Prezident İlham Əliyev oktyabrın 17-də Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində Erməmistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib.
Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə problemin həlli istiqamətində aparılan danışıqlarda bir sıra məsələlərdə Azərbaycanın Ermənistana kompromislərini açıqlayıb. İlham Əliyev Dağlıq Qarabağda yerli özünüidarəçilik məsələsində güzəştin mümkünlüyündən danışıb: "Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər". Prezident onu da vurğulayıb ki, Dağlıq Qarabağa veriləcək ən yüksək status Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipi çərçivəsində mümkündür.
Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu rəsmi Bakının Ermənistana ən böyük güzəştidir: "Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət" ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: "Muxtar Respublika".
Politoloq qeyd edib ki, Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur: "Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, "Muxtar Respublika" ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. Mənə elə gəlir ki, hakimiyyətin "Muxtar Respublika"nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsi lazımdır. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini ona görə qınayırlar ki, "bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur". Ona görə də "Muxtar Respublika" ilə bağlı təkliflər paketi hazırlanmalıdır".
İlham Əliyevdən müsahibəni "Sputnik" agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayımlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kiselyovun götürdüyünü xatırladan politoloq qeyd edib ki, Kiselyov sıradan bir jurnalist deyil: "Açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Dmitri Kiselyov Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayımlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq fikrimcə, İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılmasının əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər" mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın da maraqlarına cavab vermir".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Cənubi Qafqazın lider dövlətinin rəhbəri kimi İlham Əliyev üçün regionda sabitlik, iqtisadi inkişaf olduqca vacibdir: "Təbii ki, bütün bunların Azərbaycanın maraqlarının qorunması şərtilə olmalıdır".
Politoloqun sözlərinə görə, ölkə başçısı haqlı olaraq qeyd edib ki, Dağlıq Qarabağda nə varsa, Azərbaycana məxsusdur: "Ermənilər bu torpaqlara sonradan gəlib. Azərbaycanlılar isə o torpaqların sahibləridir".
Mərkəz sədri bildirib ki, prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın gedə biləcəyi kompromisləri açıqlayıb: "Dağlıq Qarabağ erməniləri orada yaşayıb inkişaf edə biləcəklər. Azərbaycan Dağlıq Qarabağa investisiya qoyacaq. Bu bölgəyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Muxtar Respublika səviyyəsinə qədər özünüidarəetmə statusu verilə bilər".
M.Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağın dinc yolla Azərbaycana qaytarılacağı təqdirdə Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlıq qurula bilər: "Azərbaycan prezidentinin son vaxtlar verdiyi bəyanatlarında aydın bir istiqamət görünür: "Bu bəyanatlar beynəlxalq ictimaiyyətə mesaj xarakteri daşıyır. Azərbaycan nə sözü varsa, çəkinmədən deyir. Əgər dünya birliyi, ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevin dediklərini əsas götürərək Ermənistanı konstruktiv danışıqlara məcbur edə bilməsələr, o zaman hərbi variant işə düşəcək. Çünki demək olar ki, ermənilər hər gün cəbhə xəttində təxribat törədir, vəziyyəti gərginləşdirməklə məşğul olurlar".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşak tərəfindən bir-birinə zidd açıqlamalar səsləndirilmişdi. Əgər M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərin ola biləcəyini, hətta ətraf rayonlardan 5-nin geri qaytarılma ehtimalının çox yüksək olduğunu bəyan etmişdisə, bunun üzərindən bir neçə saat keçməmiş Y.Uşakov öz açıqlamasında dolayısı ilə belə bir irəliləyişin mümkünlüyünü inkar etmişdi. Lakin sonradan rəsmi Bakının məsələyə bağlı Rusiyanın mövqeyindən narahatlığı Kremlin öz fikirlərində müəyyən korrektələr etməyə vadar edib. Nəticədə, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında münaqişənin nizamlanması istiqamətində Moskva ilə Ankaranın birgə əməkdaşlığının mümkünlüyünü qeyd edib və belə bir fəaliyyətin problemin həllinə mümkün töhfələrindən danışıb.
Ceyhun ABASOV