"Ermənistanda baş verənlərin çevrilişlə nəticələnməsi o qədər də inandırıcı görünmür. Lakin baş verənlər Serj Sarkisyanın yarıtmaz siyasətinin nəticəsidir".
Bu fikirləri politoloq Cümşüd Nuriyev Ermənistanda baş verən son hadisələrlə bağlı deyib.
Onun sözlərinə görə, Ermənistanda polisi əsir götürüb, polkovniki ələ keçirənlərin əsas tələbi dövlət çevrilişinə cəhd adı ilə tutulan Jirayr Səfilyanın azad edilməsidir:
"O, Qarabağ döyüşlərində fəal iştirak edən silahlı dəstə başçısıdır. Son hadisələr göstərir ki, Ermənistanda bu proses davam edə bilər. Ümumiyyətlə, silahlıların hakimiyyətə gəlməsi üçün basqın və terrordan istifadə etmək ermənilərə xas olan məsələdir. Lakin bu hadisələrin coğrafiyası genişlənə bilər. Əgər belə olarsa, o zaman Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər".
Düşmən ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, C.Nuriyev söyləyib ki, Ermənistandakı məlum hadisələr problemin həllinə müsbət təsir edə bilər: "Azərbaycanın Dağlıq Qarabağla bağlı xarici siyasəti artıq dəyişməz müstəviyə keçib. Ölkə prezidentinin münaqişənin həlli istiqamətində apardığı xarici siyasətdə siyasi iradə ortaya qoyması və dönməzliyi problemin müsbət həllinə istiqamətlənib. Ölkə başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində istənilən məsələ müzakirə edilə bilər. Artıq ABŞ-ın dövlət katibi Con Kerri, eləcə də Rusiyanın XİN başçısı Sergey Lavrov da Bakıya səfərindən sonra bu kimi ciddi bəyanatlar verdi. Ermənistanda baş verən istənilən qarşıdurma da Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək. Çünki bu, Ermənistan və Dağlıq Qarabağ klanının bir araya gəlməsinin qarşısını alır. Bu baxımdan düşmən ölkədə baş verənləri müsbət qiymətləndirmək lazımdı. Hazırkı prosesləri münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə xidmət edən siyasi addım hesab etmək olar ".
Ermənistandakı iğtişaşlar Rusiya ilə ssenariləşdirilmiş oyundur. Əsas məqsədləri nəzərdə tutulan sülh danışıqları prosesinə zərbə vurmaqdır". Bunu isə açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, bütün baş verənlər Rusiyanın arqument toplamaq cəhdidir: "Guya iğtişaşçılar sülh danışıqlarına etiraz edirlər, təklif olunan variantlar onların maraqlarına uyğun deyil. Əlbəttə ki, burada Rusiyanın barmağı var. Rusiya Azərbaycana özünə sərf edən sülh variantını qəbul etdirmək istəyir. Əlində isə arqument olaraq Ermənistan tərəfinin etirazını göstərmək niyyətindədir. Ancaq burada kiminsə etirazını yox, beynəlxalq hüququn tələbini əsas götürmək lazımdır. Torpaqlarımız işğal edilib. Ya ərazilərimizdən çıxacaqsınız, ya da müharibə olacaq. Bu oyunların baş verməsinin əsas səbəbkarı bölgədə strateji maraqları olan supergüclərdir".
Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, azərbaycanlıların rəhbərliyi altında ermənilərin yaşaya bilməməsi ilə bağlı uydurmalar Ermənistanın dünyanı işğal faktoru ilə barışdırmaq üçün uydurduğu bəhanədən başqa bir şey deyil. Ölkəmizdə bu gün də ermənilər və digər xalqlar azərbaycanlıların rəhbərliyi altında yaşayırlar və onların təhlükəsizliyi tamamilə təmin olunub. Onların hüquq və azadlıqları Azərbaycan dövləti tərəfindən qorunur və təminat verilir".
O qeyd edib ki, əgər kimsə Azərbaycan dövlətinə qarşı silah qaldırarsa, onunla Azərbaycan vətəndaşı kimi deyil, cinayət törədən şəxs kimi davranılacaq: "Ermənilər də silahı yerə qoyub, Azərbaycan konstitusiyasının prinsiplərinə əməl edəcəklərsə, şübhəsiz ki, onlar da bu ölkənin vətəndaşı kimi yaşayacaqlar, hüquq və azadlıqlarına təminat veriləcək". Siyasi şərhçi bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın və bu ölkənin digər rəsmilərinin işğal altında olan Azərbaycan ərazilərinə tez-tez səfər etməsi bir neçə məqsəd daşıyır: "Onların səfərinin məqsədi aprel hadisələrində məğlubiyyətə uğramış Ermənistan hərbi birləşmələrini ruhlandırmaq və məğlubiyyətin yaratdığı gərginliyi, xofu aradan qaldırmaqdır. Ermənistan rəhbərliyi, həmçinin ölkə cəmiyyətinin diqqətini Dağlıq Qarabağa yönəltmək istəyir. Çünki Dağlıq Qarabağ faktoru Sarkisyan rejiminin özünüqoruma instinktini əvəz edir. Uzun illərdir ki, Sarkisyan və onun yaxınları bu amil üzərində öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Dağlıq Qarabağ Ermənistan hakimiyyətinin kürsüsünü qorumaq üçün bir vasitədir. Bu vasitə isə Azərbaycan tərəfindən istənilən an onların əlindən alına bilər. Dünyada artıq heç kim ermənilərin uydurma bəhanələrinə inanmır. Azərbaycana müxtəlif ölkələrdən səfər edənlər burada multikultural dəyərlərin necə qorunduğunun şahidi olurlar. Azərbaycan multikulturalizmi dünyanın bir çox ölkələrində tədris olunur. Ölkəmizdə birgəyaşayışın bütün prinsipləri təmin olunub. Ermənilərin bəhanələri öz effektini itirib".
PƏRVANƏ