|
|
|
|
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “İnvest Gagauzia” II Beynəlxalq İnvestisiya Forumunda iştirak məqsədilə 5-6 noyabr 2016-cı il tarixində Moldovada səfərdə olub.
Forumda Moldova baş naziri Pavel Filip, Türkiyə baş nazirinin müavini Toğrul Türkeş, Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.
Səfər çərçivəsində G.Əfəndiyeva ilə İ.Vlax arasında görüş keçirilib.
G.Əfəndiyeva rəhbərlik etdiyi fondun məqsəd və fəaliyyəti barədə məlumat verib, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirib.
O, qaqauzların türk dünyasının önəmli bir parçası olduğunu vurğulayaraq qaqauz dilinin, adət və ənənələrinin, mədəni irsinin qorunmasının vacibliyini qeyd edib.
İ.Vlax öz növbəsində fondla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və gələcək əməkdaşlığa inandığını bilib.
Görüş zamanı əməkdaşlığın perspektivləri qarşılıqlı şəkildə müzakirə edilib, qaqauzların tarixi-mədəni irsinin mühafizəsi və təşviqi məqsədilə ortaq layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.