan edir. Bir də bu şeirdə sətiraltı məna da yox deyildir. Rəmzi mənada mənəviyyat məsələsi; insanı sədaqətli olmağa, mənəvi zənginliyə, bəşər övladının bugünkü ünsiyyət ehtiyacının zəruriliyindən və s. bəhs edən poetik parçadır. Insan xarakterinə xas olan düşünmək, sədaqət, ünsiyyət, bütövlük və s. əxlaqi keyfiyyətlər çox böyük kəşflərə, bəlkə də güzəştlərə, islahatlara aparıb çıxara bilər. Şeirdən laqeydliyin, biganəliyin, tənhalığın və ünsiyyətsizliyin tüstüsü çıxır.
Rəşad Məcidin şeirləri asan oxunmur. Çünki onun misralarına bər-bəzək, zorən qafiyə xatirinə qafiyə yaddır.
Bu poetik parçalarda problem və həlli ilə yanaşı fikir, düşüncə də vardır. Həmişə üzügülər, xoş simalı bu insandan belə məhrumiyyətli, əzablarla dolu şeirlərin yazılmasını kitabı oxumamışdan əvvəl gözləmək olmazdı. Rəşad sanki şairlik iddiasında deyil. Onun üçün yazmaq bu çirkablar içində çabalayan natəmiz dünyada etirafını hayqırmaqla insanları saflığa, duruluğa çağırmaq, xilas olmaq yollarını göstərmək ümididir.
Yazmaq ondan ötrü həm də sanki təmizliyi ziyarətdir. Kənddən şəhərə gələn, şəhərin mənəvi-psixoloji sarsıntılarından yan keçməyən, təbii ki, bəzi məqamlarda zədə almağa düçar olan bir gəncdən bu tipli, ağrılı şeirləri gözləmək olar.
“Xilaskarım” şeirinə diqqət yetirək:
…Sən – ən kədərli anımın sirdaşı,
ən kefli halımın yoldaşı!
Sən olmasaydın,
canıma mikrobtək
düşən,
qanıma işləyən
bu fəlakət virusları,
bu ölüm epidemiyaları,
bu bəd xəbərlər
çoxdan yayılmışdı
beynimin hər küncünə,
ürəyimin içinə!
Bu şeirdə şair ürəkdən gələnləri ifadə edir, məna, yaradıcı xəyal, məzmun, söz xatirinə söz, ahəng, ən nəhayəti sənətkarlıq axtarmır, onlar özləri gəlib öz yerlərini tuturlar. Şairin ən kiçik poetik parçasının mahiyyətində, təbii ki, məzmundan göründüyü kimi, bir hekayə vardır. Buna nağıl təhkiyəsi də demək olar.
İlkin baxışda əksər şeirləri söhbət, zarafat, sevgisinə umu-küsü, dərdləşmə, münasibət bildirmə şəklində təzahür edir. Hər bəndinə müəyyən bir fikir hakim olan nümunələr oxucunu düşündürməyə bilməz.
Rəşad istədiyi, onu narahat edən, düşündürən problem mövzunu poetikləşdirə bilir. “Yazdırır” şeirində şair bu verginin ona Tanrı tərəfindən verilməsini belə etiraf edir:
…Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard-arda düzülən söz çələngini
Özüm yazmıram ki, yazan yazdırır.
Başqa – “On gün” şeiri yuxarıdakı fikirləri tamamlayır. Hisslərini yazmağa İlahi nəfəs verir, yanına qaldırır, uca buludlar arasında, işıq içində hiss edir özünü. Bax bu məqamda İlahi qüdrətini göndərir yazmağa. “İki il öncə”də isə yuxarıdakı iki şeiri tamamlayır:
İlahi tərəfə yol alacağım,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki, Allahım bəxşiş eylədi,
Yaxına gəlməzdi iki il öncə.
…Ömrün hər məqamı olmur ki, dərin,
Üzürəm içində neçə dərd-sərin.
Qarşıda yaşayıb görəcəklərim
Ağlıma gəlməzdi iki il öncə.
