Yusif Həsənbəyin "Təkan" povesti "Azpoliqraf" nəzşriyyatında çap olunub.
O, birlikdə təhsil aldığımız Azərbaycan Dövlət Pedaqoji İnstitutunda mənim tələbə yoldaşım olub. Qubadan gəlmişdi, boya-başa çatdığı zəngin təbii gözəlliyə malik olan rayonun ab-havası kimi təravətli, yaraşıqlı bir gənc idi. Az müddətdə tələbə yoldaşları ilə olduqca səmimi və mehriban münasibətlər qurmuşdu, hətta bəzən yay aylarında yaxın dostlarını Bakının cansıxıcı istisindən çıxararaq evlərinə qonaq da aparardı.
Müharibədən sonrakı ağır illər idi. Demək olar ki, heç birimizin maddi durumu ürəkaçan deyildi. Bu da bizim təhsildəki nailiyyətlərimizə təsir göstərirdi. Semestr imtahanlarında proqram materiallarının tam mənimsənilməsində müəyyən çətinliklər yaradırdı. Biz bir yerdə hazırlaşır, bir-birimizə təkan verir, təhsildə geri qalmamağa çalışırdıq. Yusif də həmin təkanlara məruz qalanlardan biri idi. Lakin yuxarı kurslarda onun bədii yaradıcılığa olan meyli kəskin surətdə gücləndi, ilk ədəbi nümunələr, lirik şeirlər, kiçik həcimli hekayələr yarandı, qəzet və jurnallarda imzaları görünməyə başladı. Məmməd Araz, Tofiq Bayram, İlyas Tapdıq, Sərdar Əsəd və başqaları kimi gələcəkdə şöhrət qazanacaq şairlərin dəstəsində özünə ləyaqətli yer tutan Yusif, sonralar öz əsərlərinə görə böyük məhəbbətlə qarşılandı, bir çox şeir, poema, yüzlərlə nəğmə, hekayə, novella və səhnə əsərlərinin müəllifi oldu. Yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də şeir kitabları çap olundu, sənət nümunələrilə ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Yusif Həsənbəyin avtobioqrafik səciyyə daşıyan bu povesti birinci şəxsin dilindən təqdim edilir. Əsərin qəhrəmanı onun özüdür, Sədrəddinsə prototipdir.
Povestə verilən ad, xeyli düşündürücü, təbiət hadisələrinin dialektikasını və insan cəmiyyətinin həmahəngliyini doğru əks etdirən fəlsəfi-psixoloji yanaşmanın, dərin düşünülmüş müəllif axtarışlarının müvəffəqiyyətli tapıntısıdır. Bu cəhətdən kitabın lap başlanğıcında verilən çox qısa annatasiya ilə razılaşmaq çətindir - "Yusif Həsənbəyin bu kitabı insan həyatındakı təsadüflərin ilahi zərurət olduğunu anladan bir kitabdır. İnsanın həyatındakı təsadüflər, əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət, bir rəmzdir". Əvvəla, düşünür ki, şüurlu insan həyatını təsadüflərlə əlaqələndirmək və buna ciddi məna vermək, canlı həyat lövhələr ilə və müxtəlif xarakterli insanlarla münasibətlərdə baş verən, heç də təsadüfi xarakter daşımayan, reallıqlara kölgə salır. İkincisi isə aydın məqsəd daşıyan və motivasiyaya malik olan bir fəaliyyəti təsadüflərlə bağlamaq heç "əlamət də", "rəmz də" ola bilməz. Belə yanaşma insanı reallıqdan, mübarizədən çəkindirə, bir növ "Allahdan buyruq, ağzıma quyruq" ehkamına doğru sürükləmək demək olmazmı? Bir sözlə təsadüflər baş versə də onu insan həyatının qanunauyğunluqlarına çevrilməsi nə dərəcədə düzgündür? Elə povestin adı da ona görə belə seçilmişdir - "Təkan". Təkrar qeyd edirik ki, bu məfhumun çoxcəhətli fəlsəfi - psixoloji mənası vardır. Yazıya verdiyimiz başlıq da bu zəruriyyətdən irəli gəlmişdir. İstər təbiətdə, istərdə də cəmiyyətdə təkansız hərəkət yoxdur, hərəkətsə yaşamaqdır. Lakin fərq ondadır ki, təbii təkanlar müdaxilə edilməsi qeyri-mümkün olan dəyişməz qanunauyğunluqlarla bağlıdır. İsti təkan verir, yerdən qalxan hava bulud topaları halında yığışır, ağırlıq təkan verir, buludlar boşalır, yağışlar təkan verir, təbiət yaşıllaşır, çay suları gurlayır...
