Noyabrın 28-də Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarını açıqlayıb.
Bu qərarda ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Ümumiyyətlə, qeyd olunmalıdır ki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Differensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda tariflərin differensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Differensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək. Differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.
Həmçinin, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan başqa, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.
Mövzu ilə bağlı münasibətini bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib ki, Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı qərarları zamanın tələbinə uyğun şəkildə qəbul edilib. Verilən qərarlar sadə vətəndaşlar üçün deyil, əsasən kommersiya şirkətləri üçün qəbul edilib. O bildirib ki, tariflərin tənzimlənməsi ilə bağlı qərarlar orada qeyd olunduğu kimi qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib: "Çünki adi insanlar qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmir. Bu rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq. Çünki yalnız böyük müəssisələr daha çox qaz və enerjidən istifadə edir. Burada əhali heç bir fərq hiss etməyəcək". Millət vəkilinin sözlərinə görə, Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək: "Belə ki, bu qərarlar əsasında sadə vətəndaşların ödənişi ilə kommersiya şirkətlərinin ödənişi arasında fərq olacaq".
İqtisadçı ekspert Ceyhun Xəlilzadə isə hesab edir ki, Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb. O qeyd edib ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir: "Tarif Şurasının qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində fərq yaradacaq. Bu da sosial ədalət prinsipini təmin edəcək. Hər bir ailə üçün 1500 kubmetr qaz bəs edir. Ancaq ticarət və istehsalat müəssisələrində daha çox qaz sərf edilir. Hazırda "kombi" sistemləri quraşdırılıb ki, bu da aşağı təzyiqlə işləməklə yanaşı, qaza çox qənaətcildir. Qərarda isə bildirilir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisinin pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Tarif Şurasının qərarları elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Bu qərarlar, eyni zamanda elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmaya və izafi istehlakın qarşısının alınmasına müsbət təsir göstərəcək".
Ekspert Arzu Nağıyev isə deyib ki, Tarif Şurasının son qərarı ilə differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadəsi, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, hər kəs öz gəlirinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəsin: "Bu qərar ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunal xidmətlərin müvafiq bölünməsindən ibarətdir. Differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək". Ekspert əlavə edib ki, hökümətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Millət vəkili Tahir Rzayev isə "Trend"ə bildirib ki, Tarif Şurasının qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur: "Bu qərar daha böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub. Əgər kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir".
T.Rzayev deyib ki, Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verilir: "Küçələrə çıxırsan, nə qədər işıq yanır, rayonlara gedirsən, səhər açılıb, amma qapıda işıqlar yanır, küçələrdə işıqlar yanır. Ümumiyyətlə, qənaət olunmalıdır. Yox, əgər kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən".
Millət vəkili Aydın Hüseynov qeyd edib ki, Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək: "Orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir. Yəni, tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".
Deputat deyib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".
A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən, tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".
Deputat Elman Nəsirov isə hesab edir ki, tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub: "Tarif Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb. Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma, eyni zamanda reallıqlar da var".
E.Nəsirov bildirib ki, Tarif Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.
PƏRVANƏ