Xalq yazıçısı, professor Elçin yazır: “Rəşad istedadlı şairlərimizdən biridir…” Yuxarıda söylədik ki, Rəşad Məcidin şeirləri çətin oxunur. Təbii dil-üslub xüsusiyyəylərinə, qafiyə, vəznindən danışmamaqla. Çünki şeirdə fikir və onun ifadə tərzi məsələsini öncə iki müxtəlif bucaq altından yanaşıb şərh etmək olar. Birinci istilahında poetik parçada fikir müəyyən bir sxolastikaya, yəni ki, qeyri-poetikliyə gətirib çıxarır, onu emosiyadan, lirik pafosdan, duyğulara incə təsir etmə hissləri aşılamaqdan məhrum edir. Digər ikinci tərəfdən isə şeirdə və ya hansısa sənət əsrində məntiqli səbəb və nəticə, ibrətli bir mühakimə, yaxud təbiət və həyat hadisələrinə fəlsəfi münasibət öz təbii inikasını tapmalıdır.
Qəribədir, Rəşadın “Sevgi macəraları bəzən ürək yaxan baxışları görüb donması” (“Dondum”, “İki ay”, “Gərək” və s.) məhz bağda, bağçada, bir musiqili məclisdə, auditoriyada deyil, otellərdə baş verir və son anlarda Allahının verdiklərinə şükürlər edir.
“Yaddaşımı sil” şeiri özünəməxsusluğu ilə seçilir və deyək ki, onun şeirləri müasir Azərbaycan poeziyasının inkişafına təsir gücünə malik olmaqla, müasirlərindən fərqli bir poeziyadır. Ön söz müəllifi ilə də razılaşaq ki, onun poeziyasında Ə.Kərim, M.Araz, F.Qoca, R.Rövşən, S.Rüstəmxanlı izi vardır. Bu təsirlənmələr onun bədii yaradıcılığının, sənətkarlıq axtarışlarının daha da inkişafına əngəl yox, kömək olmuşdur. Əbəs yerə deyil ki, ustad Məmməd Araz yazırdı ki, Rəşad Məcid onun mühitinə daha yaxın olmuş, “gözünün qabağında” şair kimi yetişib formalaşmışdır.
Şairin sevgi şeirlərində aşiqin məşuqa müraciəti də oxucunu düşündürür, bəzən güldürür, bəzən narahat edib şairin taleyinə, “sevgi oyununda” düşdüyü labirintə baxıb kədərləndirir.
Rəşad Məcid “Allah” deyə-deyə, Allahdan, bir olan uca Tanrıdan izn ala-ala yazır, vəhdən gələni yazır. “Tanrının bəxşişi” adlanan birinci bölümdə yer tapan şeirlərin əksəriyyəti məhəbbət mövzusundadır. Rəşad nə qədər təbəssümlüdürsə, yaşamaqdan sevinirsə, sevməkdən də bir o qədər sevinir. O, şairliyi, insanlığı və ziyalılığı ilə ədəbi prosesdə və ümumən, cəmiyyətdə özünü artıq təsdiq etmiş bütöv bir sənətkardır.
Sevgi şeirlərində süni yox, təbii yaradılan təzadlar çoxdur. Məşuqunun cövri-cəfasına, ədasına dözməyən aşiq hətta onu iblis olsa belə, əzizləyəcəyini bildirir. Yanaqdakı qara xaldan öpmək (“Sadəcə”) sevdası, hətta bu qara xalın qanını içmək istəyi poeziyamızda deyilmişdir. Burada aşiq sevgilisini xəyalına gətirərək, süzülən gözlərinə baxaraq yanaqdakı qara xalı öpmək istəyir ki, tir-tir titrəsin, əsim-əsim əssin.
