“Japan Tobacco International” (JTI) şirkətinin ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə “Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana axşamları” beynəlxalq festivalına qatılıb.
JTI-nin nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, artıq onuncu dəfə keçirilən festivalın bağlanış konsertində “Cəngi” qrupu Azərbaycan muğam və cazının sintezindən ibarət musiqi parçaları ifa edib, səhnədə qazaxıstanlı ifaçılarla birgə çıxış edib. Azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-dək tamaşaçı izləyib.
“Astana axşamları” beynəlxalq festivalı Qazaxıstanın “Deqdar” humanitar fondunun təşkilatçılığı, JTI şirkətinin dəstəyi ilə hər il keçirilir.
Builki festivalda Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Belarus və Qazaxıstan musiqiçiləri iştirak ediblər.
Azərbaycanın muğam ifaçıları JTI şirkətinin dəstəyi ilə 2014-cü ildə də bu festivalda iştirak ediblər. Musiqiçilərimizin builki festivalda iştirakı isə “Deqdar” Fondu ilə Beynəlxalq Muğam Mərkəzi arasında əldə edilən razılaşma əsasında mümkün olub.
“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə məşhur caz pianoçusu, bəstəkar, Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Ansambl muğamı müxtəlif musiqi növləri - caz, rok və s. ilə sintez şəklində təbliğ edir.
İndiyədək ansambl Fransa, Norveç, ABŞ və Türkiyədə Azərbaycan musiqisini təmsil edib. Ansamblın bədii rəhbəri Mircavad Cəfərovdur.