|
|
|
|
Nizami rayonundakı 10 saylı orta məktəbdə Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisitik kitabın, yüzlərlə məqalənin, eləcə də 20-dən artıq poemanın müəllifi olan Bəxtiyar Vahabzadənin yaradıcılığından söz açılıb.
Şagirdlərin şairin şeirlərini səsləndirib, sözlərinə bəstələnmiş nəğmələr oxuyub, poemalarından, pyeslərindən müəyyən hissələr oynayıblar.
"Gülüstan" poemasından Azərbaycanın İran və Rusiya arasında bölünməsini əks etdirən səhnə, "Şəhidlər" poemasından, "Axı biz neyləmişdik?" şeiri xüsusilə anşlaq doğurub.
Sonra şairin öz ifasında səslənən "Axı, dünya fırlanır" şeirinin videoklipi nümayiş etdirilib.
Tədbirdə qonaq qismində iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Nizami rayonu üzrə məsləhətçisi Fərman Abdullayev, Gənc Vətənpərvərlər Birliyinin (GVB) sədri Muğan Əliyev, ali və orta məktəblərlə iş şöbəsinin müdür müavini Ayşən Əliyeva, məktəbin məzunu aktyor Elvin Əhmədov və başqaları çıxış edərək Bəxtiyar şeirinin qüdrətindən söhbət açıb, belə görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik hislərinin aşılanmasında böyük rol oynadığını diqqətə çatdırıblar.
Şairin tələbəsi olmuş məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Familə Aslanlı müəllimi ilə bağlı xatirələrindən danışıb.
Məktəbin direktoru Leyla Məmmədova belə poeziya gecələrinin silsilə təşkil etdiyini söyləyib.