Desəm ki, Rəşad sözün başına “oyun açır”, bu, düz olmaz. Amma sözü mum kimi elə hala salır ki, sanki dağlara qalxıb dağ sirri açacaq. Sevgi şeirlərinin hər birinə bir biçim verir. Arzularla yaşadığı bu duyğuları içində yaşadıb dilinə gətirir. Insan olan kəs sevgi oduna qalanmamış deyil. Əgər onun hissi, duyğusu, ən əsası da ürəyi varsa. Bu poeziya nümunələrində oxucuya kəşf, bəlkə də yeni kimi görünənlər artıq qalanmış – çatılmışdır. Biz hamımız bunları yaşamış və yaşayırıq. Kiminə yeni görünə bilər, kiminə də yaşanmış.
Rəşadınsa yaşamı, həm də arzuladığı məhəbbətə bax beləcə özünəməxsus, qəribə yanaşmaları vardır (“19 fevral”, “Calaq”, “Unutmadım”). Sevgilisinin min bir cövri-cəfasına dözən aşiqin bəzən (“Çıxırsan”, “Daşıya bilmərəm”, “Bilə-bilə ki…”, “Uzağı bir ay”, “Bilsəydim” və s.) dözümsüzlüyünü görürsən. Hətta iş o yerə çatır ki, aşiq Allahdan sakit həyat, rahat bədən diləyir. O məşuq ki, bir vaxtlar (“İnanım, inanmayım”) “sən mənə Allahın bəxşişisən” deyəndə aşiqsə “mən sözün kölgəsiyəm, sözünün ağası ol” fikrinə görə, “sağ ol” demişdir. Şair sevgisinin qəlbini ələ almaqdan, onu ovsunlamaqdan, inandırmaqdan ötrü müxtəlif sözlərdən istifadə etmişdir (“Daha”):
…Gülüşümlə həyatını
İsidəcəm şüa kimi.
Nəfəsimi kürəyində
Duyacaqsan dua kimi.
Səkkizlikdə yazılan bu şeirdə şüa, dua sözləri yerində, məharətlə işlənilmişdir.
Müxtəlif sevgi mövzulu şeirlərdə poetik fikir ayrı-ayrı detallar, həyat və təbiətə müraciətlər əsasında deyil, birbaşa təqdim olunur. Təqdim edilən fikirlər şeirdə ilk oxunuşdan obrazlı ifadəsini tapır. Bəzən bu rıçaqlar qırıla da bilir. Bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, müəyyən bir şeirdə fikrin ifadə edildiyi hər bir və ya bir neçə misranın öz çəkisi və bədii tamlığı ilə müstəqil bir şeir təsiri bağışlamasıdır. Kitabda toplanan lirikanı ayrı-ayrı mövzular və ya mövzu istiqamətləri üzrə təsnif etmək çətindir. Sadəcə, yüzlərlə poeziya nümunəsini nəzərdən keçirərkən Rəşad Məcidin şeirləri arasında müəyyən bir ümumilik, mövzu və üslub yaxınlığı müşahidə etməklə yanaşı, həm də müasir lirikamızın mövcud inkişafının nəzərəçarpan meyllərini sezdik. Bizcə, burada sabit şəkil almış meyllərdən biri lirikada şairin şəxsi “mən”i duyumundan və ya mövqeyindən sevgi dünyasına nəzər salmasıdır, bir də könlündən keçənləri dilə gətirməklə gerçəkliyi dərk etmə cəhdidir. Qəhrəman hisslə fikir arasında tərəddüd edir. Şairin lirik qəhrəmanı (aşiq və məşuq) oxucu qarşısında yüksək bəşəri məsuliyyətin, bəşəri həyəcanların daşıyıcısı kimi canlanır. “Tanrının bəxşiş”nin birinci bölməsi yuxarıda vurğuladığımız kimi “Xilaskarım” şeiri (siqaretlə əlaqədar) ilə başlayır və maraqlıdır, bu bölmə yenə papirosla əlaqədar yazılmış “Siqareti tərgitmək” poetik parçası ilə qurtarır. Başlanğıcda xilaskar, sonluqda imtina, inkar. Halbuki şair birincidə xilaskarını bütün tərəfləri ilə sübut etməyə çalışmışdı.
