Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Rənglər, duyğular, düşüncələr" adlı rəsm sərgisi açılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgi Gənc Tamaşaçılar Teatrının və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində reallaşıb.
Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış dərək sərgi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sərginin təşkil olunmasında əsas məqsəd teatrın gənc rəssamlarının istedadlarının üzə çıxarılmasına təkan verməkdir. Sərgidə teatrın gənc və istedadlı rəssamları ilə yanaşı, Rəsm Qalereyasının 5 rəssamının da bir-birindən maraqlı əl işləri təqdim olunub.
İyunun sonunadək davam edəcək sərgi maraqla qarşılanıb.
Sərgidən sonra teatrda "Qohumlar" tamaşasının premyerası keçirilib. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin hazırladığı tamaşa kalmık dramaturqu Baatr Basanqovun "Təəccüb doğuran hadisə" əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnələşdirilib.
Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyevdir.
İki hissəli tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və başqaları iştirak edib.