Azərbaycan Milli İncəsənət Muzeyində "Xarı bülbül" adlı əl işləri və rəsm əsərlərindən ibarət xeyriyyə sərgisi keçirilib.
Sərgi "Kaspi" liseylərinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılış mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, "Kaspi" təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, millət vəkilləri Gövhər Baxşəliyava, Elman Nəsirli, Jalə Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli, "Yeni Azərbaycan "qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev və digərləri iştirak edib.
Açılış mərasimində "Kaspi" liseyində təhsil alan uşaqlar hazırladıqları milli əlbisələr, əl işləri və rəsm əsərləri nümayiş etdiriblər.
Açılış mərasimində qonaqları salamlayan "Kaspi" təhsil şirkətinin təsisçisi Sona Vəliyeva sərgiyə təşrif buyuran hər kəsə öz təşəkkürünü bildirib.
"Kaspi" liseylərinin fəaliyyəti haqqında danışan S.Vəliyeva qeyd edib ki, təhsil ocağında uşaqlara fənlərdən öncə vətənpərvərlik hissləri aşılanır: "Təhsil ocağı 10 illik təhsil təcrübəmizə əsaslanaraq, yerli təhsil sektoru araşdırılaraq, orada duyulan ehtiyaclar, qüsurlar, çatışmazlıqlar, eləcə də beynəlxalq təhsildə aparıcı, qabaqcıl təcrübə öyrənildikdən sonra yaradılıb. Biz həm ənənəvi, həm də müasir təhsilə əsaslanan məktəb yaratmağa çalışdıq. Şagirdlərimiz nəinki ölkənin, eləcə də dünyanın ən qabaqcıl məktəblərinin şagirdləri ilə fənn yarışlarına rəqabətə girməklə yanaşı, onların malik olduğu texnoloji biliklərə yiyələnməlidirlər. Şagirdlərimiz dünyanın elm yarışında rəqabətə davamlı gənclər kimi yetişməlidirlər. Liseylərdə təhsil milli proqramlar əsasında verilsə də, tədrisə beynəlxalq metodlar da əlavə edilib. Təhsillə yanaşı biz gələcəyin qurucularının yetişdirilməsinin fərqindəyik. Azərbaycanın gələcəyi milli kadrların əlində olmalıdır. Bizim təlim-tərbiyənin əsasında azərbaycançılıq ideologiyası dayanır ki, bu da bizə Ulu Öndər Heydər Əliyev tərəfindən miras qalıb. Azərbaycançılıq ideologiyası bizim ərslərlə dayanıqlılığımızı təmin edən əsas amillərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev təhsilə böyük önəm verir. Ölkə başçısı hər zaman qeyd edir ki, təhsildə milli-mənəvi dəyərlər üstünlük təşkil etməlidir. Uşaqlarımız bu ruhda tərbiyə olunmalıdırlar. "Kaspi" liseyləri üçün də bu dəyərlər əsasdır. Biz bu dəyərləri gələcək nəsillərə çatdırmalıyıq. Bir millətin gələcəyi milli yaddaşlara söykənmirsə, o çox zəif olacaq".
Daha sonra sərgi haqqında məlumat verən S.Vəliyeva söyləyib ki, sərgidə nümayiş edilən əsərlər "Kaspi" liseylərində təhsil alan 8-12 yaş arası uşaqlar tərəfindən hazırlanıb: "Müqəddəs Ramazan ayında həyata keçirilən sərgi xeyriyyə məqsədi daşıyır. Satışdan əldə edilən gəlir təbii ki xeyriyyə məqsədilə xərclənəcək".
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, təhsil hər bir xalqın önəmli sahəsidir: "Hər bir xalq öz təhsilində milli-mənəvi dəyərlərini aşılamalıdır. Müasir təhsillə ayaqlaşmaq vacibdir, lakin onun kökündə milli dəyərlər olmalıdır. Bu dəyərlər uşaqlara aşılanmasa, o zaman Azərbaycanın gələcək ailəsi necə formalaşar? Bir çox ölkələrdə ailə dəyərləri demək olar ki, yoxdur. Amma Azərbaycan ailəsi bir çox ölkələrə nümunədir".
Aynur Sofiyeva isə çıxışında "Kaspi" liseylərinin ölkə təhsilində rolundan danışıb. O deyib ki, "Kaspi" liseyləri təhsili ilə yanaşı, bu cür tədbirləri ilə də digərlərindən fərqlənməyi bacarır: "Bu gün sərgi həm uşaqların bacarıqlarının nümayişi, həm də xeyriyyə məqsədi daşıdığı üçün çox vacib, həm də önəmlidir".
Sərginin qırmızı lentini BDU-nun kafedra müdiri Cahangir Məmmədli kəsib.
Daha sonra qonaqlar sərgidə satışa çıxarılan 265 işlə yaxından tanış olublar.