Azərbaycan Dövlət İqtisad Universitetində "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda elmi konfrans keçirilib.
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və sözügedən universitetin birgə təşkilatçılığı ilə "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov deyib ki, prezident İlham Əliyev tərəfindən ölkədə təhsilin inkişafına xidmət edən Dövlət Strategiyası müəyyən olunub. Bu strategiyada müəyyən edilən vəzifələrin icrasını təmin etmək məqsədilə təhsil naziri Mikayıl Cabbarov tərəfindən universitet rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Artıq bu tapşırıqların icrası istiqamətində işlərə başlanılıb. Rektorun sözlərinə görə, bu gün elmlə təhsilin vəhdətinin vacibliyi müzakirə predmeti deyil. Bu hər kəs tərəfindən qəbul olunur. Əsas müzakirə predmeti bu vəhdətin özünün nə olması və onun necə təmin edilməsidir: "Bu gün universitet müəllimi öz pedaqoji fəaliyyəti ilə yanaşı hər hansı bir məqalə çap etdirirsə bu o deməkdirmi ki, elmlə təhsilin vəhdəti təmin edilmir. Yaxud AMEA-nın elmi fəaliyyətlə məşğul olan elm adamları bununla paralel pedaqoqluq edirsə bu zaman elmlə təhsilin vəhdəti təmin olunmur. Mən düşünürəm ki, burada çox ciddi müzakirə predmeti var. Aparılan tədqiqatlar göstərir ki, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə peşəkarlıq deformasiyası xasdır. Bu deformasiyanı aradan qaldırmağın yeganə yolu isə elmi fəaliyyətdir. Burada da müəyyən problemlər mövcuddur. Problem ondan ibarətdir ki, ali təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyət həm müəllim, həm elmi tədqiqatçı və bu biliyi yayan funksiyasını yerinə yetirməlidir. Bəzi hallarda bu üç amilin bir şəxsdə cəmlənməsi öz-özlüyündə sual altında olur".
Ə.Muradov qeyd edib ki, elm və təhsilin vəhdəti ilk növbədə "ali təhsil" statusuna yiyələnən şəxslərin peşəkar işçi kimi yetişməsi deyil. Xüsusilə elmi və araşdırma istiqamətli karyera quruculuğuna xidmət etməsidir.
Rektorun dediyinə görə, müəllimin pedaqoji fəaliyyətinə verilən qiymət onun elmi fəaliyyəti vasitəsidir: "Biz hazırda Azərbaycan Dövlət İqtisad Universitetində ön plana onun pedaqoji fəaliyyətini yox, elmi fəaliyyəti çıxarırıq. İlk növbədə alimin malik olduğu elmi bilikləri tələbə kontingentinə ötürmək qabiliyyətinə malik olmalıdır. Bunu nəzərə alaraq biz universitetdə daim fəaliyyət göstərən virtual iqtisadi forum yaratmışıq. Dekabr ayından etibarən fəaliyyət göstərən bu forum imkan verir ki, müəllimlər apardıqları elmi tədqiqatların nəticələrini burada paylaşsınlar. Mən çox şadam ki, bu forumun ən fəalları məhz Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləridir".
Ə.Muradovun fikrincə, ali təhsil müəssisələri təkcə təhsil verən qurum deyil, həm də elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə isə bildirib ki, onlar Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirmək fikrindədirlər: "Əgər Akademiyada universitetlər yarada bilsək, o zaman onların hamısı elm və təhsil mərkəzlərinə çevriləcək. Bu mərkəzlər isə illər keçdikcə Akademiya sözünü yaddaşlardan siləcək və ölkədə bir neçə il ərzində mükəmməl elm təhsil mərkəzləri yaradılacaq".
A.Əlizadə əlavə edib ki, bu il AMEA 60-dan çox magistr qəbul edəcək: "Hazırda AMEA-da magistratura üzrə xeyli canlanma var". A.Əlizadə prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünə də münasibət bildirib: "Biz bu təşəbbüsü alqışlayırıq. Bu qərar təhsilə, kadr hazırlığına böyük zəmin yaradacaq".
Sonda AMEA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında Elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sevinc QARAYEVA