|
|
|
|
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Eynəli bəy Sultanovun “Hekayələr” kitabının hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, bölmənin elmi işçisi Elxan Məmmədovun topladığı hekayələrin nəşr olunduğu bu kitab olduqca gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. Bu Sərəncamdan irəli gələn tədbirlər planının bir parçası kimi bu tədbirin əhəmiyyəti böyükdür.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Eynəli bəy Sultanovun ədəbi-bədii irsinin öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib.
Bundan başqa tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov, bölmənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, institutun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış edib.
Bildirilib ki, kitabda 33 hekayə toplanıb. Akademik İsa Həbibbəylinin məsləhətçisi və ön söz müəllifi olduğu kitab 288 səhifədir. 500 tirajla “Elm və təhsil” nəşriyyatında çap edilib.
Kitabda “Naxırçı qızı Gözəl”, “Bülbül”, “Cənub gecələri”, “Qurd balası”, “Çalma”, “Təzə pir” kimi hekayələr öz ibrətamizliyi ilə diqqəti cəlb edir.
Sonda kitabdakı əsərləri toplayan və tərtib edib nəşrə hazırlayan, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov çıxış edərək ilk növbədə Eynəli bəy Sultanov irsinin hərtərəfli öyrənilməsinə yol açan müvafiq dövlət sərəncamının əhəmiyyətini vurğulamış və təqdimetmə mərasimində çıxış edənlərə və iştirakçılara öz minnətdarlığını bildirib.
Nərgiz İSMAYILOVA