İyunun 8-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Musiqili Teatrının birgə Layihəsi əsasında Xalq yazıçısı Elçinin Musiqili Teatrda səhnələşdirilmiş "Baladadaşın toy hamamı" tamaşasının qəhrəmanları və yaradıcı heyət ilə görüş keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq layihə haqqında tədbir iştirakçılarına məlumat verib, həmişə tamaşaçı teatra gəldiyi halda bu dəfə teatrın tamaşaçı ilə görüşə gəldiyini vurğulayıb, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Belə görüşlərin əhəmiyyətindən danışan K.Tahirov bu yolla tamaşaçıların daha hazırlıqlı olacağına, hadisələrə real baxacağına əmin olduğunu söyləyib, belə görüşlərin inkişafın rəhni olduğunu bildirib, tədbir iştirakçılarını fəal olmağa çağırıb.
Azərbaycan Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bu görüşün çox məsuliyyətli olduğunu deyib, may ayının 29-da tamaşaçılara təqdim olunmuş "Baladadaşın toy hamamı" tamaşasının yaradıcı heyəti və qəhrəmanları ilə birbaşa ünsiyyət, görüş üçün Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib. Tamaşanın premyerasının mart ayında 3 gün anşlaqla keçdiyini söyləyən Ə.Lalayev teatrın ilk dəfə Elçinin əsərinə müraciət etdiyini vurğulayıb.
Milli Kitabxananın əməkdaşları M.Cəfərova, G.Hüseynova, M.Talıbova, Ş.Tahirova və başqaları tamaşa haqqında öz fikirlərini söyləyərək qeyd ediblər ki, teatrla kinonun sintezi çox uğurlu alınıb, Bakı kəndləri, adət və ənənələr çox ustalıqla əks olunub, temporitm çox yüksək səviyyədədir, səhnə əvəzetmələri çox ustalıqla, fasiləsiz yerinə yetirilib. Onlar tamaşanın musiqisi və mətnlərindən çox böyük zövq aldıqlarını bildiriblər.