Məlum olduğu kimi, aprelin 13-də Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
Ölkə başçısı rəsmi səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla görüş keçirib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Aprelin 14-də isə İstanbulda Sammit öz işinə başlayıb. İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.
İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik etmiş Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.
Diqqət çəkən əsas məqamlardan biri də sammit çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT-in qəbul etdiyi qərardır. Qərarə əsasən Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədilə xarici işlər nazirləri səviyyəsində təmas qrupu yaradılıb.
İslam Əməkdaşlıq təşkilatının qəbul etdiyi bu qərarı yüksək qiymətləndirən Prezident İlham Əliyev Sammitdə çıxış edərək qeyd edib ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını alıb”.
İƏT-in Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərara münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “525”ə açıqlamasında qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi praktiki addımlar tələb edir: “İslam Əməkdaşlıq Təşkilatı nəzdində yaradılacaq bu qrup iki istiqamətdə addımlar atılmasına xidmət edə bilər. İlk növbədə təmas qrupu BMT-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin lobbiçiliyini apara bilər. Eləcə də təşkilat üzvlərinin bəziləri Azərbaycanla münasibətdə dəfələrlə bəyan ediblər ki, münaqişə ilə bağlı məsələdə rəsmi Bakının istənilən mövqeyini dəstəkləyirlər. Yəni, bu gün Azərbaycan qərar versə ki, müharibə olsun, o halda Pakistana bircə müraciət kifayət edər ki, gəlib qoşulsunlar. Bu, özü də bir təmərküzləşmə, koordinasiya tələb edən məsələdir. Ona görə də, hesab edirəm ki, bu ideya vaxtında ortalığa atılıb”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı müsəlman dünyasında yeganə qurumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz faktının xüsusi bəyanatla pisləyib. Onun sözlərinə görə, bu təşkilat həmçinin bəyan edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün quruma üzv dövlətlər əlindən gələni əsirgəməməlidir: “Budəfəki, sammitdə Türkiyənin təşəbbüsü ilə Dağlıq Qarabağa dair xüsusi komissiyanın yaradılması nəzərdə tutulub. Hesab edirəm ki, bu qrupun formalaşması baş tutacaq. Təmas qrupu müntəzəm olaraq Dağlıq Qarabağ problemi ilə məşğul olmalı və bununla əlaqədar həm təşkilatın rəhbərliyinə məlumat verməli, həm də müxtəlif dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlarla əlaqələrdə münaqişə ilə bağlı öz mövqeyini ortaya qoymalıdır”.
Politoloq bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qəbul edilən bu qərar Azərbaycanın həm siyasi mövqelərini möhkəmləndirə, həm də problemin həllinə konkret töhfələr verə bilər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqdan sonra təşkilatın nizamnaməsinə uyğun olaraq onun fəaliyyətində fəal iştirak edir. O “SİA”ya bildirib ki, təşkilata üzv ölkələrlə bu gün mehriban qonşuluq və əməkdaşlıq münasibətləri yaradılıb: “İƏT vaxtaşırı Dağlıq Qarabağ münqişəsini müzakirəyə çıxarır və dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsində öz qəti mövqeyini ortaya qoyub. Təşkilat Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib. Təsadüfü deyil ki, Ermənistan rəhbərliyi tez-tez İƏT-in Dağlıq Qarabağ münqişəsi ilə bağlı qəbul etdiyi qərarlara narahatçılığını bildirir və bunu dəyişmək üçün cəhdlər edir. Amma ermənilərin cəhdlərinin hamısı uğursuzluqla nəticələnir”.
Politoloq bildirib ki, İƏT-in XIII Sammitində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün təmas qrupunun yaradılması təşəbbüsü diqqət çəkən addımdır: “Təmas qrupu Dağlıq Qarabağ münaqişəsinin İslam dünyasında, eyni zamanda bütün dünyada aktuallaşmasını, həmin məsələyə böyük dövlətlərin diqqətinin yönəldilməsini daha da artıra bilər. İƏT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün özünün təsir mexanizmlərini işə sala bilər. Məsələn, təşkilatın 3 üzvü - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün Ermənistanla diplomatik əlaqələri yoxdur. Bu, Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır. Təşkilata üzv digər dövlətlər də Ermənistana bu və ya digər təsir siyasətinə qoşulsalar, ermənilər bunun ağrısını çox kəskin şəkildə hiss edəcəklər”.
E.Mirzəbəyli ümid edir ki, bu qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə biləcək”.
Politoloq Tamerlan Vahabov isə bildirib ki, Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təmas qrupunun yaradılması barədə təşəbbüs yenidən bu təşkilatın Azərbaycana olan dəstəyi və ölkəmizin orada olan diplomatik uğurlarının bir nümunəsidir. Ekspert “SİA”ya açıqlamasında qeyd edib ki, nəticəsindən asılı olmayaraq bu məsələnin müzakirə olunması, Azərbaycana olan diqqətin səngiməməsi, əksinə artması bunun daha da qabarıq şəkildə təsdiq olunmasının bir nümunəsidir: “Bu təşəbbüsün reallaşması təşkilat üzvləri arasında qarşılıqlı olaraq etibarlılığın artmasına gətirib çıxarır”.
Ceyhun ABASOV