“Yenə də bahar qayıdır” roman parça bölməsi də məhəbbət mövzulu səkkiz və on bir hecalı, bəzən sərbəst vəzndə yazılan maraqlı, könül oxşar, bəzən istehzalı nümunələrlə əhatə olunmuşdur. Bu şeirlərdə dilə yatımlılıq, özünü dərk, axıcılıq daha çoxdur. “Uşaq, uşaq... Balaca uşaq” şeiri olan gerçəklikdən xəbər verir (sanki şair balaca oğlu ilə olan maraqlı bir məqamı poetikləşdirmişdi – B.B.). Hadisələr süjet xətti ətrafında bütövləşə-bütövləşə yüksələn ideallar istiqamətində tamamlanır və həqiqi mənada fikrin yetişmiş bir məqamına çatır. Uğurlu başlanğıc və uğurlu sonluqdu. Çəkilən əziyyət sonda öz bəhrəsini verirsə, bu, düzgün başlanğıcın nəticəsi kimi başa düşülməlidir.
“Ağla” şeiri dörd bənddən ibarət səkkiz hecada yazılan kiçik bir poeziya nümunəsidir. Bu gün cəmiyyətdə baş verən neqativ hadisələr, bəzi nazirlərin, məmurların ağlamalı günə qaldığı bir vaxtda Rəşad Məcidin istehza dolu misraları (fərq etməz bu şeir nə vaxt yazılıb) ilə başlayıb:
Ağla, qoy könlün yuxalsın,
Ağla, düşmənlər kirisin.
Görüb sənin bu halını
Bütün dinənlər kirisin.
Şeir bu sonluqla qurtarır:
Çatıb çoxunun axırı,
Çıxıb çoxunun paxırı,
Durduğun yerdən yıxılıb
Səndən enənlər kirisin.
“Qisas” ağrılı-acılı etiraf kimi səslənir. Həyat həqiqətləri, hər kəsin başına gətirilmiş və ya gətirilə biləcək olaylar yaşanan gerçəkliyin zoğundan xəbər verir (Adamı göyə qaldırıb conra ki, yerə vururlar... Gedir, qalmır izi, tozu, Hər qələm bir yerə yozur, Adını lap başdan pozub lap, lap axıra vururlar. Kündə kimi ovxalayıb... və s. və i.a.). Əksər bədii nümunələrdə zamandan gileylənmə “Vaxtım qalmadı”ya da xas olan bir ümumiləşdirmədir. Fəqət buradakı giley:
Vəhşidilər, nədilər,
Dənlədilər, diddilər.
Vaxtımı da yedilər,
Sənə vaxtım qalmadı.
sevgilisinə ünvanlanıbdır. Bütün bu zaman məsələsinin qıtlığından, çərçivəyə salınmasından “Mən gəlib çatanda getmişdin artıq” şeirində şair gileyi belə poetikləşib:
...Mən nağıl gəzirəm, bilmirəm hələ
Doqquzdan beşəcən iş saatıdır.
Sonra da avtobus, yol, ev, ailə
Bu cızıq hər kəsin öz həyatıdır...
Bir nüansı da vurğulamaq istərdik ki, kitabın ikinci – roman adlanan bölməsindəki nümunələr birinci bölümlə müqayisədə daha tez oxunur. Oxucu yorulmur. Sevgilisinə vüsal xoşbəxtliyini cənnət meyvələrinə bənzədən aşiq (“Qurban vermə gəl”):
Yoluna incilər sərsələr belə,
Başına qızıllar səpsələr belə.
Yenə darıxırsan neçə il öncə
Vurub öldürdüyün o hissdən ötrü – deyir.
Bölmədə verilən adsız şeirlərdə aşiqin ümidsizliyi də oxucu nəzərindən qaçmır. Bir belə ah-nalənin, döyüş-vuruşun bədbin sonluqla bitməsi narahatlıq doğurur.
