Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Saf rənglər” adlı IV beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılıq festivalının bağlanış mərasimi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, ADRA-nın təşəbbüsü ilə fəaliyyətə başlayan “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqət çəkən hadisəyə çevrilib. Festivalın beynəlxalq miqyasda tanınması son dörd il ərzində nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, coğrafiyası ilbəil genişlənən festivala bu il 38 ölkədən uşaq və yeniyetmələr qatılıb. Festivalda 23 yaradıcı studiya və məktəb öz nailiyyətlərini nümayiş etdirib. Ümumilikdə 580 iştirakçının 1000 rəsm işi təqdim olunub.
“Saf rənglər”in layihə rəhbəri və festivalın daimi icraçısı ADRA Muzey-Sərgi Kompleksinin direktoru Lalə Eldarovadır.
Festivalın 3 yaşdan 16 yaşa qədər olan iştirakçıların ənənəvi olaraq təsviri sənətin bütün növ və janrlarında (rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət), həmçinin multimediaya, installyasiya və animasiya kimi müasir incəsənət növlərində işləri nümayiş etdirilib.
Festivalın təşkilat komitəsi müsabiqə proqramına “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” nominasiyalarını daxil etməklə daima tematik və professional proqram genişləndirilməsi üzərində çalışır.
Festivalın ictimai və beynəlxalq səviyyəsini artırmaq məqsədilə təşkilat komitəsi 2016-cı ildən tədbirin xarici iştirakçıları üçün xüsusi statuslu “qonaq” dərəcəsini tətbiq edib. Bu statusa uyğun olaraq ölkə iştirakçısı festivala öz ölkəsinin simvolunu “sülh” mesajı kimi çatdıra bilər, hansı ki, bu mesaj festivalın açılış mərasimində UNESCO-nun Bakıdakı nümayəndəliyinə təqdim olunacaq. Həmçinin bu ölkə festivalın işinin nümayişi estafetini qəbul edəcək.
“Saf rənglər” festivalının yaradılması və sonrakı işlərində Misirin ölkəmizdəki səfirliyi və Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin xüsusi rolunun əlaməti olaraq Misir bu fəxri statusa layiq olan birinci ölkə oldu. Qahirə bu il festivalın işinin nümayişi estafetini qəbul edəcək.
“Saf rənglər” festivalının yaradılması və fəaliyyətində Misirin ölkəmizdəki səfirliyi və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin beynəlxalq cəmiyyətin məlumatlandırılması və festival çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində təşkilat komitəsinə dəstək olub.
Qeyd edək ki, 2016-cı il Azərbaycan-Misir dostluğu kimi qeyd olunur və bu sahədə humanitar əməkdaşlıq genişləndirilir. Misir öz ölkəsinin simvolu kimi üzərində uşaq tərəfindən əl ilə yazılmış “sülh mesajı” olaraq papirus təqdim edib və Qahirədə keçiriləcək festivalda bütün ölkələr bu sözü öz dilində papirus üzərində yazacaq.