Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilərin - ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin iştirakı ilə davam edən danışıqlar fonunda dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Eduard Nalbandyanla görüşmək üçün İrəvana səfər edib.
Bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, iki gün davam edəcək rəsmi səfərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq: "Moskva ümid edir ki, onun diplomatik səyləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində uzunmüddətli atəşkəsin əldə olunması ilə nəticələnəcək".
Aprelin 6-da Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində Sergey Lavrov Azərbaycana da səfər etmişdi. Səfər aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında qızğın döyüşlərin başlamasından 3 gün sonra tərəflərin atəşkəs üçün razılaşmasının fonunda baş verib.
Görünən isə odur ki, 4 günlük döyüşlərin üzərindən iki həftə vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də özünə gəlməyib. İstər işğalçı ölkə, istərsə də separatçılar Azərbaycan Silahlı Qüvvələrinin onlara vurduğu sarsıdıcı zərbələrin ağrılarını hələ də öz üzərlərində hiss edirlər. Ermənistan hakimiyyəti qəzəbli xalq kütlələrinin hədəfindən yayınmaq, iqtidarı əldən verməmək üçün cəbhədə uğradıqları məğlubiyyəti əksər hallarda Rusiyanın üzərinə atmağa çalışır. Ermənilər Kremli 4 günlük döyüşlərdə onlara hərbi dəstək vermədikləri, daha dəqiq desək, Gümrüdəki rus hərbi bazasını işə salmadıqlarına görə həyasızcasına ittiham edirlər. Bu mənada, əhali təşkil olunan mitinqlərdə verdikləri çoxsaylı itkilərə görə həm hazırkı rəhbərliyi, həm də Rusiyanı ittiham atəşinə tutur. Bu, vəziyyət Ermənistan prezidenti Serj Sarkisyanı olduqca narahat edir. Təsadüfi deyil ki, işğalçı rejim rəhbəri aprelin 5-də Moskvada atəşkəs razılığı əldə olunandan sonra dərhal Almaniyaya üz tutub, daha sonra Rusiyanın baş naziri Dmitri Medvedyevi qəbul edib, müxalifət lideri Levon Ter-Petrosyanla görüşmək qərarına gəlib. Bütün bunlar onu göstərir ki, Sarkisyan hakimiyyəti əldə saxlamaq üçün hətta vaxtilə devirdikləri Petrosyanla da görüşməyə ehtiyac duyub. Sarkisyan ən sonda işğal olunan Azərbaycan torpaqlarına səfər edərək təcili hərbi müşavirə də keçirib. Bugünlərdə isə erməni mətbuatının yaydığı məlumatlara görə, o Dağlıq Qarabağ məsələsilə bağlı xalqa müraciət etməyə də hazırlaşır. Yəqin ki, Sarkisyan hakimiyyəti əldə saxlamaq üçün torpaqların həqiqi sahibinə qaytarılmasının Ermənistan cəmiyyətində doğuracağı reaksiyanı öyrənmək istəyir. Çünki o artıq başa düşür ki, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğalda salxamaq günü-gündən daha da çətinləşir, işğalın vaxtı uzandıqca bədəli daha da ağırlaşır.
Ermənistandan fərqli olaraq Azərbaycanda isə yüksək döyüş əhval-ruhiyyəsi hökm sürür. Xalq birmənalı olaraq, istənilən yolla torpaqların düşmən işğalından azad olunmasını istəyir. Əgər sülh danışıqları heç bir nəticə verməyəcəksə, mütləqdir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon hərbi yolla düşməndən azad edilməlidir.
Məsələ ilə bağlı danışan "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Kreml öz mətbuatı vasitəsilə Dağlıq Qarabağla bağlı yeni, əslində isə köhnə planı Azərbaycana həzm etdirməyə çalışır: "Dəyişən bir şey yoxdur, "sadə mexanizmi" təkrarlayırlar: İşğal altındakı torpaqların boşaldılmasının əvəzində Dağlıq Qarabağa müstəqillik yolu açılır. Buna razılaşsaydıq 22 ildir danışıqlarda niyə iştirak edirdik ki, elə lap əvvəldən buna gedərdik. Başqa sözlə Rusiya ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün İrəvana təsir etməyəcək".