Kitabın “Martın biri...” (1991) hekayə hissəsi də maraqla oxunur. Bu şeirlərdə də tanış üslub, Rəşada məxsus düşüncə və deyim, ifadə tərzi özünəməxsusluğu ilə seçilir. Rəşad Məcid nəyi görüb, duyub, hiss edibsə, onu da yazır. Nə yazır, hamısı həqiqətdi, hər sevənin başına gələndi. Ilk misralarında nəyi istəyirsə, elə də deyir. Sadəcə bütün bunlar sadə deyimliliyi, dodaq qaçırması, bəzən də (yox, elə bütün vaxtlarda) aşiqin çox yalvar-yaxarı ilə seçilir və nəhayətdə şeir gözəllik səviyyəsinə qalxa bilir.
Sərlövhədən göründüyü kimi, “Babalarım torpaq olub” bölümünü vətənpərvərlik mövzusu bəzəyir. Ikiyə bölünmüş “Vətən” azmış kimi, qarı düşmənimiz olan ermənilər böyük qağalarının köməyi ilə neçə əsrdir bu millətin başına hansı oyunları açmayıb ki:
Arzudu – daddıqca o, dadlanandı,
Ikiyə bölünüb bir adlanandı.
Bu tayda sevinci qanadlanandı,
O tayda vuruşan, döyüşən vətən.
Poeziyada simvollaşdırılan “at, saz, qılınc, qaya, daş sözlərini şair poetikləşdirərək özünəməxsus çalarlarla, yeni baxışlarla onlara həyat verib” – desək, səhv etmiş olmarıq. Bəzən belə görünür və ya hiss edirik ki, bugünkü XXI əsr gəncləri 1941-1945-ci illər II Dünya müharibəsini unudur, yaxud unudacaqlar. Amma gənc şair Rəşad (təbii ki, 1979-cu ildə Rəşadın 15 yaşı vardı – B.B.) yeniyetmə çağında yeganə əmisi olan Hacını (o, müharibədə həlak olub) unutmur və onun xatirəsi “40 il irəlinin gülləsi” şeirində əbədiləşdirilir. Köhnə dərdlərin qövr etməsi, acısı, ağrısı nənə-babalar, ata və analar tərəfindən uşaqlara elə yanğı ilə çatdırılıb ki, bu şeirdən də onun təsir gücünün azalmadığını Rəşadın timsalında görürük. Şair vətəndaş ancaq belə yazmalıdır.
“Yaylaq duyğuları” başlığı altında toplanmış poeziya nümunələri mövzu, məzmun rəngarəngliyi ilə seçilir. “Yurd yeri” şeiri yaylaq düşüncələrinin məhsuludur. Bu şeir onun ədəbi təsərrüfatında öz seçimi ilə xüsusi nəzərə çarpır. Qoca bir palıd kölgəsində elat adamlarının binə qurmalarının nəqli ürəkaçan, xoş ovqat təsiri bağışlayır. Şair “Cıdır düzü”ndə məkan (Cıdır düzü) və bu məkanın sakinlərini (Üzeyirin, Natəvanın, Vaqifin) hər obanın, elin yaddaşı sanır.
Kitabda çoxluq təşkil edən məhəbbət mövzusuna belə əhəmiyyət verilməsi təsadüfi deyil, günün, dövrün, insan hisslərinin, duyğularının (əsasən də gəncliyin) daimi tələblərilə əlaqədardır. Rəşad Məcid məhəbbət anlayışını öz düşüncə tərzinə görə, incə duyumla başa düşür. Bizcə, Rəşad kainatın, həyatın, varlığın bütün incəliklərini məhəbbətdə görür. Hətta digər fikirlərini də. Axı eşq, məhəbbət insanı yüksəldən, onun mənəviyyatına qüvvət verən, fikrini cilalandıran, əxlaqını təmizləyən, inamını artıran, sədaqətli, fədakar, mübariz olmasına səbəb olan bir Tanrı vergisidir. Bu vergini, bu sevgini Uca Yaradan hər kəsə verib onu xoşbəxt etməz. Bu sevgi vergisini istədiklərinə, isimlərini uca tutduqlarına ərməgan edir. Klassiklərimiz kimi Rəşad Məcid də bəzən eşq məfhumu altında qəlbindən keçən mütərəqqi fikir və tələbləri kiçik həcmli şeirlərdə belə detal vasitəsilə bildirir. Oxucusunu ayıq-sayıq olmağa – ayılmağa, öz mənəvi qüdrətinə inam bəsləməyə çağırır.
