Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.
Tədbirdə İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, eləcə də orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbiri açıq elan edən M. Səlimzadə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışıb.
N. Orucov isə qeyd edib ki, ordu quruculu sahəsində aparılan davamlı işlər nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərinə görə “Regionun ən qüdrətli ordusu” statusunu qazanıb.
M. Vəliyev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə güclənməsi ilə nəticələnib.
E. Həsənli isə çıxışında qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirdiyi işlər milli düşüncəli gənc nəslin formalaşmasına müsbət təsir edir.
Qeyd edək ki, tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Ceyhun ABASOV