|
|
|
|
Dünya ədəbiyyatının ən oxunaqlı əsərlərindən biri, Amerika yazıçısı Marqaret Mitçelin “Küləklə sovrulanlar” romanı, nəhayət, ilk dəfə Azərbaycan dilində çapdan çıxıb.
“Şərq-Qərb” Nəşriyyat Evində nəfis şəkildə çap olunmuş bu kitab “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamına görə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısına uyğun olaraq nəşr edilib.
İki cilddən ibarət kitabın birbaşa ingilis dilindən tərcüməçisi və ön sözünün müəllifi yazıçı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli bu barədə açıqlamasında deyib:
“Küləklə sovrulanlar” yüz ilə yaxındır ki, uğurlu və çox xoşbəxt bir ədəbi tale yaşayır: dünyanın qırxdan çox dilinə çevrilib, 190 dəfə yenidən nəşr olunub, bestseller əsər kimi şöhrət qazanıb. Roman əsasında çəkilmiş eyniadlı film dünya kino tarixində 1939-cu ildən bəri hələ də klassik şedevr kinolenti kimi qalmaqdadır, tamaşaçılarının sayına görə bəlkə də “Titanik”dən geri qala bilər.
Onu da deyim ki, bu möhtəşəm əsər nə Sovet dövründə, nə də müstəqilllik illərində Azərbaycan dilində çap olunub. Və ümid edirəm ki, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Marqaret Mitçelin bu ilk və son romanı Azərbaycan oxucusunun da böyük marağına səbəb olacaq”.