Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Balakənə qastrol səfərə yollanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın yaradıcı heyəti iyunun 21-də Balakən rayon mədəniyyət evində “Qürbətdən gələn məktublar” tamaşası ilə çıxış edəcək.
Yazıçı və diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edəcəklər.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə Xalq artisti Əliabbas Qədirov, daha sonra Xalq artisti İlham Əsgərov canlandırıb.