Cəmiyyətdə də anoloji təkanlar öz sözünü deyir, kortəbiilik, məsuliyyətsizlik, biganəlik, inamsızlıq, qətiyyətsizlik, laqeydlik, təkidsizlik, bədxahlıq və s.lər insanları fəlakətə aparan, ancaq şüurluluq, təşəbbüskarlıq, xeyirxahlıq, qayğıkeşlik, humanistlik, vətənpərvərlik, insanpərvərlik və s. ləyaqətə, alicənablılığa, inama, düşünülmüş məqsədə aparan təkanlar deyilmi?
Göründüyü kimi hər iki qəbildən olan təkanlar müntəzəm olaraq insanların yanı ilə qoşa addımlayır, mənfi fəsadlar və müsbət məramlı ilişgilər yaranır. Əsərin müəllifi də (Sədrəddin) belə təkanlar alır. Hərçənd ki, təkanlar növləşdirildi, lakin etiraf edilməlidir ki, təkanda müsbət mahiyyətlilik daha çox anlaşılan qəbul ediləndir. Povestdə də söhbət məhz həmin mahiyyətli təkandan gedir, ayağa qaldıran, dirçəldən, əlindən tutan, həmdəm olan, özünə qaytaran, inam yaradan, mövqe qazandıran, insanı hər cür möhnətlərdən xilas edən təkandan söhbət gedir. Təkan insanın ağlını oyatmayanda, onun cismini oyatmalıdır. Mərhum yazıçımız Sabir Əhmədlinin təbirincə desək, ağlını oyatmaq mümkün olmayan insanın cismini çalxalamaq lazımdır...
Bakıda musiqi nəşriyyatında redaktor işləyən şair (Sədrəddin) böyük nüfuz sahibidir. Musiqi əsərlərini redaktə edir, bəstəkarlara mahnılar da yazır, pyesləri teatrlarda anşlaqla oynanılır, roman və povestləri əsl ədəbi hadisəyə çevrilir, ədəbi tənqid onun haqqında gen-bol təriflər yazır, ona bahalı restoranlarda qonaqlıqlar verilir, tərifi göylərə qaldırılır, mey-məzə məclisləri müntəzəm olaraq davam edir.
Bir gün nəşriyyat bağlanır, şairin həm maddi, həm də mənəvi tənəzzülü başlayır, əvvəlki nüfuz, hörmət, səlahiyyət, imtiyazlar, xoş münasibətlər əlçatmaz olur, əsl süqut dövrü başlayır, insanlar seyrəkləşir, ondan üz çevirir, görməməzliyə vurur, uzaqlaşır və yadlaşırlar. Ədəbi aləm də özgələşir, əsərlərinin çapı ləngidilir, yaradıcılıq imtiyazlarından məhrum olur. Nəhəng şəhər onun üçün cansıxıcı, bezdirici, hətta nəfəs alması üçün möhnətlər yaradan dözülməz məkana çevrilir. Xoş günlərdə heç də tez-tez yada salmadığı doğma yurdu, ata-ana ocağı ona səs verir, "qayıt, gəl" deyir. Rayonda onu ilk qarşılayanlar uşaqlıq və məktəbli dostları olur. Şair bu qayıdışa böyük ümidlər bəsləyir, geniş qayğı ilə əhatə olunacağına, əvvəlki nüfuzunun qorunacağına böyük ehtiram və hörmətlə əhatə olunacağına inanır. İlk günlər doğrudan da belə olur. Lakin az sonra cansıxıcı, çətin günlər başlanır, işsizlik, kasıbçılıq, onun düşdüyü tənəzzülü daha da dərinləşdirir, ruhi sarsıntılar keçirir, doğma adamlar arasında təklənir, yadlaşır. Özünü dost sayanlar yanından saymazyana keçir, hətta onu görməməzliyə vururlar. Bütün bunlara baxmayaraq, şair özünü sındırmır, şux göstərməyə çalışır. Lakin