|
|
|
|
Noyabrın 4-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Florensiya "Luigi Cherubini" Musiqi Konservatoriyasının birgə konserti təşkil edilib.
Romanın məşhur "Palazzo della Cancelleria" sarayında keçirilən tədbirdə İtaliyanın müxtəlif dövlət qurumlarının nümayəndələri, Senat və Deputatlar Palatasının üzvləri, diplomatik korpusun, iqtisadi, elmi-akademik dairələrin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, xarici siyasəti, İtaliya ilə əməkdaşlığı, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışıb.
Daha sonra çıxış edən İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divina Azərbaycanın multikulturalizm ənənələri, ölkəmizin regionda oynadığı önəmli rolundan bəhs edib, Azərbaycan-İtaliya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini bildirib.
Konsertdə azərbaycanlı pianoçu, Xalq artisti Yeganə Axundova və skripkaçı, Xalq artisti Zəhra Quliyeva, italiyalı tenor Leonardo De Lisi və violançelist Pierluici Rucciero tərəfindən məşhur italyan və Azərbaycan bəstəkarlarının əsərlərinin ifası auditoriya tərəfindən maraqla qarşılanıb. Tenor Leonardo De Lisinin Üzeyir Hacıbəylinin "Sevgili-canan" romansını ifa etməsi isə tamaşaçıların xüsusi marağına səbəb olub.
Ceyhun ABASOV