İstedadlı şairimiz Ramiz Rövşənə ithaf etdiyi “Yanmayan şeir”, Şah İsmayıl Xətaiyə həsr olunmuş “Hanı?”, Mirzə Şəfi Vazehdən bəhs edən “Vazehin şeirləri” də xələf-sələf münasibətinin etibar və məhəbbəti kimi qiymətləndirilməlidir.
“Baharın yolları” şeirindəki poetikləşdirmə insanı düşündürməklə camalına təbəssüm bəxş edir:
... Dünyaya ümidlə baxan kəslərin
İşləri qayadan, daşdan keçirmiş.
Və ya
Ha de ki, bahara bir addım qalıb,
Baharın yolları qışdan keçirmiş.
İrihəcmli şeirlər toplusunda Rəşad Məcid lirikasına xas daxililik, düşüncə intonasiyası, bəzən qısqanc, bəzən şairanə təzahürlərinin həssaslıqla duyum onun şeirlərinin səciyyəvi xüsusiyyətlərindən, məziyyətlərindəndir. Hesab edirəm ki, yeni, tər-təzə şeirləri bəhs etdiyimiz bu kitaba daxil edilməyibdir.
Öz həmsöhbətini – məşuqunu şair təbiətlə təmasda, təbiətlə ünsiyyətdə açmır. O, daim – həyatda da, yuxuda da ona müraciət edir, ona gileylənir, ondan umur, onu etibara, səhv addım atmamağa çağırır.
Eşqini ilahiləşdirərək göylərdə bəsləyir. Rəşadın lirikasında poetik “mən” insanda – sevəndə yüksək ülvi başlanğıcı təsdiqləyir. Onun həmsöhbətləşdiyi lirik xarakterin fərdi təzahürü tez görünür və yaddaşlarda qalır. “Səs”, “Atama”, “Mən əlimi buraxmazdım” və s. şeirləri də qəlbəyatımlılığı ilə seçilir.
Mükəmməl poeziya nümunələrinin toplumu olan kitab sözün həqiqi mənasında insanı əndişələndirir. Bir məqalə ilə belə zəngin bir kitabı əhatə etmək mümkünsüzdür. Hesab edirəm ki, poeziyanın heca və sərbəst vəznində biri-birindən gözəl nümunələr yaradan, bəzən hadisəyə çevrilən, bəzən də publisist dillə fikir söyləyən bu poetik nümunələr tədqiqat üçün zəngin material verir. Akademik İsa Həbibbəyli yazır: “Rəşad Məcidin çoxcəhətli yaradıcılıq fəaliyyəti dərin, əsaslı və geniş tədqiqatlar üçün zəngin material verir.
Xüsusən onun demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq, Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır”.
Şairdən mümkün qədər daha dərin və əhatəli, daha miqyaslı, təbii və axıcı, fəlsəfi tutumlu fikirlər gözləməyə onun istedadının gücü, bizimsə haqqımız vardır.
Rəşad Məcidin şeirlərinin mövzu və məzmun dairəsi, ideya dolğunluğu öz genişliyi, zənginliyi və hərtərəfliliyi ilə təsəvvürümüzdə xoş ovqat yaradaraq canlanmış oldu.
Bu şeirlər Rəşad Məcidin hələ də ardı var olan bir hekayətidir və sözsüz ki, bu hekayə hələ yazılacaqdır.
Baba BABAYEV
Filologiya elmləri doktoru
"Kredo" qəzeti, 31 mart, 2016-cı il