kələf dolaşmışdı, onu açmaq lazım idi. Bakıya uzaq qohumlarının, vəzifə sahiblərindən birinə zəng edir, ordenli-medallı, kabinetində üç-dörd hökumət telefonları olan, orden, medalların ağırlığından yaxası salxaq gəzən şair dostunu xatırlayır, Anton Pavloviç Çexovun məşhur kəlamını yadına salır, "Ədəbi mühitdən kənarda qalan yazıçı tək qanadlı quşdur. Tək qanadla necə uçmaq olar?" Bütün bunlar heç bir səmərə vermir, əyin-baş tökülür, getdikcə dözülməz vəziyyət yaranırdı, güclü bir təkana ehtiyac yaranmışdı. Bu zaman ərəb Mustafanın intihar edirmiş kimi yaratdığı səhnə onun da diqqətini cəlb edir. Şair bu vəziyyətin reallığına inandığından onun qarasına ittihamlar yağdırır ki, məni də başa salsaydı, ona qoşulub mən də intihara cəhd edərdim. Sonra məlum olur ki, bütün bunlar iş tapmaq üçün ərəb Mustafanın fırıldağından başqa bir şey deyilmiş. Lakin şair tapdanmış yolla gedə bilməzdi, axı intiharın özü də acizlik əlamətidir...
Şair texnikumda oxuduğu illəri xatırlayır. O zaman dram dərnəyinin fəal üzvlərindən biri kimi "Bahar suları", "Vaqif" tamaşalarında oynadığı rollar rəğbətlə qarşılanmışdı. Bir dəfə şəxsən Xalq yazıçısı İlyas Əfəndiyevdən təqdir eşitmişdi. Səhnə əsərində oynadığı ilk rollar həyatında da əsaslı rol oynayır, sonralar incəsənətə bağlanır, onu ədəbiyyata gətirir. Bunlar neçə illər bundan qabaq olmuşdu. İndisə... "Bir zaman fırtına qabağında qayığım puç qoz kimi partlamışdı. Sellərin ağzında çabalayırdım. Bir çöpə, samana güman varsa, o da yoxdu. Üfüqdə bir qığılcım qaynağı görsəydim, deyərdim, ah, nə gözəl orda şəfəq-nizələr daşlara, qayalara çırpılır, orda torpaq var, nicat yaxındadı. Ümidimin gücü ürəyimə təpər verərdi... Dözərdim, üzərdim, çıxardım. Amma indi sanki bir səhra cəhənnəmindəyəm...". Şairin bu ağır, dözülməz günlərində ona güclü bir təkan gərəkdi, elə bir təkan ki, bütün maneələri yox etsin, onu özünə qaytarsın, inamsızlığı yox etsin, gələcək üçün perspektivlər açsın. Bu təkan elə bir insandan olmalı idi ki, onu bir daha sarsıtmaq mümkün olmasın. Bu, yazıçı İlyas Əfəndiyevin özü və onunla baş tutmuş görüş oldu...
İlyas Əfəndiyev oğlu Timuçinlə kurortdan Bakıya qayıdırdılar, bacısı Məhbubə xanım Qubada yaşadığından hər dəfə bir neçə gün də burada qalardı. Bu dəfə də o, Qubada şairi görür və dərhal tanıyır. Şairin görkəmi ona çox şey deyirdi. Ədib onun bu kökə düşməyinin səbəbini xatırlayır, vaxtı ilə içkiyə qurşandığını da bilirdi. Ancaq sevindirici hal o idi ki, şair öz səhvlərini etiraf edir. "- Sədrəddin, - deyirdi, İlyas müəllim, - sən mənim güvəndiyim dağlara qar yağdırmısan. Amma mən səni qırılmağa qoymayacağam, istedadlı şairsən, axı sən sənətkarsan, xalqın məhəbbətini qazanıb millətin adına şərəf verməkdi vəzifən..."
