"Mədəniyyət.az" hər zamankı kimi maraqlı məzmunu ilə görüşünüzə gəlib. Respublikamızda həyata keçirilən saysız-hesabsız sənət, mədəniyyət, ədəbiyyat hadisələri jurnalın səhifələrində yer alıb və bundan əvvəlki saylarda olduğu kimi yenə də öz əhatəli məzmunu ilə oxucuların maraqlarına cavab verəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsi hələ də bütün beynəlxalq aləmdə böyük rezonansa səbəb olan möhtəşəm ictimai-siyasi hadisənin - Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun doğurduğu əks-səda ilə məzmunludur. Azərbaycan Prezidentinin sərəncamları, bu işdə çəkilən zəhmətlərin dəyərləndirilməsi, hesabatlar, son nəticələr, Bakı Bəyannaməsinin Azərbaycan, ingilis, dillərində mətni, Forumun qonaqları, mədəni proqramların uğurları, digər tədbirlərin zənginliyi - bu ana qədər haqqında söhbət açmağa dəyən hər məqamı oxucuların diqqətinə çatdırılıb. Nəşrdə tədbir haqqında xarici mətbuatda yer alan bir qisim fikirlər də diqqət cəlb edir.
Jurnalın "Tarix" rubrikasında müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Azərbaycan tarixini yazan dahi şəxsiyyət haqında düşüncələr bölüşülüb.
"Nisgilimiz-Qarabağ" rubrikasında böyük ağrımız Laçın və Şuşanın işğalı yad edilib. 2016-cı il aprel döyüşlərinin gənc qəhrəmanı Əbdülməcid Axundov haqqında məqalə dərc edilib.
Bu nömrədə ölməz qəzəlxanımız Əliağa Vahidin həyat yaradıcılığına nəzər salınmış və artıq haqq dünyasına qovuşan Xalq şairi Söhrab Tahirin xatirəsi anılıb, şeirlərinə yer verilib.
Balacaların sevimli məkanı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 85 illik tarixinə də ötəri bir nəzər salınıb.
Bütün bunlarla yanaşı, bu nömrədə oxuculara musiqisevərlər, kinosevərlər, Azərbaycan turizminin Beynəlxalq Termal Şəhərlər layihəsinə uğurla qoşulması və digər məsələlərlə bağlı maraqlı yazılar təqdim edilib.