Politoloq bildirib ki, Erməni diplomatiyası İsraili də öz tərəfinə çəkmək üçün yeni hiyləyə əl atıb: "İsrail vaxtilə Suriyaya məxsus Holand təpələrini ələ keçirib və geri qaytarmaq istəmir. İsrail hökumətinin əsaslandırması odur ki, Holand təpələri tarixən İsrailə məxsus olub və bu ərazini Suriyaya nə vaxtsa təhvil versə, İsrailin ərazisi yenə hücuma məruz qala bilər. Erməni diplomatiyası bundan çıxış edərək israilli diplomatlara çağırış edərək yazır ki, bəs əgər Siz Holand təpələrindən haqlı olaraq bufer zonası kimi istifadə edirsinizsə, biz də Dağlıq Qarabağ ətrafındakı rayonları işğal altında saxlamaqla eyni məntiqdən çıxış edirik. Birincisi, İsrail Suriyanın Holand təpələrini işğal altında saxlayırsa, Ermənistan "bufer" adlandırdığı zonada 7 rayonu işğal edib və bunlar arasında fərq böyükdür. İkincisi, nə Ermənistan İsraildir, nə də Azərbaycan Suriya. Dəməşq indi o halda deyil ki, Holand təpələrini geri qaytarmaq barədə düşünsün, ölkə bir neçə yerə bölünüb, terror tüğyan edir. Buna görə də İsrail Holand təpələrindən hələ ki, narahat deyil. Suriyadan fərqli olaraq Azərbaycan "bufer zonasını" geri qaytarmaq üçün fəaliyyətə başlayıb və bu işdə Holand təpələrini nəzarətdə saxlayan İsraildən istədiyi dəstəyi alır".
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, Ermənistanın təbliğat maşınının hansı üsullardan istifadə etməsindən asılı olmayaraq işğalçı ölkə uduzmaqda davam edəcək: "Azərbaycan qəti şəkildə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və son hadisələr ölkəmizin bu məsələdə ciddi hazırlığını göstərir".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, Rusiya mətbuatının yazdığına inansaq, bu ölkə Dağlıq Qarabağ problemini tezliklə həll etmək niyyətindədir. O "SİA"ya bildirib ki, bununla bağlı olaraq Rusiya Tatarıstanın paytaxtı Kazanda 2011-ci ildə əldə olunmuş razılaşmanı əsas götürərək, sülh yaratmaq niyyətindədir.
O qeyd edib ki, Kazan sazişini əsasən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adı ilə bağlayırlar: "Bu sazişi Lavrov planı kimi təqdim edirlər. Həmin planda ilk mərhələdə 7 rayonun işğaldan azad olunması nəzərdə tutulur. Yeddi rayona daxil olan Laçının isə mərkəzi yox, ancaq kəndlərinin azad olunması qeyd olunur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə sonrakı illərə qalır. Yəni qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasından sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. Hər halda bu plan ilk nəzərdə ümid doğurandır. Ancaq bir tərəfdən də rus mətbuatının Azərbaycana qarşı yazılarını oxuyanda, Ermənistandan Dağlıq Qarabağa silahların daşınmasını müşahidə edəndə, düşürsən ki, əgər sülh sazişi bağlayırlarsa, bu qədər müharibə hazırlığı nəyə lazımdır?"
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq Rusiyanın inhisarında deyil: "Dağlıq Qarabağ münaqişəsindəki proseslərə Amerika da ciddi yanaşır. Almaniya da ATƏT-in sədri kimi münaqişəni ciddi nəzarətdə saxlayır. Yəni, Dağlıq Qarbağ münaqişəsi son 4 günlük müharibədən sonra dünyanın gündəmində duran ən mühüm məsələlərdən biri olub. Ona görə də inanmıram ki, Rusiya və Ermənistan hansısa riyakar addımları ilə sülhyaratma prosesini poza bilsinlər. İndi sülhyaratma prosesinin konkret nəticələrə gəlməsi üçün daha əlverişli şərait yaranıb".
Ceyhun ABASOV