Yazıçının bu sözlərindən elə bil ki, şairin simasında şirin bir göynərti yarandı. Yazıçını hövsələdən çıxaran şairin düşkünlüyü, miskinliyi idi. O, şairə müraciətlə: " - Sən buraları yaxşı tanıyırsan, bir az harda dincələk yaxşı-yaxşı?" - deyir.
Şair düşünəndə ki, evlərində üz ağarda bilməyəcək, anası ağır xəstə, qardaşını işdən çıxarıblar, elə bil ki, başına qaynar qazan boşaltdılar. Bu yükün altından necə çıxacağını düşünür, "günüm pis yerdə axşam oldu, - deyir. İlyas müəllimin qulluğunda günlər nədi, həftələrlə durmağa hazır idi. Ona görə yox ki, kitablarını plana saldırıb, Moskva qurultayına nümayəndə seçdirib. Ona görə ki, sözübütöv, haqqın tərəfində duran, bu yolda canından keçməyə hazır olan adam idi, gənclərdən öz qayğısını heç bir zaman əsirgəməzdi.
Onlar "Qəşləş" bulağına tərəf istiqamət götürürlər. Y.Həsənbəyin təbiətə vurğunluğu, ona olan məhəbbəti, yüksək sənətkarlıqla təsvir etdiyi ayrı-ayrı lövhələr, onu bu gözəlliklərə bağlılığının ecazkar qüdrətini necə də yüksək orijinallıqla nümayiş etdirir. "Asfalt yolun sağında və solundakı çinarlar gəmi göyərtəsində cərgəyə düzülmüş ağ-yaşıl köynəkli matrosları xatırladırdı... İri gövdəli palıd, qovaq ağaclarının enli yarpaqlı budaqları üst-üstə təpilir, günəşin şəfəqləri bu təbii talvarın üstündə əriyib itir, meşə qaranlıqlaşırdı. Palıd qozaları təkərlərin altında tir tüfənginin patronları kimi şaqqıldayırdı...", "Uzaqda ortası yəhər kimi çökək, yanlarda iki qaşı ağaran Şahdağ görünürdü". "Dərəni dolduran soyuq, saf hava adamı uzaqdan vururdu. Göyümtül səmasındakı çiçək zolağı tül pərdə kimi titrəşirdi..." və digər belə yüksək sənətkarlıqla təqdim olunan təsvirlərin sayını çox artırmaq olar. Lakin bunlar da kifayətdir ki, Yusif Həsənbəyin təbiət portretləri yaratmaq sayəsində göstərdiyi yüksək ustalığı təkrar-təkrar qiymətləndirəsən.
Görkəmli ədib İlyas Əfəndiyevin buralarda görünməsi, zəhmətkeş insanların əmək şəraiti, quruculuq əməlləri ilə maraqlanması, əsərlərinin geniş kütlə içərisində yayılması və oxucuların diqqətini cəlb etməsi, rayon rəhbərliyinin ona olan sonsuz ehtiramı, hər yerdə onun böyük sevgi ilə qarşılanması şair Sədrəddini də dərin düşüncələrə qərq edib, əzab içində boğan narahatçılıqdan, maddi imkansızlığın məngənəsindən xilas edir, hamı yazıçıya halal süfrə açır, bir parça çörəyə qonaq edir.
Dənizçi kapitan, qara qoç gətirən Şahnaz xanım, Xaçmazın prokuroru, Sumqayıtdan gələn zavod direktoru və başqaları İlyas müəllimə olan hörmət və məhəbbətlərini ifadə edirlər. Quba səfəri başa çatdıqdan sonra şair də Xalq yazıçısı ilə birlikdə Bakıya qayıdır. Bu görüş ona elə bir güclü təkan olur ki, şair Sədrəddin özünə qayıdır, inamı bərpa olunur, onu yeni-yeni yaradıcılıq zirvələrinə səsləyir, çox güclü bir təkanla hərəkətə gəlir...
Tomas İSMAYILOV
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent