Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində "Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər" monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq monoqrafiyanın hazırlanması sahəsində görülən işlərdən danışaraq qeyd edib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin Naxçıvan Muxtar Respublikasında indiyədək gəlib çatan müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş 97 nəfər görkəmli şəxsiyyət (dövlət xadimləri, alimlər, sənətkarlar və s.) haqqında bəhs olunan bu dəyərli mənbənin hazırlanması gərgin və məhsuldar əməyin nəticəsində gerçəkləşib.
Qeyd olunub ki, tarixin mötəbər qaynaqlarından olan epiqrafik abidələr-kitabələr özlərində çoxlu görkəmli şəxsiyyətlərin adını qoruyub saxlamışlar.
Monoqrafiyada haqqında danışılan şəxsiyyətlər aşağıdakı kimi qruplaşdırılıb: 1.Hökmdarlar, 2.Dövlət xadimləri, 3.Memarlar, 4.Sənətkarlar, 5.Alimlər, 6.Sufi şeyxləri, 7.Din xadimləri, 8.Xeyriyyəçilər, 9.Qadın şəxsiyyətlər. Bundan başqa kitabda bir çox şəkil və xəritə də yer alıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Asəf Orucov "Görkəmli şəxsiyyətlərin öyrənilməsində epiqrafik abidələrin rolu" mövzusunda məruzə ilə çıxış edib.
AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri,dosent Emin Şıxəliyev, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva, İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin də çıxışları olub.
Sonda müəllifin monoqrafiya haqqında məlumat xarakterli çıxışı olub, o, iştirakçıların suallarını cavablandırıb.
Nərgiz İSMAYILOVA